Fazil Məmmədovun "təmizləmə əməliyyatı"nın pərdəarxası
10:31 05-08-2015
İQTİSADİYYAT
Fazil Məmmədovun "təmizləmə əməliyyatı"nın pərdəarxası
Vergilər Nazirliyindəki "vurulmalar" nəyi dəyişəcək?
Vergilər naziri Fazil Məmmədov rəhbərlik etdiyi qurumdakı bir sıra vəzifəli şəxslərlə vidalaşıb. Belə ki, Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması məqsədilə Vergilər Nazirliyi Aparatının, nazirlik yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər departamentləri və idarələrinin strukturunda müəyyən dəyişikliklər edilib. Bu barədə Fazil Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.
"Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqlar üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər departamentləri və idarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısı tərəfindən verilmiş göstərişlərin icra vəziyyəti müzakirə edilib, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb" - bu barədə Məmmədovun nazirliyindən yayılan açıqlamada bildirilir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergi sistemi ilə bağlı sərt tənqidi fikirlər söyləyib. Dövlət rəhbəri bildirib ki, ölkədə vergivermə mədəniyyəti tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Prezident əlavə edib ki, Vergilər Nazirliyi Bakıda və rayonlarda haqq qoyur, pay istəyir, "krışalıq" edir: "Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar".
Bundan sonra Fazil Məmmədov ciddi şəkildə hərəkətə keçib. Bir neçə gün əvvəl o kollegiya iclası keçirib və ölkə başçısının vurğuladığı neqativ halları aradan qaldırmaq üçün hərəkətə başlayıb. Öncə kollegiya iclası keçirən F. Məmmədov iclasdakı çıxışında prezidentin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirən nazir neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
İndi isə nazir artıq nazirlikdəki bir sıra kadrların "təmizlənməsinə" start verib. Belə görünür ki, bütün bu addımlar Fazil Məmmədovun düşdüyü durumun ağırlığının fərqində olması ilə əlaqəlidir. O, Vergilər Nazirliyi barədə cəmiyyətdə formalaşmış mənfi təəssüratları əhəmiyyətli şəkildə azaltmaqla özünü sığortalamağa çalışır. Çünki ekspertlərin bir qismi ölkə başçısının kəskin iradlarının vergilər naziri Fazil Məmmədov üçün "həyəcan siqnalı" olduğu qənaətindədirlər. Onların fikrincə, uzun müddətdir bu postu tutan Məmmədovun kreslosuna ciddi təhlükə yaranıb və ölkə başçısının iradlarından nəticə çıxarılmazsa, bu, vergilər nazirinin vəzifəsi ilə vidalaşmasına gətirib çıxara bilər.
Bəzi mütəxəssislər isə bu fikirdədir ki, Vergilər Nazirliyində hansısa kadrları işdən çıxarmaqla ümumi vəziyyəti dəyişmək ağlabatan deyil. Hesab olunur ki, Fazil Məmmədovun rəhbərlik etdiyi qurumda daha köklü dəyişikliklər aparılmalıdır. Bildirilir ki, yalnız bu halda Vergilər Nazirliyinə qarşı ictimai rəydəki mənfi rəyi dəyişmək mümkündür.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05