İran hakimiyyətinə sərt ittiham
Rəsmi Tehran ölkəni Çinə satıb?
İran İslam Respublikasındakı hakimiyyəti mövcud rejimin ömrünü bəlkə də əbədiyyətədək uzatmaq məqsədi ilə hətta "şeytanla belə sövdələşməyə" hazır görünür.
Bəlli olduğu kimi 33 ildir bu İran dünyadakı ciddi iqtisadi, siyasi qurumlarda təmsil olunmur. Ona görə də özünə beynəlxalq sistemdə etirablı tərəfkeş axtarır.
Belə qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). İran bu qurumun həqiq üzvü deyil. O, təşkilatın toplantılarına müşahidəçi statusu ilə qatılır. ŞƏT-in aparıcı üzvlərindən biri Rusiya, digəri isə Çindir. Rusiyanın həm də Qərbə meyilləndiyini, daha doğrusu rusiyalıların avropalılığını nəzər alsaq, Tehranın beynəlxalq arenada güc kimi Çinə daha çox arxalanmaq istədiyi son illərin olaylarından, İran - Çin iqtisadi əlaqələrindən də görünməkdədir.
Bu ilin iyununda Pekində ŞƏT-in növbəti toplantısının keçiriləcəyi gözlənilir. Həmin yığıncağa qatılmaq üçün İran prezidenti Mahmud Əhmədinejadın da səfəri planlaşdırılıb. Çin Xalq Respublikasının başçısı Xu Tsintao ilə Tehranın atom-nüvə proqrammı ətrafında yaranmış problemi də onun müzakirə edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, ŞƏT bölgə üzrə təhlükəsizlik təşkilatıdır. Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan quruma daxildir.
İlginc hesabat
Bu səfər öncəsi "İran səbz" ("Yaşıl İran", 2009-cu ilin prezident seçkisindən sonra yaranmış "yaşılllar hərəkatı" bağlı araşdırma mərkəzi) ekspertlər qrupunun yaydığı bir hesabat diqqətimizi çəkdi. Həmin yazıdan bir sıra mətləbləri diqqətinizə çatdırırıq.
Hesabat görə, Çin və İran dövlətləri arasında imzalanmış gizli müqaviləyə əsasən İranda ölkənin 8 hava limanında, o cümlədən Təbriz, Şiraz, Kirman, Bəndərabbas və Tehrandakı İmam Xomeyni adına hava lmanları da, beynəlxalq yüklərin daşınmasına nəzarət və ona rəhbərlik imtiyazları 25 il müddətinə Çin şirkətlər birliyinə verilib. Bundan başqa çinlilər 25 il müddətinə Körfəz və Oman dənizi hövzəsindəki İranın cənub limanlarına malların idxalına rəhbərlik edəcək. Həmin anlaşma çərçivəsində İran dövləti ölkənin dəmir yol şəbəkəsini 3 ölkənin ərazisindən keçmək şərtilə Çin dövlətinin dəmir yol şəbəkəsinə birləşdirməyi öz öhdəsinə götürür.
Bu şəbəkə isə əməli olaraq, çinlilərin dünya bazarlarında mütləq dominantlıq strategiyasını təmin edəcək. Əslində bu öhdəliklər İranın Şanxay Paktına daxil olması çərçivəsində göstərdiyi səylər nəticəsində qəbul edəcəyi imtiyazlar toplusunun bir hissəsidir.
"İpək dəmiryolu"nun sirri
"İran səbz" ekspertlərinin hesabatına görə, bu imtiyazların verilməsi barədə prinsipial razılıq hələ 2010-cu ilin avqust-sentyabr ayında İranın o zamankı yol və yüklərin daşınması naziri Bəhbəhaninin imzası ilə təsdiqlənmişdi. Ondan sonra da İranın yol, iqtisadiyyat nazirləri və İslam İnqilabı keşikçiləri Qvardiyasının komandiri ilə Çinin uyğun dövlət məmurları arasında bir sıra görüşlər keçirilib.
