Bu gün dünyada vətəndaş cəmiyyətlərinin yaranması və bu cəmiyyətlərin dövlətin onurğa sütunu olması ilə bağlı səslənən fikirlər özünü doğrultmaqdadır. Belə ki, Qərb dünyası Azərbaycana müxtəlif yollarla təzyiqlər etməkdə, ölkədə sabitliyi pozmaq üçün ən iyrənc yollara əl atmaqdadırlar. Amma atılan addımlar özünü doğrultmur və bəzi Qərb təşkilatları daha da aqressivləşərək siyasi etiket qaydalarını belə pozmağa başlayırlar. Azərbaycan hakimiyyəti isə atılan hər addıma adekvat cavab verir və demək olar ki, Avropa parlamentinə siyasi dərs belə keçdi. Belə bir prosesin baş verməsi və Azərbaycan tərəfinin bu qədər sərt əks-cavab verməsinin tək bir səbəbi var. Səbəb isə budur ki, hakimiyyət öz xalqına inanır və bu inamın başında duran əsas məsələ vətəndaş cəmiyyətinin aktivliyidir. Bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti bütün gücü ilə hakimiyyətin yanındadır və dövlətçiliyimiz üçün yarana biləcək istənilən təhlükəyə sinə gərməyə hazırdırlar. Amma çox maraqlıdır ki, biz bu prosesi Ermənistanda görə bilmirik və son zamanlar baş verənlər bir daha sübut edir ki, Ermənistan hakimiyyəti öz vətəndaşlarını sıradan çıxartmaqda, vətəndaş cəmiyyətini isə birdəfəlik dəfn etməkdədir. Belə olmasaydı Ermənsitanda siyasi hərəkat liderlərindən biri ölkəsindən qaçaraq Azərbaycana sığınmazdı. Bu sığınmaya isə Azərbaycan rəsmilərinin baxışı maraqlı oldu. "Ermənistan rəhbərliyinin siyasətə aidiyyəti olmayan ermənilərin belə başına açdığı oyunu hamı görür".
Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" ictimai birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, V. Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir.
B. Səfərov deyib ki, erməni pənahının yalnız Azərbaycan xalqında olduğunu görüb: "Erməninin Azərbaycana əl uzatması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz".
B. Səfərov qeyd edib ki, erməninin açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir.
Amma gəlin bu məqamda Ermənistanın vətəndaş cəmiyyətinin bir üzvü olan şəxsin dediklərinə diqqət ayıraq.
V.Martirosyan bildirib ki, onun məqsədi Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sərkisyanın cinayətkar rejiminə çəkməkdir. Onun sözlərinə görə, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər. Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sərkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu. Ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağını itirdi. Anama təzyiqlər başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı".
Erməni mühacir daha sonra Ermənistanda baş verən hadisələrdən danışıb: "İrəvanda 5 minə yaxın insan elektrik enerjisi qiymətinin qalxmasına etiraz olaraq Baqramyan prospektini bağladı, bir müddət orda qaldı. Onların çoxunu tanıyıram, heç bir yerdə işləmirdilər. İndi bahalı maşınlar alıblar. Bahalı restoranlara gedirlər. Bizdə müxalifət yoxdur. Sonuncu müxalifət 2008-ci ilin martında özünü göstərdi, qalanı cib müxalifətidir" - deyə V.Martirosyan əlavə edib.
V.Martirosyanın sözlərinə görə, Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir. Xüsusi ilə də yaşlı nəsil: "Onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək. Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğin yarısı Xaçaturyanın cibinə getməsə, o, həmin gecə yatmayacaq".
Erməni mühacirin sözlərinə görə, Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir. Hüquq müdafiəçisi qeyd edib ki, dəfələrlə Dağlıq Qarabağda olub. "Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlərdir", - deyə o bildirib.
"Vaan Martirosyanın Azərbaycana keçməsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan nə qədər tolerant ölkədir".
Bu sözləri isə mətbuat konfransında iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, bu ailəyə qapılarını açıb: "Gürcüstandan yaxın dostlarım olan hüquq müdafiəçiləri mənə müraciət etdilər ki, Vaan Martirosyanın ailəsi pis vəziyyətə düşüb, Serj Sərkisyanın adamları onun ailəsini döyüb, həyat yoldaşı Karina övladını itirib. Onlar Azərbaycandan daimi yaşayış hüququ istəyirlər. Bu çağırışa tək cavab verə bilməzdim. Milli Məclisin deputatı Azay Quliyevlə görüşdüm. Onun səyi nəticəsində müsbət cavab aldıq".
Sonda isə Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən imzalanan birgə bəyanatda jurnalistlərə təqdim olundu. Həmin bəyanatda deyilir: "Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə İrəvanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən "Milli Azadlıq Hərəkatı" vətəndaş təşəbbüsünün rəhbəri olaraq Serj Sərkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalmışıq. Nəhayət, 12 avqust tarixində Serj Sərkisyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sərkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır".
Bu deyilənlər sübut edir ki, Artıq Ermənistanda vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında ciddi uçurum yaranıb və bu uçrum daha da dərinləşəcək. Hətta hazırda belə fikirlər səslənir ki, Ermənistandan Azərbaycana axın daha da artacaq. Çünki Ermənistan faktiki olaraq həm dövlətçiliyini itirib, həm də vətəndaş cəmiyyətindən məhrum olub.
E.Əliyev
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16