İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirak edəcəklər.

"Unikal" xəbər verir ki, həmin tələbələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin də iştirak edib.

Yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq. 

Nazir müavini Azərbaycanın rəqəmsal sahənin modernləşdirilməsi məqsədilə bir sıra vacib təşəbbüslər həyata keçirdiyini deyib. Həmçinin bildirib ki, ölkədə rəqəmsal inkişafı dəstəkləmək, süni intellekt sahəsində irəliləyişə təkan vermək və Azərbaycanın qlobal süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək məqsədilə 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib. Bundan əlavə, süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılır. 

Gələcəkdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə Təlim Mərkəzinin yaradılması üzrə əməkdaşlıq təklif olunub. 

Xatırladaq ki, “Huawei” şirkətinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığı çərçivəsində indiyədək bir sıra uğurlu layihələr həyata keçirilib. Buraya azərbaycanlı tələbə və mütəxəssislərin Çində təlimlərdə iştirakı, “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramı çərçivəsində innovativ layihələrin və startapların maliyyələşdirilməsi daxildir.