Onda Çin tərəfi bu müqavilənin imzalanmasını İran dəmiryolu şəbəkəsinin Türkmənistan, Özbəkistan və Qazaxıstandan keçməklə ölkəsinə birləşdirilməsi barədə razılığın əsası kimi qəbul etdi. Rəsmi Pekin bu layihəni "ipək dəmiryolu" adlandırır. Sözügedən sənəddə diqqəti çəkən əsas məsələlərdən biri ondan ibarətdir ki, İran tərəfi dəmiryolu xəttinin çəkilişində xərclərin böyük bir hissəsini öz üzərinə götürüb. Daha maraqlısı budur ki, bu əzəmətli layihədə dəmiryol xətti boyu və stansiyalarda olan bütün binaların tikintisini Çin şirkətlər qrupu icra edəcək. İslam Respublikasının şirkətləri bu əməliyyatlarda iştirak etməyəcək və onlardan faydalanmayacaqdır.
"İran səbz" ekspertlərinin hesabatına görə, adıçəkilən dəmiryol xəttinin Qazaxıstan ərazisində tikintisi üçün lazım olan məbləğ 8,5 mlrd. dollar təşkil edir. Onun yalnız 700 mln. dollarını (8,24%-ni) Çin, qalan hissəsini (91,76%-ni) İran, Özbəkistan ərazisində bu layihənin həyata keçirilməsi üçün lazım olan 2,3 mlrd. dolların 400 mln. dolları (17,4%-i) Çin, qalan hissəsi isə (82,6%-i) İran tərəfindən ödəniləcək.
Türkmənistan ərazisində isə dəmiryol xətti və bu yol boyunca stansiya binaları və digər bütün binaların tikintisi, tamamilə İran tərəfindən dövlət büdcəsi hesabına ödəniləcək.
Sövdələşmədə Vəkil faktı
İran hakimiyyəti belə bir təklif də verib - əgər Qırğızıstan tərəfi bu layihəyə qoşulmaq istəyərsə, bu ölkənin ərazisində tikintilər üçün lazım olan 1,1 mlrd. dollar məbləğində xərclərin 50 faizini ödəməli olacaq, qalan hissəni İran tərəfi öz öhdəsinə götürür.
Layihəni araşdırmaq məqsədi ilə keçən il ərzində İran hakimiyyətinin yüksək çinli məmurları Çin rəsmiləri ilə görüşlərini davam etdirib. Həmin görüşdə ayətulla Xameneyinin dəftərxanasının təyin etdiyi nümayəndə Əsədulla Əsgərövladi və Bəhaəddin Hüseyni-Haşimi və "Xatəmülənbiya"nın qərargahından isə Cəfəri Çin hakimiyyətinə bu layihənin icrasının mümkünlüyünü bildiriblər.
Sonda qərara alınıb ki, bu müqavilənin icrası müddətində hava, dəniz limanlarında və dəmiryol stansiyalarında Çinə lazım olan yanacaq İran tərəfindən onlara dövlət qiymətinə verilsin. Vəkili adlı bir şəxsi də bu böyük nəqliyyat şəbəkəsi sistemində İran hakimiyyəti tərəfindən çinliləri yanacaqla təmin etmək məsələləri üzrə məsul təyin edilib.
Qarşılıqlı olaraq rəsmi Pekin də ötən il ərzində çox diqqətlə, Çin dövlətinin mənafeyini tamamilə nəzərə almaqla, 300 səhifədən ibarət müqavilə hazırlayaraq, İran hakimiyyətinin yüksək vəzifəli şəxslərinə təqdim edib. Bu müqavilə ötən həftə, Şanxay Əməkdaşlıq Təşkilatının keçirilməsi nəzərdə tutulmuş iclasından öncə imzalanıb.
