Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda gənclərin üzərinə düşən missiya
11:28 20-10-2015
KRİMİNAL
Azərbaycanda bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə
edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür
Hər bir cəmiyyətin lokomotivi rolunda məhz gənclik, gənclər hərəkatı çıxış edir. Təsadüfi deyil ki, bütün dəyişikliklərdə, islahat və reformalarda gənclərin rolu danılmaz olub, bir çox hallarda isə onlar prosesin aparıcılarından olublar. Elə ölkəmizin ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşmasında da gəclik hərəkatının müstəsna rolu olmuşdur. Bu baxımdan hazırda müstəqil Azərbaycanda həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda da gənclərin üzərinə böyük məsuliyyət düşür.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra respublikanın qarşısında öz milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan biri də dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə müstəqil suveren respublikamızın atdığı ilk addım "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu oldu. Bu dövrü xarakterizə edəndə görürük ki, ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, Azərbaycan gəncləri istər ölkə qarşısında, istərsə də öz şəxsi vicdanları qarşısında vəzifələrini yerinə yetirirdi. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları və onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə malik gəncləri vahid "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanunu ətrafında birləşdirmək vacib idi. Bu Qanunun qəbul edilməsi mədəniyyət siyasətinin uğurla yürüdülməsinə güclü təkan vermiş oldu.
"Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il tarixli qərar verilib. Əlbəttə ki, Qanun dövlətin mədəni siyasətinin uğurlu başlanğıcı idi. Qanunda Azərbaycan Respublikasında bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Burada gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən edilərək, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə edilib. Qanun bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən ibarət olan Qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri aşağıdakı kimi göstərilib:
- Xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi;
- Cinsindən, milliyyətindən, dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi;
- Gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması;
Gənclərdə xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi;
- Gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti;
- Gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.
Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Məhz buna görə də üzümüzə gələn yeni əsrdə xalqımızın problemlərini müasir dünya kontekstində, həll edə bilmək üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirildi, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.
Göründüyü kimi, gənclərlə bağlı qəbul olunan proqramların hamısında gənclərin sosial müdafiəsinə, onların hüquqlarının qorunmasına, problemlərinin həllinə və mənəvi tələbatlarının ödənməsinə xüsusi önəm verilir.
Bir sözlə, dövlətin bu istiqamətdə apardığı siyasətdən görünür ki, gənclərin qarşısında duran bütün problemlərin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Sosial problemlər içərisində yaşayan gəncdən çox şey tələb etmək olmur. Dövlətin gənclərə mühüm sosial problemlərin həllində etdiyi kömək onların milli vətənpərvərlik ruhunda tərbiyə almasına təsir edən faktordur. Sözsüz ki, dövlət qayğısını hiss edən gənc mühüm dəyərlərə daha da bağlı olacaq.
"Azərbaycan gəncliyi 2011- 2015-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident sərəncamında əksini tapan fikirlər gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin işlə təminatına, sosial-iqtisadi problemlərinin həllinə öz müsbət təsirini göstərən bir qanunvericilik aktıdır.
Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Azərbaycan gəncləri müasir, Vətənə, millətə bağlı, dövlətçiliyə sadiq olmalı, eyni zamanda, bütün mütərəqqi təcrübələri öyrənməyə səy göstərməlidir.
Azərbaycan gəncliyinin siyasi aktiv təbəqəsinin gənclər təşkilatlarında, siyasi partiyalarda və QHT-lərdə cəmləşdiyini nəzərə alsaq, daşıdığı ideologiyadan asılı olmayaraq, hər bir təşkilat gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların qarşısında duran problemlərin həlli, hüquqlarının müdafiəsi və vətənpərvərlik tərbiyəsinin formalaşması istiqamətində güclü təbliğat aparmalıdır.
Yalnız bütün problemlərdən uzaq, öz üzərində dövlətin möhkəm qayğısını hiss edən gənclik milli hisslərə daha çox bağlı ola bilər.
Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılma yollarından biri də gənclərin milli-mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olması bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir.
Göründüyü kimi, dövlət gənclərin hüquqlarının qorunması, onların sosial problemlərinin həlli və mənəvi tələbatlarının ödənməsi ilə bağlı möhkəm qanunvericilik bazası yaradıb. Eyni zamanda gənclərin potensialından istər dövlət idarəçiliyində, istərsə də digər sahələrdə səmərəli istifadə etmək üçün bir sıra ciddi addımlar atılıb. Ölkədə vətəndaş cəmiyyəti quruculuğunda isə gənclərin iştirakı arzulanan səviyyədədir. Sevindirici haldır ki, hazırda fəaliyyət göstərən əksər aparıcı QHT-lərin rəhbərləri və rəhbərliyində təmsil olunanlar gənclərdir. Bu isə bir daha göstərir ki, Azərbaycan gəncliyi aktivdir, özünün və dövlətinin gələcəyi ilə bağlı lazımi layihələrin reallaşdırılmasında öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan dövlətinin gənclər üçün yaratdığı əlverişli mühit, onların öz potensiallarını üzə çıxarmaq üçün yaradılan şərait və gəclərimizin də həmin yaradılan şəraitə adekvat reaksiyası yalnız təqdir oluna bilər.
Bütün bunlar isə belə düşünməyə əsas verir ki, digər sahələrdə olduğu kimi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması işində Azərbaycan gəncliyi ondan gözlənilənləri artıqlaması ilə yerinə yetirir. Yetişən və yetişdirilən bu gəncliyin isə gələcək Azərbaycanın uğurlarına memarlıq edəcəkləri şübhə doğurmur.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16