Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı
11:28 12-12-2015
İQTİSADİYYAT
Əhəd Abıyev: "Heydər Əliyev bütün zirvələrdən ucada dayanan əbədi liderimizdir"
Dekabr ayının 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin 1500-dən çox nümayəndəsi ulu öndərin rayon mərkəzində ucalan abidəsi önünə hüznlü musiqi sədaları altında gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində də olmuşdur.
Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə səmimi bir atmosferdə yığıncaq keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncaq iştirakçılarını salamladıqdan sonra ilk öncə Müasir Azərbaycanın memarı, qurucusu, Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etmişdir.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız və dövlətimiz üçün gördüyü tale yüklü məsələlərdən danışan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, bütün zirvələrdən ucada dayanan əbədi liderimizdir.
Dahi şəxsiyyət Heydər Əliyevin uzun illər Azərbaycana rəhbərlik etməsi Onun şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur, hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkənin ictimai-siyasi durumunun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı, xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildirik ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaqdır.
Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövlət yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev miliyonların ürəyindən keçən istəkləri reallaşdırdı: "Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm". Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi geniş miqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna "yaşıl işıq" yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurlar diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi .
Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda 1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən "Əsrin müqaviləsi"nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən ulu öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu gün Azərbaycan dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya "Cənub" Qaz Dəhlizindən danışır. Perspektivdə nəzərdə tutulan iri miqyaslı layihə və islahatların tətbiqi ilə ölkənin iqtisadi və demokratik inkişaf yolu ilə irəliyə aparan ulu öndər eyni zamanda, səbatsız AXC, Musavat cütlüyünün səriştəsizliyindən mənəvi depresiyaya düçar olan xalqda gələcəyə inam hissi yaratdı.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Milli Konstitusiya qəbul olundu. Dünya azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu. Görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən çox hörmətli cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etditilməsini vacib hesab edən möhtərəm cənab Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatında Azərbaycan iqtisadi inkişaf baxımdan qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümimmilli lideri Heydər Əliyev olmuşdur. Möhtərəm cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə bu reallığı diqqətə çatdırmışdır: "Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir".
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri çox hörmətli Mehriban xanım Əliyevanın söylədiyi - "Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir, müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir" fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığını təsdiqidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikir ötən illərin uğurlarının ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün Azərbaycanın aydın mənzərəsini yaradır. Dövlətimizin Başçısı bildirmişdir: "Gələcəyə nikbinliklə baxmaq üçün kifayyət qədər amil vardır. Son 10 ilin təcrübəsi onu göstərir ki, xalq, millət anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub".
Qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 5-ci çağırış Milli Məclisin ilk iclasında böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəfləri gerçəkləşdirilməsini sürətləndirir.
Daşkəsənlilər yaxşı bilirlər ki, ulu öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin yaratdığı şah əsərdir. 12-ci ildönümü münasibəti ilə bura toplanmağımız biz daşkəsənlilərin Ulu öndərin əziz xatirəsinə göstərilən dərin məhəbbət və ehtiramın böyük bir ifadəsidir.
Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin! Əziz ruhu şad olsun!
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52