Ziya Məmmədovu zəiflətməyin yeni dalğası başladı
12:30 10-12-2015
İQTİSADİYYAT
Bu dəfə nəqliyyat nazirinə tabe olan böyük şirkət ləğv olundu
Qısa pauzadan sonra nəqliyyat naziri Ziya Məmmədov üçün qanqaraldıcı sayıla biləcək xəbərlər yenidən bir-birini əvəz etməyə başlayıb. Belə ki, iki gün əvvəl Sumqayıt şəhər nəqliyyatına nəzarəti itirən nazir bu dəfə də böyük bir şirkətdən məhrum olub.
Xatırladaq ki, iki gün əvvəl ölkə başçısı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yaradılması haqqında fərman imzalayıb.
Sənədlə müəyyən edilir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Bununla da nəqliyyat naziri faktiki olaraq Sumqayıt nəqliyyatına nəzarəti itirib. Dünən isə məlum olub ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan şirkət fəaliyyətini dayandırıb.
Vergilər Nazirliyindən verilən məlumata görə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Avtomobil Yük Daşımalarının təşkili" MMC-nin ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, H.Məmmədov küçəsi 5 ünvanına bildirə bilərlər.
Nəqliyyat Nazirliyinin tabeliyində olan bu şirkət kifayət qədər böyük səlahiyyətlərə malik olub.
Cəmiyyətin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirləri təşkil etmək tapşırılıb.
Qurum demək olar ki, Bakı şəhəri üzrə bütün təyinatlı avtomobillər üzərində qərar vermək səlahiyyətinə malik olub.
"Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC şəhərdaxili sərnişin daşınmasında taksi fəaliyyətinə cavabdehlik daşıyıb.
Qurum həmçinin nəqliyyat sektorunda aparıcı və məsuliyyətli sahələrdən biri olan şəhərlərarası və beynəlxalq sərnişindaşımanı da təşkil edib. "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin əsas vəzifələrindən biri bu sahədə Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziya əsasında fəaliyyət göstərən nəqliyyat subyektlərinin fəaliyyətinə nəzarət etməkdən ibarət olub.
Qeyd edək ki, "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin mütəxəssisləri I Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin yığıncaqlarında aparılan müzakirələrdə yaxından iştirak ediblər.
Beləliklə, Ziya Məmmədov haqqında bir neçə gün içində onun mövqelərinin daha da zəiflədildiyini göstərən iki xəbər yayılıb. Xatırladaq ki, son bir neçə ayda Nəqliyyat Nazirliyinin səlahiyyətləri kəskin şəkildə azaldılıb. İlk olaraq sentyabrın 12-də prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı" verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib. Daha sonra prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla "Azərbaycan Dəmir Yolları " Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.
Oktyabrda verilən fərmanla isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bundan sonra taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.
Son bir ayda Ziya Məmmədovun zəiflədilməsi istiqamətində addımlara pauza verilmişdi. Son bir neçə gündə bu prosesə yenidən start verildiyi görünür. Bu isə nəqliyyat nazirinin postundan da kənarlaşdırıla biləcəyi ehtimalını daha da qüvvətləndirir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52