Məmurların biznesinə daha bir ciddi təhlükə
11:29 12-12-2015
İQTİSADİYYAT
Azərbaycanda tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni qadağalar nə vəd edir?
Azərbaycanda tütün məmurları, şərabçılıq məhsulları, pambıq və pambıq məhsullarının istehsalı, idxalı ilə bağlı yeni qadağalar tətbiq edilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Tütün və tütün məmulatı haqqında", "Üzümçülük və şərabçılıq haqqında" və "Pambıqçılıq haqqında" qanunlara müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan yeni qanun layihələri hazırlanıb.
"Tütün və tütün məmulatı haqqında" qanun layihəsinə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onun idxalı qadağan edilir.
Bununla yanaşı, hazırda tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda onlar dövriyyədən götürülür. Yeni layihəyə əsasən isə tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.
"Üzümçülük və şərabçılıq haqqında" qanun layihəsinə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki materiallarının istifadəsinə yol verilmir. Belə üsulla hazırlanmış şərabçılıq məhsullarının ölkəyə idxalına da icazə verilmir.
"Pambıqçılıq haqqında" qanuna edilən yeni dəyişikliklərdə də pambıq və pambıq məhsullarının istehsalı və idxalı ilə bağlı eyni qadağaların tətbiq edilməsi təklif olunur.
Bəs görəsən, Azərbaycanda tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni qadağalar nə vəd edir? Şübhəsiz ki, bu qadağalardan daha çox fayda götürəcək olan istehlakçılardır. Belə ki, məlum yasaqlar hüquqi qüvvəyə mindiyi andan istehlakçılar sözügedən məhsulların keyfiyyətində müsbətə doğru ciddi dəyişikliklər hiss etməyə başlayacaqlar.
İndiyədək əksər ekspertlər Azərbaycanda istehsal olunan və yaxud ölkəmizə idxal edilən tütün, şərab, pambıq məhsullarının tərkibi ilə bağlı ciddi həyəcan siqnalı çalır, onların tərkibinin vətəndaşlarımızın sağlamlığına ciddi təhlükə təşkil etdiyi barədə həyəcan siqnalı çalırdı. Yaxşı haldır ki, artıq bu istiqamətdə əməli addımlar atılır və sözügedən məhsulların keyfiyyəti məsələsi məlum yasaqlarla birlikdə hökumətin gündəminə gəlir.
Amma həmin qadağaların istər idxalçılar, istərsə də istehsalçılar üçün bir o qədər də faydalı olacağını demək çətindir. Daha az keyfiyyətli məhsulları daha yüksək qiymətə sataraq daha çox gəlir əldə etmək istəyənlər və bu günədək məhz bu istiqamətdə çalışanlar şübhəsiz ki, sözügedən yasaqlardan məmnun qalmayacaqlar.
Onu da qeyd edək ki, belə istehsalçılar və idxalçılar bir qayda olaraq müəyyən məmurların himayəsi və nəzarəti altında fəaliyyət göstərirlər. Həmin müəssisə və şirkətlər adətən bəlli vəzifəli şəxslərin biznes imperiyalarına daxil olur, ona görə də onların istehlakçıların sağlamlığı üçün təhlükə yaradan istehsal və idxalatlarına "gözün üstə qaşın var" deyən çətin tapılır.
Amma haqqında danışılan qadağaların bu anormal vəziyyəti kifayət qədər dəyişə biləcəyini söyləmək olar. Bəlkə bundan hansısa məmurların biznesi itirəcək, amma qazanan dövlət və vətəndaşlar olacaq.
Ümid edirik ki, sözügedən yasaqlar qanuni şəkil aldıqdan sonra onların icrası da təmin ediləcək. Yəni qadağalar kağız üzərində qalmayacaq və hansı nüfuzlu məmura, yaxud onlara yaxın iş adamlarına sərf edib-etməməsindən asılı olmayaraq reallıqda da tətbiq olunacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52