Yeni parlamentdən oliqarxları gözləyən böyük təhlükə
14:36 07-11-2015
DÜNYA
Yüksək çinlilərin şübhəli və qeydiyyata alınmayan böyük gəlirləri gündəmdə: onlar bir-bir dindiriləcək!
Yeni seçilmiş Milli Məclisin ilk iclaslarından birində məmurların gəlir bəyannaməsi haqqında 2005-ci ildə qəbul edilmiş qanunun tətbiqinə başlanılması məsələsi gündəmə gəlməlidir. Bu barədə Milli Məclisə bu ilki seçkilərdə də qalib gəlmiş millət vəkili Əli Məsimli bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin icra edilməsinə mane olan obyektiv və subyektiv səbəblər öyrənilməlidir. "Əgər mövcud qanunvericiliyə lazımi əlavələr edilməsi və ya yeni qanun layihələrinin qəbulu vacibdirsə, bu gerçəkləşdirilməlidir. Həmçinin qanunun icrasına mane olan subyektiv səbəblər də aradan qaldırılmalıdır",- deyə Əli Məsimli bildirib.
10 il qabaq qəbul edilmiş, amma icra edilməyən qanun hər ilin əvvəlində yüksək vəzifəli məmurların illik gəlir və əmlaklarını açıqlamasını nəzərdə tutur. Gəlir bəyannaməsi verməli məmurların sırasına ölkə başçısı, Milli Məclisin sədri, baş nazir, nazirlər və komitə sədrləri, müavinlər, baş prokuror, Prezident Administrasiyasının şöbə müdirləri və digərləri daxildir. Məmurlarla yanaşı onların ailə üzvləri də gəlir bəyannaməsi təqdim etməlidirlər.
2005-ci ildə qəbul edilmiş qanunda nəzərdə tutulmuş bu qayda əksər inkişaf etmiş ölkələrdə çox uğurla tətbiq edilir. Postsovet məkanı ölkələri də bu qanunu tətbiq etməklə korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləmələr əldə ediblər. Qonşu Rusiyada da hər ilin əvvəlində prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev əmlakları barədə məlumat dərc etdirirlər.
Məsələn, bu ilin əvvəlində əmlak bəyannaməsini açıqlayan Vladimir Putin Moskvada iki mənzilinin və bir qarajının, 15 sot ərazisinin və üç şəxsi avtomobilinin olduğunu bildirmişdi. Rusiya lideri ildə 150 min dollar qazandığını da bildirmişdi. Rusiya liderlərinin bu açıqlamaları digər məmurları da bəyannamə verməyə məcbur edir.
Azərbaycanda isə 2005-ci ildə qəbul edilmiş bu qanunun icra mexanizminin olmaması bu istiqamətdə irəliləyişə mane olur. Bu məsələyə korrupsiya əleyhinə ölkələr qrupunun (GRECO) 2015-ci ildə Azərbaycan üzrə verdiyi hesabatında da toxunulur. Təşkilat keçən 10 ildə Azərbaycanda korrupsiya səviyyəsinin sabit yüksək olduğunu bildirir. Qurum bu istiqamətdə bütün təşkilati problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayır.
Əslində, bu məsələ 2015-ci ildə öz həllini tapmalı idi. Çünki məmurların gəlir bəyannaməsinin tətbiqi korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında da nəzərdə tutulmuşdu. Amma ilin əvvəlində açıqlama verən bir sıra rəsmi şəxslər hələ ki, bu işi gerçəkləşdirməyi mümkün saymırlar. Məsələn, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin əvvəlində bildirmişdi ki, bəzi ölkələrdə bu sənədin tətbiqi səmərə vermədiyindən hazırda Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilir. Vergilər naziri Fazil Məmmədov isə məmurlardan gəlir bəyannamələrinin 2020-ci ildə tələb etməyin mümkün olacağını bildirmişdi.
Lakin Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də qanunun icrasına daha tez keçməyi vacib sayır. "Son hadisələr göstərir ki, məmurlar şübhəli və qeydiyyata alınmayan böyük gəlirlərə malikdirlər. Hər il bəyannamələr təqdim etsələr həmin gəlirlərin səviyyəsi xeyli aşağı düşə bilər", - deyə Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, gəlir bəyannamələrinin tətbiqi üçün Azərbaycanda maliyyə amnistiyası və korrupsiya faktları barədə məlumat verən vətəndaşların qorunması məsələsi də həll edilməlidir: "Bunları etmədən qanunun tətbiqi mümkün olmaycaq".
Əslində, maliyyə amnistiyası məsələsinin həlli həm də Azərbaycanda sandıqda yatan ölü pulların dövriyyəyə çıxarılmasına da imkan verə bilər. İlk vaxtlar bu kapitallar əmlak sektoruna yönələr ki, bu da həmin sahədə müəyyən canlanmaya, yeni iş yerlərinin artmasına səbəb ola bilər. 2016-ci ildə əsaslı tikintiyə dövlət investisiyalarının xeyli azalacağı Azərbaycan üçün çox önəmlidir. Tikintiyə yatırılan vəsaitlər manipulyativ effekt verərək bunun ardınca neftdənkənar digər sektorları da inkişaf etdirə bilər.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2025-03-03 00:30:49

2025-03-03 00:00:56

2025-03-02 23:30:24

2025-03-02 22:57:41

2025-03-02 22:41:59

2025-03-02 22:35:01

2025-03-02 22:19:28

2025-03-02 22:00:01

2025-03-02 21:23:39

2025-03-02 20:12:27

2025-03-02 19:58:55

2025-03-02 19:43:39

2025-03-02 19:11:58

2025-03-02 18:45:27

2025-03-02 17:56:56

2025-03-02 17:17:01

2025-03-02 17:04:33

2025-03-02 16:56:07

2025-03-02 16:05:27

2025-03-02 15:50:04
