Vətəndaş cəmiyyətimizin beynəlxalq səviyyədə dəyərləndirilməsi
10:05 09-09-2015
KRİMİNAL
Azay Quliyev: "QHT-lər gərək ictimai davranışın tənzimlənməsində öncül sırada olsunlar"
Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması məsələsi artıq elə həddə çatıb ki, bu bir nümunəyə çevrilib və beynəlxalq güclər, təşkilatlar tərəfindən də öyrənilməyə başlanılıb.
Elə bunun nəticəsidir ki, Azərbaycanda hər il parlaq vətəndaş cəmiyyəti üzvləri nüfuzlu təşkilatların üzvləri seçilir, fəxri səfirlər kimi fəaliyyət dairələrini genişləndirirlər. Sözsüz ki, bütün bunların baş verməsində hökümətin böyük səyləri var və bu işlər əsasən prezident İlham Əliyevin KİVDF və Prezdeint yanında QHT-lərə Yardım Fondunun yaradılması ilə bağlı sərancamlar verməsindən sonra başladı. Məhz bundan sonra QHT-lər daha da aktivləşdilər və onların əsas missiyası vətəndaş cəmiyyətinin formalaşması, maarifləndirilməsi və təşkilatlanması oldu.
Bununla bağlı fondun rəhbəri Azay Quliyev də açıqlama verərək ictimaiyyətlə QHT-lərin tarazlaşdırılmış münasibətlərinə diqqət ayırmışdı. Azay Quliyev bildirmişdi ki, burada ictimaiyyətin rolu çox önəmlidir, QHT-lər gərək ictimai davranışın tənzimlənməsində öncül sırada olsunlar. Biz hər il iki dəfə layihələrin qəbulu ilə bağlı müsabiqə elan edirik. Demək olar ki, hər müsabiqədə ictimai davranış problemlərini, milli vətənpərvərlik məsələlərini, bir sözlə ictimai əhəmiyyət kəsb edən bütün mövzuları QHT-lərin ixtiyarına veririk. Əlbəttə, biz onlardan çox maraqlı layihələr də alırıq və onları maliyyələşdiririk. Amma məndən soruşsanız ki, daxil olan bütün təkliflər tam olaraq sizi qane edirmi? Birmənalı şəkildə müsbət cavab vermək mümkün deyil . Ona görə ki, QHT-lərdən daha innovativ təkliflər gözləyirik və onlar verilən vəsaiti daha səmərəli və məhsuldar şəkildə xərcləməlidirlər.
İctimai davranış, mədəniyyət məsələsi, insanlarda milli ruhun daim yüksək tutulması çox önəmlidir. Ona görə də həmişə QHT-lərə çağırışımız odur ki, siz yeniliklərlə çıxış edin, yeni ideyalar təklif edin. Elə bir hal olmayıb ki, hər hansı bir QHT-nin kifayət qədər əsaslandırılmış təklifi, innovativ yanaşması olsun, biz ondan imtina edək.
Biz hamımız örnəyik, nümunəyik, bizə baxan gənc nəsil, uşaqlar var. Bunlar hamısı bizdən örnək götürməlidirlər. Biz bu örnəyi ictimai nəqliyyatda, ictimai yerlərdə göstərməliyik. Əgər biz suyu içib qabını yerə atsaq, bizə baxan uşaqlar, gənclər bizdən nə nümunə götürə bilərlər? Biz unutmamalıyıq ki, bir vətəndaş olaraq bu cəmiyyətin ayrılmaz hissəsiyik. Heç vaxt deməyək ki, biz etməsək, guya nə olacaq? Bu laqeydlik yalnış bir sindromdur. Və bütün bunlar prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı verdiyi sərəncamlardan, tapşırıqlardan sonra oldu.
Bu günlərdə isə Azərbaycanda vətəndaş cəmiyyətinin, daha doğrusu bu sistemin formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Fondu növbəti uğura imza atdı. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Heydər Əliyev Fondunun vitse-prezidenti Mehriban Əliyevanı təşkilatın xoşməramlı səfiri təyin etdi. Bu barədə təşkilatın resursların səfərbər edilməsi və donorlarla əlaqələr üzrə rəhbəri Nadin Valat bildirib.
Onun sözlərinə görə, FAO 2015-ci il sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti və FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanı təşkilatın baş ofisində qəbul etmək şərəfinə nail olub. Leyla Əliyeva 2015-ci il mayın 25-də FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Bakıya səfəri zamanı təşkilatın xoşməramlı səfiri elan olunmuşdu. Səfər zamanı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla birlikdə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Bürosunun yaradılması üzrə saziş imzalanmışdı.
Nadin Valat bildirir ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür və həmin tarixdən etibarən davamlı tərəfdaşlıq inkişaf edib: "FAO 1999-cu ildə Azərbaycanın məcburi köçkünlərinə təcili köməyin göstərilməsi üzrə Niderlandın maliyyələşdirdiyi ilk layihəsini həyata keçirib. Son 20 il ərzində ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərə kömək edilməsi üzrə bir neçə digər layihə reallaşdırılıb. Bu layihələr sırasına "quş qripi"nə nəzarət və onun aradan qaldırılması proqramları, eləcə də akvamədəniyyətin inkişafının dəstəklənməsi, köhnəlmiş pestisidlərin utilizasiyası, arıçılığın inkişafına dəstək, kənd təsərrüfatının qorunması və kənd qadınlarına dəstək üzrə layihələr daxildir".
