Milli Məclis 2016-cı il üçün Dövlət Büdcəsini təsdiq etdi
10:59 21-10-2015
CƏMİYYƏT
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi qəbul edilib
Azərbaycan Milli Məclisinin IV çağırışda son iclası keçirilib. "Unikal"ın məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edib. İclasın gündəliyinə 34 məsələ daxildir.
Milli Məclis keçirilən plenar iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib. Qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub. S.Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 %çərçivəsində artmasına səbəb olacaq". Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi səsverməyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Sonda millət vəkilləri qanun layihəsinin lehinə səs verib.
Milli Məclisin iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Məcəlləyə 222.6-cı və 222.7-ci maddələrin əlavə edilməsi müzakirə olunub. Yeni 222.6.-cı maddəyə əsasən "İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir". 222.7.-yə görə isə "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir". Daha sonra məcəllənin bir neçə maddələrinə əlavələrdən irəli gələn texniki dəyişikliklər də səsə qoyulub. Layihə qəbul olunub.
Milli Məclisin iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb. Qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib:
"Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir". Layihə səsə qoyularaq qəbul olunub.
İclasında bir sıra ölkələrlə imzalanan sənədlər təsdiq olunub. Bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı tələblərinin həyata keçirilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyadır. Sənədlər səsə qoyularaq qəbul olunub.
Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik və əlavələr müzakirə olunub. Qanuna təklif olunan 14.2.8-1 maddəsinə əsasən yük və sərnişindaşıma avtomobilləri üçün lisenziyanın verilməsi üçün tələb olunan şərtlər sırasına taksi minik avtomobilləri üçün şərt də əlavə olunur. Qanunun 15-ci maddəsinin (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri) 1-ci hissəsinə təklif edilən əlavəyə görə sərnişindaşıma ilə bağlı lisenziya sadələşdirilir və verilən lisenziya kartının imkanları genişləndirilir: "Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir, müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir".
Qanunun 8-ci maddəsinin (Avtonəqliyyat vasitələrinin qeydiyyatı) 2-ci hissəsinə təklif olunan əlavə ilə taksi minik avtomobilləri üçün yeni və güzəştli qayda tətbiq edilir: "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu "Yol hərəkəti haqqında" qanunla müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir".
Taksilər üçün daha bir güzəşt və yeni qayda qanunun 27-ci maddəsinin (Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər) 2-ci hissəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılır" cümləsində, "19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan" sözləri, "21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (etibarnamə və s) olan avtonəqliyyat vasitəsini idarə edən" sözləri ilə əvəzlənir.
Qanuna təklif edilən digər əlavədə isə Azərbaycanda taksi sürücüləri üçün xüsusi hazırlıqların keçirilməsi və ondan irəli gələn şərtlər göstərilir. 27-ci maddənin 3-cü hissəsinə təklif edilən əlavədə deyilir ki, "Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidir. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir". Layihə səsə qoyularaq qəbul olunub.
Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılması ilə bağlı yeni qaydaların tətbiq edilməsi təklif edilir. Milli Məclisin iclasında deputat Musa Quliyev bildirib ki, ola bilər ki, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: "Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz. Bu səbəbdən ortaq bir variant tapılmalıdır. Rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir. Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkilləri var ki, onların avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18