Ziya Məmmədov ətrafında həbslər başladı
10:21 13-10-2015
CƏMİYYƏT
Nazirin qardaşı oğlunun müəmmalı həbsinin təfərrüatları
Nəqliyyat naziri Ziya Məmmədovun çökdürülməsi prosesinin getdiyi haqda məlumat vermişdik. Artıq onun başlıca səlahiyyətləri digər dövlət qurumları arasında bölüşdürülüb, prosesin bundan sonra da kəskin formada davam edəcəyi isə istisna deyil.
Xatırladaq ki, "Unikal" qəzeti olaraq hələ bir müddət öncə prosesin hətta həbslərə qədər inkişaf edə biləcəyi haqda ehtimal irəli sürmüşdük. Baş verənlər isə bu ehtimalın kifayət qədər real olduğunu ortaya qoydu. Hər halda Ziya Məmmədovun qardaşı oğlu, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbsi də məhz bu "vurulma dalğasının" növbəti epizodu sayılmalıdır.
Məlum olduğu kimi, oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar"ın yanındakı "Nar" kafesini xüsusi təyinatlılar mühasirəyə alıb, içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlərin daha sonra MCQMİ-yə (bandotdel) aparıldığı haqda məlumatlar yayılıb.
Ötən gün isə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb. Qeyd edək ki, "Qafqazinfo"nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün "Nar Cafe"yə baş çəkib və təfərrüatları öyrənməyə çalışıb. Araşdırmalar nəticəsində məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə oktyabrın 11-də belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar.
Baş vermiş həbsin səbəblərinə gəlincə isə kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Dünən iş gününün sonlarına yaxın isə məlum olub ki, Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur. Nərimanov Rayon Məhkəməsindən də faktı təsdiqləyərək bildiriblər ki, "Bandotdel" tərəfindən saxlanılan və sanskiya ilə məhkəmə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.
Məsələnin digər maraqlı tərəflərindən biri isə hadisədən sonra Milli Məclisin deputatı Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) oğlu Aynar Məmmədovun həbs olunması ilə bağlı yayılan məlumatları təkzib etməsi olub. Gəlin, bu "təkzib ustası"nın dediklərinə diqqət yetirək: "Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir".
Qeyd edək ki, Elton Məmmədov bu açıqlamanı verəndə artıq DİN bu barədə yaydığı rəsmi məlumatda "Nar" kafesində əməliyyat keçirildiyini, 8 nəfərin qumar üstündə saxlanıldığını yaymışdı. Bunun ardınca isə Nərimanov rayon Məhkəməsi Aynar Məmmədovun və digər saxlanılanların cərimələnərək sərbəst buraxıldığı açıqlamışdı.
Əlavə edək ki, Elton Məmmədov bundan əvvəl də o, oğlunun adı qarışan qalmaqallarda yazılanları, deyilənləri qətiyyətlə təkzib etmişdi.
Orxan
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18