FAO nümayəndəsi qeyd edir ki, iqtisadiyyatı çiçəklənən Azərbaycan beynəlxalq yardımı qəbul edən ölkə kimi statusunun dəyişdirilməsi üçün bu yaxınlarda birtərəfli qaydada konkret addımlar atıb: "Ölkə ilkin olaraq Azərbaycanda olmaqla gələcəkdə regionun digər ölkələrinə və onun hüdudlarından kənardakı ölkələrə dəstək vermək imkanı ilə layihələr üçün tərəfdaş olmaq niyyətini bəyan edib".
Müəllif vurğulayır ki, FAO bazar iqtisadiyyatı formalaşan və orta səviyyəli gəlirləri olan ölkələr kimi yeni tərəfdaşları yüksək qiymətləndirir, çünki onlar beynəlxalq inkişaf arenasında əsas oyunçulardır və FAO-nun tərəfdaşlığın resurs bazasının şaxələndirilməsi üzrə səylərinə töhfə verə bilərlər. Belə ki, onlar Cənub əməkdaşlığı və üçtərəfli əməkdaşlıq vasitəsilə digər ölkələrlə ərzaq təhlükəsizliyi probleminin aradan qaldırılması üçün daha az imtiyazlı ölkələr tərəfindən uğurla tətbiq edilə biləcək təcrübə və biliklərini bölüşə bilərlər.
2015-ci il mayın 25-də FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı imzalanıb. Proqram FAO-nun Bakıdakı Tərəfdaşlıq Bürosu tərəfindən həyata keçiriləcək. 5 il ərzində 10 milyon dollar vəsaitin yatırılmasını nəzərdə tutan yeni Tərəfdaşlıq Proqramı ilkin mərhələdə ölkə proqramları çərçivəsində Azərbaycan hökuməti və FAO-nun müəyyənləşdirdiyi prioritet sahələrə dəstək verilməsinə köklənəcək. Bura heyvanların sağlamlığı və bitkilərin qorunması, o cümlədən heyvanların transsərhəd yerdəyişməsi və bitkilərin xəstəliyi ilə mübarizə, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə qoyulan investisiyalara dəstək və kənd rayonlarının inkişafı, təkmilləşdirilmiş kənd təsərrüfatı bitkiləri, balıqçılıq və heyvandarlığa dəstək və davamlı və səmərəli meşə təsərrüfatının inkişafı, torpaq və su resurslarının idarə edilməsi, potensialın, o cümlədən kənd təsərrüfatı təhsilinin, tədqiqatların inkişafı, eləcə də kənd təsərrüfatı və kənd rayonlarının inkişafı üçün siyasətin və institusional çərçivələrin genişləndirilməsi və möhkəmləndirilməsi daxildir.
FAO xoşməramlı səfir proqramına 1999-cu ildə başlayıb və o vaxtdan Karl Lyuis (atlet), Raul Bova (aktyor), Selin Dion (müğənni), Kraliça Letisiya (İspaniya) kimi dünya şöhrətli şəxsiyyətlər FAO-nun missiyasında xidmət edərək onu geniş ictimaiyyətə tanıtdırır, həmçinin FAO və onun mandatı adına çıxış edirlər. Növbəti dekabr ayında Tərəflərin Konfransı (COP21) iqlim dəyişikliyi məsələlərinin həlli üzrə yığıncaq keçirəcək. İqlim dəyişikliyinin milyonlarla insanın həyatına və onların ərzaq təhlükəsizliyinə böyük təsiri var. Dünyada daimi əsasda aclığı tam aradan qaldırmaq üçün texnologiyalar və imkanlar mövcuddur.
Vadim Valat bildirir: "FAO hesab edir ki, təşkilatın xoşməramlı səfirlərinin dəstəyi ilə bu müraciəti bundan sonra da yaya və hamını inandıra bilər ki, aclığın qarşısını almaq arzu deyil, həyatımız boyu görə biləcəyimiz konkret imkandır".
Qeyd olunur ki, Leyla Əliyeva kimi şəxsiyyətlər unikal əqidə gücünə malikdirlər və onların müraciəti milyonlarla insan tərəfindən eşidilə bilər: "Biz inanırıq ki, Leyla Əliyeva Azərbaycanda vəsaitlərin cəlb olunması üzrə böyük tədbirlərdə iştirak etməklə və FAO-nun fəaliyyəti barədə məlumat yaymaqla təşkilata uğurla kömək edəcək. Onun məşhurluğu yerli KİV-ləri regionda FAO-nun işinə cəlb edə və aclığa qarşı mübarizə barədə məlumatlılığı artıra bilər. Leyla Əliyeva Azərbaycan və regionda insanları FAO-nun layihələri və bu layihələrin nəticələri barədə məlumatlandıra bilər".
FAO son illər ümumilikdə özəl sektor və xüsusilə də fondlar olmaqla digər əsas maraqlı tərəflərlə tərəfdaşlığının spektrini genişləndirir.
Müəllif yazıda həmçinin bildirir ki, Heydər Əliyev Fondu çox məşhur təşkilatdır və Azərbaycanda inkişaf sahəsində fəaliyyəti, xüsusilə də qadınların gəlirlərinin generasiya edilməsinə və ətraf mühitin qorunmasına istiqamətlənmiş fəaliyyəti dəstəkləyir. FAO ümid edir ki, yaxın gələcəkdə Fondla tərəfdaşlığı inkişaf etdirmək mümkün olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə FAO və Heydər Əliyev Fondu kənd təsərrüfatında inkişaf və kəndin inkişafı sahəsində fəaliyyət barədə bilik və məlumatların mübadiləsi vasitəsilə səylərini uğurla birləşdirə və birlikdə aclıqdan xilas olan daha yaxşı dünya qura bilərlər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16