İki nazirin qərarı aranı qarışdırdı
11:33 28-08-2015
CƏMİYYƏT
Azərbaycan apteklərindən dərmanlar niyə qəhətə çəkilir?
Ölkə başçısının iradından sonra dərman bazarındakı xaotik vəziyyətin qaydaya salınması, daha 800-dən çox dərmanın qiymətinin ucuzlaşması barədə qərar açıqlandı.
Bu dəfəki siyahıda adları olan pereparatların təxminən dörddə biri 3 dəfə ucuzlaşıb. Bu, Tarif (qiymət) Şurasının ikinci qərarıdır. Yaxın 20 gündə qüvvəyə minəcək qiymət siyasətiylə bağlı artıq indidən apteklərdə vəziyyət dəyişib. Apteklərdə dərman qıtlığı müşahidə edilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurası tərəfindən bundan əvvəl qiyməti endirilən 250-dən çox dərman vasitəsinin siyahısına daha 801 preparatın adı əlavə edilib.
Böyük sosial əhəmiyyət kəsb edən bu proses sentyabrın 15-nə qədər dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox dərman vasitəsinin hər birinə şamil ediləcək. Belə ki, hazırda təsdiqlənən qiymətlər ümumilikdə qeydiyyata alınan dərman vasitələrinin təqribən 15 faizini təşkil edir. Bundan sonra da həmin tərkibdə dövlət qeydiyyatına alınan dərman vasitələri yalnız onlar üçün qiymətlər təsdiq edildikdən sonra satıla bilər.
Artıq dərmanların siyahısının yer aldığı cədvəl bütün apteklərə göndərilib. Apteklərdə isə məsələ ilə bağlı bir qədər anlaşılmazlıq var. Çünki qiyməti tənzimlənən preparatları rəflərdə tapmaq olmur. Artıq bir müddətdir ki, əlində resept olan xəstə nə aşağı, nə də yuxarı qiymətə adı siyahıda yer alan dərmanı ala bilmir. Bəs bunun səbəbi nədir? "Cədvəldə yer alan bütün dərmanlar geri qaytarılıb, satışda yoxdur. Əvvəl siyahıda olan dərmanların sayı 200, 600 və daha sonra 800 olduğuna görə ola bisin ki, bunun sayı artsın. Bu səbəbdən Tarif Şurası bütün dərman siyahılarını təsdiqləyənədək biz bütün adları sadalanan dərmanları geri qaytarmışıq. Siyahı tam deyiləndən sonra sentyabrın 15-dən sonra yeni qiymətlərlə həmin dərmanı alıb yenidən ucuz satışa başlayacağıq", - deyə əczaçı Xəyalə Behbudova bildirib.
Sadalanan səbəbdən apteklərdə tapılmayan dərmanlar daha bir məsələni açıq saxlayır. Sentyabrın 15-nə qədər bu və ya digər preparata ehtiyacı olan xəstə neyləməlidir? Bu suala cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər ki, Azərbaycanda dərman qıtlığından söhbət gedə bilməz. Sadəcə, qiyməti tənzimlənən dərman vasitələrinin yeni qiymətlərinin qablaşdırmanın üzərində çap edilməsi üçün onlar geri yığılıb. Bu müddət ərzində həkim məsləhətilə həmin pereparatların əvəzləyicisi istifadə edilə bilər.
Qeyd edək ki, ötən həftə Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Anlaşmaya əsasən dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq. Bildirildiyinə görə, yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.
Bunun nə qədər real olacağını zaman göstərəcək. Hələliksə onu deyək ki, dərmanların qiyməti ilə bağlı iki nazirliyin birgə işi apteklərdə qıtlıq yaradıb. Bunun əziyyətini isə xəstələr və onların yaxınları çəkmək məcburiyyətindədir.
O.Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22