Azərbaycan

Hökumət gələn il vergi və gömrük sahəsində bir sıra islahatlar nəzərdə tutub, iri məmurlar şokdadırlar

Gələn il Azərbaycanda idxal 2015-ci il üçün proqnozlaşdırılan göstəricidən 600 milyon dollar və ya 6,8 faiz azalaraq 8,2 milyard dollara düşəcək. Amma buna baxmayaraq, ölkənin gömrük gəlirləri dəyişməyərək 1 milyard 590 milyon dollar ətrafında qalacaq. Bu barədə 2016-cı ilin dövlət və icmal büdcələrinin srağagün açıqlanmış layihələrində bildirilir.

Layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri isə 16 milyard 264 milyon manat proqnozlaşdırılıb.
Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsi ilə bağlı açıqladığı hesabatda idxalın azalacağı təqdirdə gömrük gəlirlərinin azalmasının qarşısının hansı yolla alınacağını da göstərib. Hesabatda bildirilir ki, gələn il gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştləri məhdudlaşdırılacaq və ya ümumiyyətlə ləğv ediləcək. Həmçinin gömrük tarifləri sistemi təkmilləşdiriləcək və daha azpilləli sistemə keçid üçün işlər aparılacaq.
İqtisadçı alim Vüqar Bayramov bununla bağlı açıqlamalarında idxalın azaldığı təqdirdə gömrük gəlirlərinin səviyyəsinin yalnız liberallaşdırma yolu ilə mümkün olduğunu bildirib: "Hökumət gələn il gömrük sektorunun liberallaşdırılması və gömrük islahatları sahəsində müəyyən tədbirlər nəzərdə tutub. İlk öncə, bir sıra gömrük xidmətlərinin elektronlaşdırılması nəzərdə tutulur. Bu, bəzi gömrük xidmətlərinin "ASAN xidmət"ə verilməsinə imkan yaradacaq. Həmin funksiyalar həm də gömrük xidmətinin özündə qalacaq ki, bu da gömrük rəsmiləşdirilməsi sahəsində rəqabət mühitini təmin edəcək".
Vüqar Bayramovun sözlərinə görə, hökumətdə gələn il idxal vergisinin diferensiallaşdırılması üzrə də müzakirələr aparılıb: "Bir sıra ekspertlər gömrükdə bütün vergi güzəştlərinin ləğv edilərək vahid vergi dərəcəsinə keçməyi təklif ediblər. Lakin buna etiraz edilib və gömrük rüsumlarının diferensial şəkildə ödənməsi təklif edilib ki, bu da, yerli iqtisadiyyatın inkişafına imkan yaratsın. Gələn il Azərbaycan yerli istehsalı dəstəkləmək məqsədi ilə ixracatda təşviq vergisi də tətbiq edə bilər".
İqtisadçı ekspert bildirir ki, gömrük sahəsində islahatların vacibliyi Dünya Bankının (DB) Azərbaycanla bağlı hesabatında da vurğulanır: "Hesabatda Azərbaycanın üç istiqamətdə islahatlar aparması xüsusi vurğulanır. Bunlar idxal və ixrac əməliyyatları, tikintilərə icazələrin verilməsi və elektrik enerjisinə qoşulmaq üçün icazələrin alınması sahələridir".
Əslində, gömrükdə vergi güzəştlərinin ləğv edilməsi gömrük daxilolmalarını artırmaqla yanaşı bir sıra sektorları da dirçəldəcək. Məsələn, hər il Azərbaycan qida buğdasının idxalına güzəştlər tətbiq edir. Bu isə bir sıra möhtəkir iş adamlarının başqa təyinatla gətirdikləri buğdanı qida buğdası kimi rəsmiləşdirməsinə səbəb olur. Buğda idxalına tətbiq edilən vergi güzəşti həm də yerli taxılçılığın inkişafına mane olur.
Bu cür misalları başqa sahələrdə də göstərmək mümkündür və bu cür sektorlar, adətən, oliqarxların nəzarətində olur və onlar bu sahələrdə rəqabət mühitini sıfıra endirirlər. 2016-cı il üçün nəzərdə tutulan liberalaşma bu cür problemləri müəyyən qədər aradan qaldırmağa yardımçı olacaq və bir sıra sektorlarda qismən də olsa rəqabət mühiti yaranacaq.
Bir sözlə, gömrük və vergi sahəsində aparılacaq islahatlar gələn ildən etibarən Azərbaycan oliqarxlarına olduqca çətin dövrün başlayacağını düşünməyə əsas verir. Xüsusilə monopoliyalar vasitəsilə özlərinə ciddi maliyyə gücü yaratmış iri məmurlar üçün artıq əvvəlki kimi varlanmaq imkanları, şansları tanımayacaq.
Sənan Mirzə