Qeyd-şərtsiz
Çin dominantlığı
Mütəxəssislərin fikrincə, bu sənədin icrası İran gömrüyünün idxal və ixrac məsələlərinə nəzarət işini xeyli dərəcədə azaldacaq. Eyni zamanda İranın daxili iqtisadiyyatı və xarici ticarəti üzərində qvardiyanın və çinlilərin qeyd-şərtsiz dominantlığını təmin edəcək.
1982-ci ildən bəri özünün infrastruktur obyektlərindən istifadə imtiyazlarını xaricilərin öhdəsinə qoyan Nigeriyadan savayı indiyə kimi belə bir xüsusiyyətlərlə müqavilə imzalayan rejim olmayıb. 2035-ci ilə kimi qüvvədə olacaq adıçəkilən sənədin şərtlərinə uyğun olaraq, yalnız 2025-ci ildə rəsmi Çin bir il öncə İran tərəfini xəbərdar etməklə bu müqaviləni ləğv edə bilər.
Bundan başqa İranda siyasi və ictimai reaksiyalardan yan keçmək məqsədilə hər iki tərəf razılığa gəlib ki, gələn ilin martın 21-nə kimi İranın hava, dəniz limanlarından və dəmiryolu xətlərindən istifadə imtiyazları tədricən çinlilərə verilsin.
İran Milli Təhlükəsizlik Şurasının katibi və qvardiyanın komandanı ayətulla Xameneyinin diqqətini bu müqavilənin imzalanmasına cəlb etmək üçün bu müddət ərzində təkidlə qeyd ediblər ki, çinlilərlə müştərək nəqliyyat şəbəkəsinin yaradılması, icbari şəkildə imtiyazların onlara verilməsi strateji bir aktdır. Elə bu səbəbdən də ölkənin ali liderinin dəftərxanası siyasi və təhlükəsizlik baxımından bu sənədin çapını qadağan etməklə yanaşı, onun parlamentdə müzakirə və təsdiqinə ehtiyac olmadığını bildirib.
Müqavilədə nələr var?
Çinlilər bu müqavilənin şərtlərinə uyğun olaraq, öhdələrinə götürmüşlər ki, özlərinin dəniz və hava limanlarında, eləcə də dəmiryolundakı fəaliyyətlərindən əldə etdikləri gəlirin 30 faizini, ildə 4 mlrd. dollardan az olmamaq şərtilə, həmin məqsədlə qvardiyaya bağlı yaradılmış 2 şirkətin bank hesabına köçürsünlər. Bunun qarşılığında isə Çin Konsersumu İranın nəqliyyat şəbəkəsindən əldə etdiyi 70 faiz ticarət gəlirlərindən əlavə İranın digər dünya dövlətlərilə iqtisadi əməkdaşlığı çərçivəsində şəriksiz bir rola malik olacaq.
Çinlilərə dəniz və hava limanları, ölkənin dəmiryol şəbəkəsi vasitəsilə həyata keçirilən idxal-ixrac əməliyyatlarına rəhbərlik imtiyazları vermiş müqavilənin İran tərəfində qvardiyanın əsas qüvvə olduğu üçün qərara alınıb ki, bu böyük layihənin təhlükəsizlik məsələlərini təmin etmək məqsədilə, komandan Əhməd Haqqtələbin məsləhəti ilə ölkənin hava limanlarında həmin hərbi qurumun komandirləri, Çin Konsersiumunda isə "Xatəmülənbiya" qərargahı qüvvələrindən bir qismi çinlilərin aldığı əmək haqqının 50 faizi məbləğində maaş almaqla müşavir sifətilə işə qəbul edilsinlər. Onların əmək haqqı isə İran tərəfindən ödənilsin.
Çinlilər hazırda əməli olaraq İranın xarici ticarətinə rəhbərlik məsələlərini öz öhdələrinə götürmək məqsədilə Sinqapur, İngiltərə, Fransa və başqa dövlətlərdə ofislərini yaradırlar.
