Yenə vətəndaş cəmiyyəti hakimiyyətlə birlik nümayiş etdirdilər, beləliklə bir daha aydın oldu ki, Azərbaycan hakimiyyəti heç bir təzyiqlə hesablaşmaq niyyətində deyil
Hər keçən gün bir daha sübut olunur ki, Azərbaycan heç bir kənar təsirə baxmayaraq dövlət quruculuğu istiqamətində mümkün olan addımları atır və bu ölkə üçün vacib olan kənar tələblər yox, vətəndaş cəmiyyətinin istəyidir.
Yəni hakimiyyət hansısa addımı atanda ilk növbədə Azərbaycan dövlətinin sabahını nəzərə alır və vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün lazım olan addımları atır. Məhz bu prinsiplər Azərbaycanda hər gün inkişafı təmin edir və hesab etmək olar ki, bu belə də davam edəcək. Bu günlərdə baş verən bir sıra proseslər də bir daha bunu sübut etdi. Belə ki, uzun müddət az qala hakimiyyətlə çilingağac oynamaq istəyən Nardaran kəndində bir qrup radikal demək olar ki, artıq ciddi təhlükəyə çevrilmişdi. Ən maraqlısı isə bu idi ki, onlar başqa dövlətlərə olan rəğbətlərini gizlətmir, hər addımda Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyirdilər. Uzun müddət buna səbrlə yanaşan hakimiyyət nəhayət ki, məhz vətəndaş cəmiyyətinin etirazlarını əsas gətirərək bir günün içində özünü alınmaz qalada hiss edən bu qüvvələri yerlə yeksan etdi. Bununla bir tərəfdən vətəndaş cəmiyyətinin arzularını reallaşdırdılar, digər tərəfdən isə bütün güclərə izah edildi ki, heç kəs Azərbaycanın dövlətçiliyinə zərbə vura bilməz. Və yaxud, Azərbaycanda vətəndaş cəmiyyətini parçalamağa çalışan və bununla bağlı milyonlarla manat qrand layihələri əldə edən Leyla Yunus bir müddət öncə həbs olunmuşdur. Bu həbsdən sonra kifayət qədər ciddi kənar qüvvələr onun heç bir əsas olmadan azadlığa buraxılmasını tələb etdilər. Amma Azərbaycan dövləti bu qüvvələrə öz yerlərini göstərdi və anlatdı ki, Azərbaycanla zor dilində danışmaq mümkün deyil. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi gedir və buna əngəl yaradan heç bir gücə güzəşt olmayacaq. Beləliklə həmin qüvvələr bir daha anladılar ki, Azərbaycanla zor dilində danışmaq olmaz. Buna görə də iddialarından əl çəkib kənarlaşdılar. Bundan sonra isə Azərbayan qanunların imkan verdiyi dildə proseslərə nəzarətini gücləndirdi. Bu günlər də isə Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin CM-in 70-ci maddəsi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilib. Ona verilən cəza müddəti 5 il şərti təyin olunaraq məhkəmə zalından azadllığa buraxılıb.
Eyni zamanda L.Yunusa CM-in 320-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilib. Buna səbəb kimi həmin ittiham üzrə məsiliyyətə cəlbetmə müddətinin keçməsi göstərilib.
Bundan əlavə L.Yunusun Nizami küçəsi, 53 ünvandakı müsadirə olunmuş evi də geri qaytarılıb. Həmin ev Leyla və Arif Yunusların qızı Dinaraya məxsus olub.
Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrumetmə cəzası da 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Xatırladaq ki, L.Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır. Bütün bunlar bəs nə demək idi? Bu o demək idi ki, Azərbaycan kənar güclərin diqtəsi ilə yox, qanunlarla idarə olunur və heç kimə əlahəddə imkanlar yaradılmayıb ki, dövlətçiliyimizə zərbə vursunlar. Bu arada atılan addımla bağlı ABŞ-dan da çağırış gəlib.
"Bakı Apelyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq".
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir: "Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq". Amma təssüflər ki, bu gün az qala vətəndaş cəmiyyətlərindən kənarda dayanıb və cəmiyyətə zərbə vurmaq istəyən qüvvələr hələ də var və bunlar daha çox siyasiləşməklə prosesləri daha mürəkkəb hala salmaq istəyirlər. Amma bunlara qarşı barışmaz addımlar atılır və vətəndaş cəmiyyətləri tərfindən də dəstək qazanır. Belə proseslərdən biri də iki gün öncə baş verdi. Belə ki, Baş Prokurorluq AXCP sədrinin müavini ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilmiş, lakin rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin tarixdə ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilmiş və şahid qismində dindirilib.
Aparılmış istintaqla F.Qəhrəmanlının "facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.
F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib.
F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bunu da qeyd edək ki, bu qüvvələr hər addımda Azərbaycana zərbə vurmaq üçün nələrsə düşünür, hətta faciələrdən belə siyasi şoular yaratmağa cəhd edirlər. Elə bu günlərdə Xəzərdə onlarla neftçinin faciəli şəkildə həlak olmalarını bu qüvvələr bir siyasi şouya çevirməyə çalışdılar. Sosial şəbəkələr vasitəsi ilə baş verənlərə görə hakimiyyəti qınamağa, hətta təhqir etməyə cəhd etdilər. Xüsusi mərkəzlərdən idarə olunan bu təbəqə faciədən istifadə etməyə çalışdılar. Amma yenə vətəndaş cəmiyyəti hakimiyyətlə birlik nümayiş etdirdilər və təbii fəlakətdən yararlanmaq istəyənlərə imkan verilmədi. Beləliklə bir daha aydın oldu ki, Azərbaycan hakimiyyəti heç bir təzyiqlə hesablaşmaq niyyətində deyil və başlanan siyasət davam etdirilir. Bunu da xüsusi olaraq qeyd edək ki, artıq beynəlxalq güclər də bu reallıqla hesablaşmağın vacib olduğunu dərk ediblər. Belə olmasaydı istər Avropa İttifaqı, istərsə də ATƏT yenə də Azərbaycana qarşı hansısa addımlar atmağa cəhd edərdilər. Amma Azərbaycanda parlament seçkiləri başa çatandan sonra bu güclər daha çox bitərəf mövqe sərgiləməklə buraxdıqları yanlışlıqları aradan qaldırmağa cəhd etdilər. Bütün bunlar isə ona görə oldu ki,
1. Azərbaycan hakimiyyəti prinsipiallıq nümayiş etdirdi
2. Təzyiq dili ilə danışanlara eyni dildə cavab verildi
3. Vətəndaş cəmiyyəti hakimiyyətlə eyni siyasi xətt nümayiş etdirdi
Bütün bunlar isə Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğunun nə qədər doğru olduğunu sübutladı.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16