Hüquq müdafiəçiləri Mingəçevir şəhər Polis Şöbəsində monitorinq keçirdi
11:32 28-08-2015
CƏMİYYƏT
Elçin Behbudov: "Monitorinqlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət olunacaq"
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, müavini Elçin Şirinov və köməkçisi Nizamədin Rüstəmov Mingəçevir şəhər Polis Şöbəsində monitorinq keçiriblər.
Bu barədə məlumat verən E. Behbudov bildirib ki, monitorinqin əsas məqsədi bir müddət əvvəl Polis Şöbəsində özünü pəncərədən ataraq intihar etmiş Bəhruz Hacıyevin məsələsini araşdırmaqdan ibarət olub: "Bİz Mingəçevirdə olan zaman Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev, əmiləri - Gündüz Hacıyev və Səməd Səmədovla görüşdük. Onlar bildirdilər ki, əməliyyatçı Şahlar Şahlarzadə Bəhruzu otaqda tək qoymamalı idi. Onlardan soruşdum ki, meyitin üzərində hər hansı qançır izi var idimi? Bildirdilər ki, qançır izi yox idi. Lakin boynu qırılmışdı və başı yaralanmışdı. Bu da onun üçüncü mərtəbədən özünü atması nəticəsində yaranıb. Bundan başqa, bildirdilər ki, dalağının üzərində nöqtə formasında izlər var idi. Bunun nədən yarandığını bilmək istəyirlər. Bəhruz Hacıyevin qohumları onun qol saatı və mobil telefonun da itdiyini dedilər. Bundan sonra biz hadisə ilə bağlı saxlanılan əməliyyatçı Şahlar Şahlarzadə ilə görüşmək istədik. Lakin o, Gəncə şəhər 2 saylı İstintaq təcridxanasına köçürüldüyü üçün görüşümüz alınmadı" .
E. Behbudov şöbənin rəisi Ələsgər Bədəlovla da görüşdüklərini deyib: "Ələsgər Bədəlov bildirdi ki, Bəhruz Hacıyevin şöbəyə gəlişi kameralara düşüb. O, sakit şəkildə şöbəyə daxil olur, 6-7 dəqiqədən sonra isə özünü pəncərədən atır. Ələsgər Bədəlov onu da bildirdi ki, şöbədə elektroşok cihazları var. Lakin onlar möhürlü şəkildə bağlı yerdə saxlanılır. Həmin məsələni prokurorluq əməkdaşları da yoxlayıblar. Ələsgər Bədəlov onu da bildirdi ki, Bəhruz Hacıyevin qol saatı və mobil telefonu istintaq orqanındadır, maddi sübut kimi götürülüb. İstintaq başa çatdıqdan sonra ailəsinə təhvil veriləcək" .
Hüquq müdafiəçisi iş üzrə istintaqı aparan Respublika Prokurorluğunun müstəntiqi Qurban Səfərovla isə telefon əlaqəsi yaratdıqlarını qeyd edib: "Qurban Səfərov bildirdi ki, Şahların günahı ondan ibarət olub ki, Bəhruzu otaqda tək qoyub, hal şahidi dəvət edib şübhəli şəxsin üzərinə baxış keçirməyib və vəkil dəvət etməyib. Dalağın üzərində nöqtə kimi izlərin olması isə ekspertiza qarşısında sual kimi qoyulub. Ekspertizanın rəyindən sonra onun nədən yarandığı məlum olacaq" .
E. Behbudov Polis Şöbəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirdiklərini söyləyib: "Orada 21 nəfər saxlanılır. Onlardan 16-sı məlum hadisə ilə bağlı saxlanılan şəxslərdir. 10 sutkadan 20 sutkaya qədər inzibati qaydada azadlıqdan məhrum ediliblər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən qətiyyən şikayətləri yoxdur".
E. Behbudov monitorinqlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini də bildirib: "Xahiş edəcəyəm ki, bu cür halların qarşısını almaq üçün polis şöbələrində olan dindirmə otaqlarının pəncərələrinə dəmir barmaqlıqlar vurulsun".
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22