Oliqarxlarımızın çirkli pulları haqqında sensasion gəlişmə
10:16 08-10-2015
CƏMİYYƏT
Azərbaycanda xeyli vaxtdır müzakirə mövzusu olan maliyyə amnistiyası məsələsi "arxivə" göndərildi
Maliyyə amnistiyasının tətbiqi Azərbaycanda real sayılmır. Bu barədə rəsmi açıqlama dünən gəldi. Xatırladaq ki, maliyyə aministiyası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Bu addımı isə əsasən yeni bazar iqtisadiyyatına keçən ölkələr atır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur.
Dövlətlərin bu vasitəyə əl atmasının məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır. Məsələn, qonşu Rusiya maliyyə amnistiyasına qərar verib.
Uzun müddətdir bu mövzu Azərbaycanda da müzakirə olunur. Hətta bu barədə qanun layihəsi hazırlandığı da bildirilirdi. Amma maliyyə naziri Samir Şərifov bu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin.
Maliyyə naziri bildirib ki, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da bir çox öhdəliklər üzərinə götürüb. Konvesiyada müəyyən olunmuş müddəları aşan şəxslər və ya təşkilatlara qarşı Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edir.
Qeyd edək ki, təxminən bir il öncə Mlli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov yaxın vaxtlarda Azərbaycanda maliyyə amnistiyası olacağını bildirmişdi. Deputat demişdi ki, hətta bununla bağlı xüsusi qərar layihəsi hazırlanır. "Maliyyə amnistiyasının elan olunması gündəmdədir. Hətta bu yaxınlarda vergilər naziri Fazil Məmmədov da belə bir bəyanat verdi ki, xarici ölkələrdəki maliyyənin Azərbaycana gətirilməsi üçün maliyyə amnistiyası həyata keçiriləcək. Təbii ki, burada söhbət qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir".
Konkret rəqəmlər söyləyə bilməyəcəyini deyən V. Əhmədov xaricə vəsait aparan, Azərbaycandan kənarda investisiya layihələri həyata keçirənlərin kifayət qədər olduğunu bildirmişdi: "İri şirkətlər Azərbaycanda işləyir, pul qazanırlar. Həmin şirkətlərin rəhbəri kifayət qədər gəlir əldə edir, lakin vəsaitlərini Azərbaycandan kənarda xərcləyirlər. İstəyirik ki, Azərbaycanda qazanılan gəlir, Azərbaycanın daxilində qalsın".
Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparıldığını hələ ötən ilin fevralında vergilər naziri Fazil Məmmədov da bəyan etmişdi. O demişdi ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz. Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
Həmin vaxt bəzi KİV-lər iddia edirdilər ki, hakimiyyət artıq bəzi məmur-oliqarxların korrupsiyasını, çirkli biznesini və bu prosesdən əldə olunan qara pulların bir hissəsinin hansısa formada ölkədəki siyasi proseslərə yönləndirilməsini durdurmağa çalışır. Maliyyə amnistiyası çərçivəsində atılacaq addımlar da həm məmur-oliqarxların çirkli biznesinə, həm də onların siyasətdə iştirakına "Stop" qoyulmasına hesablanıb.
Ekspertlərin fikrincə isə, maliyyə amnistiyasının tətbiqi hər il dövlət büdcəsinə milyardlarla dollar daxil olmasına imkan verər. Üstəlik bu leqallaşdırma Gürcüstan, Rusiya və digər ölkələrdə olduğu kimi müəyyən dərəcə ilə vergiyə cəlb olunmaqla həyata keçirilsə, bu gəlirləri daha da artırmaq mümkün idi.
Həmçinin maliyyə amnistiyası həyata keçirilsəydi, onun daha uğurlu olması üçün bu, təkcə gizli iqtisadiyyatdakı dövriyyəni deyil, eyni zamanda qanunsuz yollarla əldə edilmiş əmlakı da əhatə etməli idi. Həmçinin bura ölkədən xaricə çıxarılmış kapitalın repatriasiyası və azərbaycanlıların xaricdə gizli yollarla əldə etdikləri vəsaitlərin ölkəmizdə leqallaşdırılmasını da əlavə etmək olardı.
Bir sözlə, gözlənilən o idi ki, Azərbaycanda artıq bəzi oliqarxların qaranlıq biznesinin önünə sədd çəkilməsinə az qalır, yəni onların illərlə qaranlıq yollar vasitəsilə yığdıqları milyonlar artıq dövlət xəzinəsinə transfer olunacaq. Bu isə, ekspertlərin də qeyd etdiyi kimi, neft gəlirlərinin azaldığı, hökumətin dövlət investisiya proqramlarını azaltmağı düşündüyü bir dövrdə vəsait çatışmazlığı problemini minimuma sala, büdcənin investisiya yükünü azalda bilərdi.
Amma göründüyü kimi, hökumət belə bir addım atmaq niyyətindən daşınıb. Bu isə o deməkdir ki, oliqarxların çirkli pulları yenə də özlərində qalacaq. İtirən isə dövlətin xəzinəsi və xalqın cibi olacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18