Nazirlərin çətin "2016-cı il sınağı"
11:21 09-12-2015
İQTİSADİYYAT
İşlərinin öhdəsindən gələ bilməyən iri məmurlara növbəti il çox ağır olacaq
Gələn il Azərbaycan iqtisadiyyatında bir sıra maraqlı yeniliklər gözlənilir. Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinin təsdiqlənməsi ilə bağlı fərmanında dövlət qurumlarına müxtəlif məsələlərlə bağlı tapşırıqlar verib. Dəyişikliklər, gömrük tariflərinə, bank əmanətlərinə, fermerlərə güzəştlərə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə və sair sahələrə aid olacaq.
Dövlət müəssisələrinin borcları tənzimlənəcək
Belə ki, prezident Nazirlər Kabinetinə tapşırıb ki, dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.
Eləcə də dövlət başçısının tapşırığına görə, Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının istehsalçılarına - fermerlərə dövlət büdcəsindən maliyyə yardımının verilməsi qaydalarının təkmilləşdirilməsi, ayrılmış vəsaitin istifadəsi zamanı şəffaflığın və səmərəliliyin artırılması sahəsində təkliflərini iki ay müddətində hazırlayıb təqdim etməlidir. Söhbət əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, habelə mineral gübrələrin və herbisidlərin güzəştli qiymətlərlə satışına görə yardımlardan gedir.
Gömrük rüsumları
artırılacaq
Fərmanda ən mühüm tapşırıqlardan biri gömrük tariflərinə aiddir. Qeyri-neft sektorunu inkişaf etdirmək istəyən hökumət gələn il daxili bazarı ciddi surətdə qorumaq barədə düşünür. Buna görə də Nazirlər Kabinetinə tapşırılıb ki, daxili bazarın stimullaşdırılması məqsədilə gömrük tariflərinin təkmilləşdirilməsi ilə bağlı tədbir görsün.
Prezidentin tapşırığına görə, Maliyyə Nazirliyi büdcə qanununda təsdiqlənmiş daxili və xarici borclanmanın yuxarı həddi (limiti) çərçivəsində bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borclanmaya gedilməsi, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görməlidir.
2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi gözlənilir. Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıb ki, dövlət əmlakının özəlləşdirilməsinin və idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin. Eləcə də ƏMDK 2016-cı il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirilmədən daxilolmalar üzrə nəzərdə tutulmuş proqnozun tam məbləğdə büdcəyə təmin edilməsi üçün təsirli tədbirlər görməlidir.
Fərmanda dövlət başçısının bank sektoru üzrə tapşırıqları da yer alıb. Belə ki, Mərkəzi Banka tapşırılıb ki, bank sektorunun sağlamlaşdırılması və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, habelə əhalinin əmanətlərinin qorunması sisteminin möhkəmləndirilməsi sahəsində təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Məcburi köçkünlərə
yardım
mexanizmi dəyişəcək
Gələn il Qaçqın və Məcburi köçkünlərə verilən yardımların mexanizmi dəyişəcək. Fərmanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etsin. Böyük ehtimalla burada söhbət yardım üçün çəkilən xərclərin optimallaşdırılmasından gedəcək.
Göründüyü kimi, fərmanda Azərbaycan hökumətinin üzvlərinə gələn il üçün çox ciddi tapşırıqlar verilib. Ölkə iqtisadiyyatının taleyi baxımından həlledici bir dövrdə onun böhran riskindən minimum itkilərlə yayınması məhz iri məmurların verilən tapşırıqları necə yerinə yetirəcəyindən asılı olacaq.
Elə bu səbəbdən də güman etmək olar ki, gələn il hökumət kabinetində təmsil olunan nazirlər və komitə sədrləri üçün ciddi sınaq ilidir. Bu sınaqdan çıxa bilməyənlərə isə dözüm nümayiş etdiriləcəyini düşünmək olmaz. Yəni məlum fərmanda yer alan göstərişləri yerinə yetirməkdə lazımi çalışqanlıq və peşəkarlıq nümayiş etdirə bilməyən iri məmurlar üçün 2016-cı il vəzifə karyeralarının sonu ola bilər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52