Əkbər Hacıyev yenidən hədəfdə
11:41 02-12-2015
CƏMİYYƏT
Azərbaycanı dəm qazı ölümlərinin yeni dalğası bürüdü
Son 10 gündə Azərbaycanda dəm qazından zəhərlənmələrin ardı-arası kəsilmir. Elə dünən məlum oldu ki, Şəmkir rayon sakini, 17 yaşlı Rüzalə Həsənova vanna otağında çimərkən dəm qazından zəhərlənib.
Hadisəyə otaqda olan tezqızdıran qaz sobasından qazın sızması olub. Onu dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırıblar və tibbi yardım göstərilib. Rayonda daha bir zəhərlənmə hadisəsi isə Mahmudlu kəndində qeydə alınıb. Burada da 29 yaşlı kənd sakini Xatirə Qurbanova dəm qazından zəhərlənib. Bu hadisəyə də vanna otağındakı qazla işləyən su qızdırıcısı səbəb olub.
Hər iki şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Bundan əvvəl isə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Bakıdakı mənzilində dəm qazından zəhərlənərək vəfat edib. Tofiq Hacıyevin oğlunun sözlərinə görə, atası yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Oktyabrın 21-də İsmayıllı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Qasımlı Yeganə Ağaməmməd qızı azyaşlı övladını, 2010-cu il təvəllüdlü Qasımlı Fərid Cavid oğlunu yaşadığı evin hamam otağında çimizdirərəkən hər iksi dəm qazından zəhərlənərək ölüb.
Noyabrın 29-da isə Abşeron rayonunun Qobu qəsəbəsində fərdi yaşayış evində 2006-cı il təvəllüdlü Yusif Babazadə və qardaşı 2008-ci il təvəllüdlü Fərid Babazdə evlərində dəm qazından zəhərlənərək ölüb.
Göründüyü kimi, ənənəvi olaraq havaların soyuması ilə Azərbaycanda dəm qazından ölənlərin sayı da artmağa başlayıb. Ekspertlər burada həm vətəndaşların, həm də aidiyyatı rəsmi qurumun - "Azəriqaz" İstehsalat Birliyinin məsuliyyətinə diqqət çəkirlər.
Hələ bir neçə il əvvəl bəzi mütəxəssislər bildirirdilər ki, qaz emalı zavodları əldə olunan qazın tərkibini zəhərli elementlərdən təmizləmir. Amma o vaxt energetika naziri Natiq Əliyev bu ilin əvvəlində deyilənləri təkzib edərək vətəndaşları ehtiyatsızlıqda qınamışdı.
Ötən il isə Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov demişdi ki, havalar soyuyandan həm evlərə verilən qazın miqdarı azalır, həm də keyfiyyəti. Onun sözlərinə görə,
evlərə verilən qaz neftdən ayrılıbsa, mütləq təmizlənməlidir. Çünki onun tərkibində insan orqanizminə ziyan olan müxtəlif komponentlər var: "Həmin qaz təmizlənməli, ondan tərtəmiz metan qazı alınmalıdır. Ondan sonra camaatın istifadəsinə verilməlidir. Qaz hasilatı ilə məşğul olanlar yaxşı bilirlər. Neftdən alınan qazın tərkibində cürbəcür kimyəvi elementlər olur. Onlar təmizlənməlidir. Yoxsa istifadə zamanı kimyəvi elementlərlə qaz reaksiyaya girəndə dəhşətli, zəhərli dəm qazı yaradır. Bu da insanların ölümü ilə nəticələnən zəhərlənmələrə gətirib çıxarır".
Ekspert onu da demişdi ki, bunun qarşısını almaq üçün evlərdə hansısa qurğuların quraşdırılması, müdaxilələrin edilməsi yolverilməzdir: "Belə halların qarşısını sadə camaat almamalıdır. Bu, Fövqəladə Hallar Nazirliyinin işidir. Nazirlik sərəncam verməli və evlərə, həyətlərə verilən qazı nəzarətinə götürməlidir ki, sadə camaatın istifadəsinə verilən qaz təmiz olsun. Və həmin qazı nazirlik mütəmadi olaraq nəzarətdə saxlamalıdır. Üstəlik, çirkli qazın istifadəyə verilməsinə göz yumanların da lazımi şəkildə cəzalandırılması istiqamətində tədbirlər görülməlidir".
Əkbər Hacıyevin rəhbəri olduğu "Azəriqaz" isə ölkəni başına götürən dəm qazı olaylarında məsuliyyətini inkar edir. Qurumdan hər dəfə bildirilir ki, bu halların günahı istifadəçilərdədir. Qurumdan deyirlər ki, vətəndaşlar tüstü bacalarını vaxtında təmizləsələr və təhlükəsizlik məsələlərinə əməl etsələr, belə hadisələr də olmaz.
Amma ekspertlər "Azəriqaz"ın bütün məsuliyyəti tamamilə istifadəçilərin üzərinə yükləməsini doğru saymırlar. Hesab olunur ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi İstehsalat Birliyi əhaliyə verilən qazın tərkibini açıqlamalıdır. Eyni zamanda qurum obyektiv, şəffaf şəkildə araşdırmalıdır ki, 2000-c illərin ortalarınadək demək olar, nadir sayılan dəm qazı hadisələri son 7-8 ildə niyə bu qədər kütləviləşib, intensivləşib.
Bir sözlə, Əkbər Hacıyevin qurumu yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu vətəndaşları ittiham etməkdə axtarmaqdan əl çəkməli, problemə daha geniş, daha dərin, daha məsuliyyətli mövqe və münasibət sərgiləməlidir. Əks halda "dəm qazı terroru" ilbəil daha çox can almaqda davam edəcək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43