AZAL-ın durumu üçün təhlükəli tendensiyalar gözlənilir
09:42 10-10-2015
CƏMİYYƏT
Ekspert hesab edir ki, maliyyə axınları ciddi nəzarət altına alınmazsa, bu mühüm nəqliyyat sahəsində vəziyyət daha da ağırlaşacaq
Bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov "Azərbaycan Hava Yolları" QSC-nin özəlləşdirilməsinə qarşı olduğunu açıqladı. "Dövlət aviaşirkətlərinin özəlləşdirilməsi məqsədəuyğun deyil" deyə Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deputatların suallarını cavablandırarkən demişdi.
Nazir daha sonra bildirib: "Məsələn, ABŞ-da özəl aviaşirkətlər daim müflis olur. Nəticədə hökumət onlara sərmayə qoymağa məcbur olur. Bundan sonra onların vəziyyəti yaxşılaşır. Kiçik ölkələrin təcrübəsinə gəlincə, əksər hallarda bu ölkələrdə aviaşirkətlər bu və ya digər yolla hökumətdən subsidiyalar alırlar".
Nazir buna misal qismində Yunanıstanın 20-30 ildir özəlləşdirilməsinə cəhd edilən "Olympic Air" aviaşirkətini göstərib. Bu istiqamətdə hələ heç bir nəticə yoxdur. S.Şərifov Rusiyanın bu yaxınlarda müflis olan "Transaero" özəl avişirkətini də xatırladıb. Şirkətin borcları 4 milyard dolları ötürdü. O, qeyd edib: "Biz bu məsələyə ehtiyatla yanaşmalıyıq. Aviadaşımalar sektoru o qədər həssasdır ki, əgər özəl şirkətlər bu sahədə xidmətləri düzgün göstərməsə, hökumət müdaxilə etmək məcburiyyətində qalacaq".
Maraqlı burasıdır ki, eyni iclasda Şərifov bəyan edib ki, Azərbaycan hökuməti "Azerenerji" ASC-nin özəlləşdirilməsi üçün lazımi tədbirlər görür. Nazir bildirib ki, vaxtilə ölkənin paylayıcı şəbəkələri özəl şirkətlərə idarəetməyə verilsə də, nəticə uğursuz olub. Buna görə də, şəbəkələr hökumətin mülkiyyətinə qaytarılıb. Onun sözlərinə görə, paylayıcı şəbəkələrin vəziyyəti elə də yaxşı olmayıb və onların bərpası üçün investisiya qoyulmalı idi: "İnvestorlar isə xeyriyyə təşkilatı deyil. Onlar qoyduqları pulu çıxarmaq və mənfəət əldə etmək istəyirlər. Bu isə yalnız tariflərin artırılması hesabına mümkündür. Amma hökumət buna getməyəcək. Paylayıcı şəbəkələrin özəlləşdirilməsi hökumətin tarif siyasətinin normal olub-olmamasından asılıdır". Samir Şərifovun sözlərinə görə, hələ ki, hökumət paylayıcı şəbəkələrin özəlləşdirilməsinə hazır olmasa da, Bakıda və regiondakı şəbəkələrin vəziyyətini yaxşılaşdıra bilib.
Maraqlıdır, Samir Şərifovun bu ikili standartı haradan irəli gəlir: o niyə AZAL-ın özəlləşdirilməsinə qarşı çıxsa da, "Azərenerji" ilə bağlı fərqli fikir səsləndirir? Axı Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin gəlir göstəriciləri Etibar Pirverdiyevin sədri olduğu ASC-nin maliyyə göstəricilərindən qətiyyən fərqlənmir. Yəni o da ziyanla işləyir və sürətlə borclanır.
