Konstitusiyamız insan hüquq və azadlıqlarının təminatçısıdır!
13:07 13-11-2015
KRİMİNAL
Müzəffər Baxışov: "Azərbaycanda insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər"
12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günü qeyd edilir. 12 noyabr ölkəmizdə əsas qanunun - Konstitusiyanın qəbul edildiyi gündür. Hazırkı Konstitusiyamız 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Hazırda da Konstitusiyadan irəli gələn hüquqlarımız qorunur.
Elə insan haqları sahəsində də Konstitusiyamız Azərbaycan vətəndaşlarının hüquqlarının təminatçısı hesab edilə bilər. Hüquqşunas Müzəffər Baxışov deyir ki, Konstitusiya Qanunu Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilib. Hüquqşunas deyir ki, bu Konstitusiya qanunun 1-ci maddəsində insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri öz əksini tapıb: "Bu maddədə qeyd olunub ki,Konstitusiyamızın və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönələ bilməz. Eləcə də Konstitusiyamız və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Yəni heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir".
Hüquqşunasın sözlərinə görə, 2-ci maddədə isə məhdudlaşdırılması qadağan olunan insan hüquqları göstərilib. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər də var: " Tələblərə görə, Azərbaycanın Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün də məhdudlaşdırılması mümkündür. Bura Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması da daxildir. Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün istifadə edilərək məhdudlaşdırıla bilər. Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün, eləcə də, Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər".
Hüquqşunasın sözlərinə görə, qanunun 4-cü maddəsində şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər öz əksini tapıb. Belə ki, şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra azadlıqdan məhrum edilməsi, şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsindən fərqli qaydada heç kəs tutula, həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz. Bura yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması, yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması, şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi də daxildir. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirə salmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ var. Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz".
M. Baxışov deyir ki, şəxsin insan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ da var. Həmsöhbətimiz deyir ki, hər kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər.M. Baxışovun sözlərinə görə, bu sözügedən qanunun 6-cı maddəsi ilə tənzimlənir: "Məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnda göstərilib ki, ölkəmizin qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər".
Xatırladaq ki, Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Mələk Eyvazlı
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16