Hesabatda İran
hakimiyyətinə sərt ittiham
"İran səbz"çilər son olaraq bunları bildirib: "İran və Çin arasında imzalanmış 300 səhifədən ibarət bu biabırçı müqavilə onu göstərir ki, İran İslam Respublikasının hakimiyyətinin İrana və iranlılara baxışları səhrada sahibsiz qalan böyük bir karvana hücum edən quldur və qaniçənin baxışları ilə eynidir. Örnək kimi, bu müqavilənin əməli olaraq İrandakı rejimlə Çin qarşısındakı öhdəliklərini təyin edən yalnız bir maddəni göstərmək kifayətdir: "Şanxay Paktına üzv olmaq xatirinə, İran dəniz donanması gəmilərinin təmiri və bərpası barədə İngiltərə, Cənubi Koreya və Hindistan şirkətləri ilə bağlanmış müqavilələr ləğv edilir və bu məsuliyyət birbaşa Çin şirkətlərinə həvalə edilir".
Yaxud ölkənin 11 Su Elektrik Stansiyasının təmiri və yenidən qurulması barədə tenderə qoyulmuş müqavilə oradan çıxarılaraq birbaşa Çin Konsersiumuna həvalə edilib.
Sənəd və sübutlar onu deməyə əsas verir ki, milli mənafeyə edilən bütün bu xəyanətlər çinlilərin bu mənafelərə yetişmək xatirinə hər cür xərcə hazır olduqları bir məqamda və zamanda baş verir. 1998-ci fevralın 7-də Çin dövləti elan etmişdi ki, əgər Avropa ilə yerlə nəqliyyat əlaqələrində strateji halqalardan birinə malik ola bilməzsə, o, iqtisadi baxımdan əbədi qüdrətli bir dövlətə çevrilə bilməyəcək. Onda Çin Kommunist Partiyasının rəhbəri demişdi ki, yükdaşıma sahəsində Avropaya kimi sürətli bir dəmiryolu şəbəkəsinin yaradılması xatirinə milyardlarla yuan xərc etməyə dəyər.
Çinlilər ucuz qiymətə enerji mənbələrini əldə etmək məsələsini də özlərinin strateji planları çərçivəsində qarşıya məqsəd qoymuşlar ki, bu yolla ucuz qiymətə malların istehsalına və dünya bazarında hegemonluğuna nail olsunlar. Çin lideri hesab edir ki, onun ölkəsi 2020-ci ildə bu hədəfə yetişə bilər, ancaq İran hakim dairələrinin qeyri-konstruktiv mövqeyi nəticəsində bu ölkənin xarici siyasətindəki böhranlı və iqtisadiyyatındakı hazırkı pərakəndə vəziyyət, çinlilərin dünya birliyində hədəflərinə daha tez bir zaman kəsiyində yetişmək arzularını gerçəkləşdirə bilər. İran hakimiyyəti isə xəstə iqtisadiyyat kisəsindən xərcləməklə günü-gündən özünün istehsal və ticarət bazarlarından gələn gəlirləri azaldır.
Çin dövləti İranın neft, qaz bazarında özünün son, uzunmüddətli hegemonluğunu təmin etməsinin ardınca bu halı İranın dəniz və hava limanlarında və dəmiryolları şəbəkəsində də təsbit edir, bununla da, İranın bir-birinə dəymiş bazarından özünün mutant və qloballaşan iqtisadiyyatı üçün maksimum dərəcədə faydalana bilir.
Rəsmi Pekin İslam Respublikası ilə yeni viranedici əlaqələrinə "Asiya-Avropa körpüsü" adı verməklə İranı daimi olaraq, Çinə bağlamaq, ondan asılı vəziyyətə salmaq kimi strateji bir planı siyasətində ağırlıq mərkəzi kimi görür. Baş verənlərdən belə görünür ki, rəsmi Pekin İran hakim dairələrinin tədbirsiz və xəyanətkar siyasəti kölgəsində ölkənin milli mənafeyini məhv edənədək bu siyasəti davam etdirəcək".
Sədrəddin Soltan
Digər Xəbərlər
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07