Əli Kərimlinin Taleh Bağırovla əlaqəsi təsdiqləndi
12:28 10-12-2015
İQTİSADİYYAT
Fuad Qəhrəmanlının həbsində "Nardaran izi", izlər Milli Şuraya gətirir: həbslər davam edəcək...
Dekabrın 8-də günorta saatlarında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb. Daha sonra isə Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Baş Prokurorluğun yaydığı məlumatda Fuad Qəhrəmanlının konkret olaraq nədə ittiham olunduğu əks olunub. Məlumatda bildirilir ki, F.Qəhrəmanlı "facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar edib. Eyni zamanda AXCP sədrinin müavinin islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanmışdır.
Prokurorluğun məlıumatında qeyd edilir ki, öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur: "F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilmişdir".
Xatırladaq ki, F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Qeyd edək ki, bundan öncə də mətbuatda AXCP təmsilçilərinin Taleh Bağırzadə ilə əlaqələrinin olması haqda xəbərlər yayılmışdı. Bildirilmişdi ki, bu münasibətlər rəsmi qaydada araşdırılacaq.
Ümumiyyətlə isə AXCP-nin kölgəsinə çevrilmiş Milli Şura Nardaran qəsəbəsində baş verən hadisələrdən siyasi alver predmeti kimi yararlanmağa çalışırdı. Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyatı faciə kimi təqdim edən Milli Şura rəhbərliyi sanki əlinə fürsət düşübmüş kimi qızışdırıcı açıqlamalar verməklə məşğul idi. Həm Əli Kərimli, həm də digər onun siyasi yaxınları sosial şəbəkələrdə hadisələrin motivini maksimum siyasiləşdirməyə xidmət edən statuslar yazır və çağırışlar edirdilər.
Görünən odur ki, son dövrlər siyasi gündəmdən çıxmış və fəaliyyətsiz bir quruma çevrilmiş Milli Şura ictimai diqqəti özünə cəlb etmək üçün Nardaran olaylarından siyasi divident götürmək məqsədilə yararlanmağa çalışırdı.
Radikal dindarlara göstərilən bu "diqqət və qayğı" isə heç də səbəbsiz deyildi. Protest elektoratındakı ənənəvi tərəfdarlarını itirmiş Əli Kərimli yeni sosial baza toplamaq üçün dindar kəsimə göz dikib. Bir zamanlar Qərbin dəstəyinə bel bağlayan Əli Kərimli bu ideyanın baş tutmadığını görəndə 2013-cü ildə Milli Şuranı təsis etməklə Rusiyaya tərəf üz döndərdi. Ancaq prezident seçkilərində Rusiyanın nə Rüstəm İbrahimbəyova, nə də Cəmil Həsənliyə dəstək verməməsi Milli Şuranın müxalifətin siyasi güc mərkəzi olması barədə deyilənlərin yalnız mənasız təbliğatdan ibarət olduğunu üzə çıxardı. Son dövrlər Milli Şuranın dindar kəsimə bağlı verilən bəyanatları və açıqlamalar bu qurumun İranpərəst qüvvələrin sırasında dəstək axtarışına çıxmasından xəbər verir.
Milli Şuranın və Əli Kərimlinin niyə belə mövqe sərgiləməsinin siyasi səbəblərini görmək çətin deyil. Ona görə də ölkədə siyasi kataklizmlərin baş verməsi onlara gündəmə gəlmək üçün bir vasitə kimi lazımdır. Oktyabrın 22-də Aşura mərasimi ilə bağlı Gəncədə dindarların Şah Abbas Məscidini zəbt etmək, İmamzadə ziyarətgahına yürüş keçirmək istəyinin qarşısı alınan zaman hadisəyə ilk siyasi reaksiya Milli Şuradan gəldi. Əli Kərimli və Gültəkin Hacıbəyli hadisələri qızışdıran mövqe sərgilədilər. Halbuki bir neçə il öncə Əli Kərimli və onun ətrafı Azərbaycan hakimiyyətini tənqid edərək demokratik müxalifətə qarşı mübarizədən çəkinməyə səsləyirdilər. Vətəndaş cəmiyyətinin sıradan çıxacağı təqdirdə onun yerini siyasi islamın tutacağına dair xəbərdarlıq edən bu adamlar indi dindar elektorata qarmaq atır, onu öz tərəfinə çəkməyə çalışır.
Bir tərəfdən siyasi mübarizədə zorakılığı, silahlı mübarizəni qəti şəkildə pisləyən, "polisə silahlı müqavimət yolverilməzdir"- deyən Əli Kərimli digər tərəfdən, "Biz hüquq-mühafizə orqanlarının Hacı Tale və tərəfdarları haqda yaydığı məlumata niyə gözüyumulu inanmalıyıq?" fikrini ortaya atmaqla Nardaran sakinlərində və ümumi ictimai fikirdə siyasi çaxnaşma üçün fürsət axtarır. Bu mövqe əslində Hacı Talehi və ya digər dindarları müdafiə deyil, "bulanıq suda balıq tutmaq" cəhdidir.
Nardaran hadisələrinin bu həddə çatmasında Milli Şuranın bir müddət öncə apardığı təbliğat az təsir göstərməyib. Hələ noyabrın 3-də Milli Şura üzvləri "Tale Bağırzadənin rejim tərəfindən öldürüləcəyi" barədə sosial şəbəkələrdə açıqlamalar yayır, dindarları ondan muğayat olmağa çağırırdılar. Buna cavab olaraq özünü Elçin İlqaroğlu kimi təqdim edən bir radikal dindar üzərində "Əgər Hacı Tale həbs olunsa,ölkədə qan su yerinə axacaq" yazılmış plakatın şəklini paylaşmışdı.
Nardaran hadisələrini siyasi fürsət kimi seçənlər sosial şəbəkələrdə gah qəsəbə əhalisinin gülləbaran edilməsi, gah da Lənkərandakı "Əbülfəzl Abbas" məscidi ətrafında polislə yerli sakinlər arasında qarşıdurmanın yaşanması haqqında məlumat yayırdılar. Əslində isə, bu adamların heç biri nə orada olub, nə də həmin hadisələrə şahidlik edib. Bütün bunlar sadəcə olaraq, aranı qatmaqdan başqa bir şey deyildi.
Görünən isə budur ki, Əli Kərimlinin bu siyasi gedişlərinin ilk qurbanı Fuad Qəhrəmanlı oldu. İstintaqın daha ciddi mətləblər aşkarlayacağı təqdirdə isə Əli Kərimlinin ətrafında həbslərin artacağını düşünmək üçün əsaslar yaradır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52