Fazil Məmmədovun müdhiş ayrıseçkiliyi
10:23 13-10-2015
CƏMİYYƏT
Azərbaycanda vergi borcu olanların həbsinə başlanıldı, növbə oliqarxlara da çatacaqmı?
Vergilər Nazirliyi vergi borclarının ödənilməsinə məsuliyyətsiz yanaşan, vergi orqanlarının dəfələrlə müraciətinə baxmayaraq vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyiciləri barədə daha sərt inzibati tədbirlər görməyə başlayıb. Nazirlikdən verilən məlumata görə, son günlərdə borclu vergi ödəyicilərinə qarşı görülən belə tədbirlərdən biri də bəzi vergi ödəyicilərinin inzibati qaydada həbs olunmasıdır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin keçirdiyi birgə tədbirlər nəticəsində dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəmədiklərinə görə, Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunubr.
İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaq.
Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.
Əslində Fazil Məmmədovun nazirliyinin vergi borcu olanlara qarşı belə sərt münasibətində təəccüblü heç nə yoxdur. Belə borcluların qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzalandırılması hətta təqdirəlayiqdir. Xüsusən Azərbaycanın neft qiymətlərinin kəskin aşağı düşməsi fonunda gəlirlərinin əhəmiyyətli şəkildə azalması və iqtisadi böhran simptomlarının aydın görünməyə başlaması fonunda Vergilər Nazirliyinin borclu vergi ödəyicilərinə qarşı güzəştsiz olmağa çalışması həm anlaşılandır, həm də müsbət qiymətləndirilməlidir.
Amma burada incə bir məqam var: Fazil Məmmədov himayəsiz, kiçik vergi ödəyicilərinə borclu olduqları təqdirdə göstərdiyi güzəştsiz, sərt münasibəti külli miqdarda vergi borcu olan iri vergi ödəyicilərinə qarşı da tətbiq edə biləcəkmi? Təcrübə göstərir ki, Vergilər Nazirliy əksər hallarda onların borclarına tolerantlıq nümayiş etdirir.
Hələ bir neçə ay əvvəl konkret faktlarla ortaya qoyuldu ki, dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debütor borcları bağışlaması ilə əlaqədardır.
Dövlət şirkətlərinin vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir. Məsələn, "Fitch" Ratings hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Bundan əlavə, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar ki, onların hamısının - "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır.
Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarından dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.
İndi maraqlıdır: görəsən, Fazil Məmmədovun yaxın gələcəkdə həbs edəcəyi vergi borcu olanlar arasında iri vergi ödəyicilərini - onların rəhbər və ya digər məsul şəxslərini görə biləcəyikmi? Buna inanmaq hələlik çox çətin olsa da, inanaq ki, Vergilər Nazirliyi öz güzəştsiz addımlarını heç kimə fərq qoymadan, ayrıseçkilik etmədən, kimlərinsə zəif, himayəsiz, kimlərinsə də iri, nüfuzlu, "bərkgedən" vergi ödəyicisi olduğunu nəzərə almadan atacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18