Leyla Əliyevanın təşkilatı narahat oldu
10:20 13-10-2015
CƏMİYYƏT
IDEA təşkilatı Azərbaycanda nəsli kəsilməkdə olan bəbirin öldürülməsinə etiraz etdi
Baş Prokurorluq Azərbaycanda Qırmızı Kitaba düşən heyvanı öldürən şəxslə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, oktyabrın 8-də saat 22 radələrində Astara rayonunun Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bir ədəd bəbiri öldürüb. Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.
IDEA təşkilatı Azərbaycanda nəsli kəsilməkdə olan bəbirin öldürülməsindən narahatdır. Oktyabrın 9-da Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və Fərəcov Səməd Yaqub oğluDövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib.
Natiq Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.
Dünya faunasının nadir incisi hesab olunan Qafqaz bəbirləri Azərbaycan Respublikasının Qırmızı Kitabı və Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin Qırmızı Siyahısına daxil edilib. Qanunsuz ovlanma və təbii yaşayış arealının pisləşməsi səbəbindən bu nadir heyvan növünün sayı son on illiklərdə kəskin şəkildə azalıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində ölkəmizdə 6 Qafqaz bəbirinin yaşadığı məlum olub.
Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib, onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafizəsi barədə ictimaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub. Əhali arasında maarifləndirmə istiqamətində IDEA tərəfindən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi həyata keçirilib. Bu layihənin həyata keçirilməsində məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayanları bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etmək olub. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün - ayı, canavar, ceyran, qartal və bəbirin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində tədbirlər həyata keçirilib.
Bununla belə biznes və tamah maraqlarından irəli gələrək bu nəsli kəsilməkdə olan heyvanları ovlamaq niyyətində olanlar hələ də var. Bu baxımdan IDEA İctimai Birliyi Azərbaycanın endem və nəsli kəsilməkdə olan heyvan növünün öldürülməsi faktı ilə bağlı ciddi narahatlığını bildirir.
Qeyd edək ki, 2009-cu ildə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinin gücləndirilməsinə dair milli fəaliyyət planı qəbul edib. Bəbirlərin yaşayış məskənlərində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi artırılıb. Bəbirlərin ovlanmasına qadağa tətbiq edilib və milli qanunvericiliyimizdə bu heyvan növlərinin öldürülməsinə görə nəzərdə tutulan inzibati məsuliyyət sərtləşdirilib. Azərbaycan Respublikasının qanunvericiliyində bəbirlərin öldürülməsinə görə iri həcmli maliyyə cəriməsi ilə yanaşı, cinayət məsuliyyəti də müəyyən edilib.
Amma təəssüf ki, təbii irsimizin məhvi hesabına maddi mənfəət əldə etmək axtarışında olan bəzi məsuliyyətsiz şəxslər yox olma təhlükəsi altındakı bəbirləri belə öldürməkdən çəkinmirlər. Bütün görülən tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi vətəndaşları təbiətin ölkəmizə bəxş etdiyi zəngin bioloji müxtəlifliyini və endem fauna növlərini qorumağa, nəsli kəsilməkdə olan heyvanların məhvinə yönəlik əməllərlə mübarizə məqsədi ilə qanunsuz faktlar barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmağa çağırır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18