Məsələn, bir neçə gün əvvəl iqtisadçı-ekspert Nemət Əliyev Rusiyanın 2-ci böyük aviaşirkətinin müflis olması barədə xəbəri şərh edərkən AZAL-la balı da ilginc məqamlara toxunmuşdu. O özünün facebook səhifəsində AZAL-ın eyni təhlükə ilə üzləşə biləcəyindən yazmışdı: "Günlərin birində "Azərbaycan Hava Yollarının" iflas xəbərini eşitsəniz təəccüblənməyin, əziz dostlar! Bir-necə gün əvvəl Rusiyanın 2-ci böyük hava yolu şirkəti "Transaero"nun iflas xəbərini, yəqin ki, çoxlarınız eşidibsiniz. Bu şirkət 300 milyard rubl zərər edib, 85 milyard rubl borcunu ödəyə bilməyib. Hələ neft gəlirlərinin yüksək olduğu dövrdə ölkənin nəqliyyat sistemində, o cümlədən "Azərbaycan Hava Yolları"nda baş verənlər ciddi narahatçılıq üçün əsas verir. Məlumatların təhlili göstərir ki, "Azərbaycan Hava Yolları" ilə sərnişin daşıma xidməti 1999-2014-ci illərin hər bir ilini zərərlə başa vurub. Ziyanın məbləği 1999-cu ildə 6,6 milyon manat olubsa, bu məbləğ 2004-cü ildə 14,4 milyon manata, 2006-cı ildə 36,2 milyon manata, 2010-cu ildə 120 milyon manata yüksəlib. Zərərin məbləği üst-üstə 534 milyon manata çatıb. Baxmayaraq ki, bu müddətdə sərnişin müştərilərin sayı 2,6 dəfədən çox artaraq 697 min nəfərdən 1 milyon 788 min nəfərə qədər yüksəlib. Dünyanın ad çıxarmış hava yolu şirkətlərini biletlərin bahalığına görə geridə buraxan "Azərbaycan Hava Yolları", bəs hansı səbəblərdən bu qədər zərərə gedib? Sizcə, bunun ağlabatan izahını tapmaq mümkündürmü? Axı, buna nə ad vermək olar? Daha dözülməzi odur ki, zərərli fəaliyyətin uzun müddət ərzində dönə-dönə təkrarlanması Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Hesablama Palatasının rəhbərliklərini hərəkətə gətirə bilməyib. Belə çıxır ki, baş verən biabırçılıqlara göz yummaq daha önəmli sayılıb. Qeyd edilən dövrdə "Azərbaycan Hava Yolları"na 1 milyard 574 milyon manat investisiya da yatırılıb. Deməli, milyard yarımdan çox kapital yatırımı yarım milyarddan çox ziyanla müşayiət olunub. Ölkəmizin gəlirlərinin kəskin şəkildə azaldığı indiki zamanda bu sahədəki yarıtmaz idarəçiliyə son verilməzsə, maliyyə axınları ciddi nəzarət altına alınmazsa bu mühüm nəqliyyat sahəsində vəziyyətin daha da ağırlaşacağını təsəvvür etmək elə də çətin deyil".
Göründüyü kimi, AZAL-ın durumu bir o qədər də ürəkaçana oxşamır və perspektiv üçün təhlükəli tendensiyalar gözləniləndir. Belədə isə maliyyə naziri məntiqlə "Azərbaycan Hava Yolları"nın da özəlləşdirilməsinin tərəfdarı kimi çıxış etməli idi. Bəs Samir Şərifovu "Azərenerji" ilə müqayisədə "AZAL"a qarşı fərqli standartdan çıxış etməyə sövq edən nədir? Bunun konkret səbəb və ya səbəbləri maraq doğurur, hansı ki, onları dəqiq demək çətindir.
Amma ola bilər ki, hakimiyyət dxilindəki əvvəlki nüfuzunu və təsir imkanlarını itirən Etibar Pirverdiyevlə müqayisədə Cahangir Əsgərovun hələ ki, müəyyən mövqelərini qoruyub saxlaması Şərifovu ehtiyatlandırır. Elə bu səbəbdən də o "Azərenerji"yə rəva gördüyü özəlləşdirməni "Azərbaycan Hava Yollar"ı ilə bağlı istisna edir. Belə bir "ikili standart" həm də hökumət daxilində qrup maraqlarının hələ də güclü şəkildə davam etdiyinin göstəricisidir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18