Azərbaycan məmurları qarşısında yeni vəzifə
10:59 15-12-2015
İQTİSADİYYAT
Onlar bunun öhdəsindən gələ biləcəklərmi?
Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanı tranzit ölkə kimi daha da inkişaf etdirmək və beləlikə tranzit yükdaşımalarından gəlirlərini daha da artırmaqdır. Bu məqsədlə prezident İlham Əliyev Azərbaycanda yükdaşımanın inkişafı üçün bir neçə sərəncam imzalayıb.
Bu sərəncamlar əsasən yükdaşıma tariflərinin endirilməsini, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini və "İpək yolu"nun yenidən dirçəldilməsi məsələlərini ön plana çıxarır.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərinə görə, yüklərin daşınma vaxtının maksimum qısaldılması, tarif məsələlərinin həlli, təhlükəsizlik və servis xidmətləri əsas məsələlərdəndir. Artıq tariflərlə bağlı müvafiq addımlar atılıb.
Hazırda həll olunmalı əsas məsələlərdən biri yükləri gətirən TIR sürücülərinə və digər işçilərə keyfiyyətli xidmətin göstərilməsidir: "Bunun üçün limanda hava şəraitininin pişləşməsi üzündən gözləyənlərə yaxşı şərait yaradılmalıdır. Ola bilsin ki, bir həftə ərzində hava şəraiti ilə əlaqədar yüklərin daşınmasında problemlər yaranır. Bu səbəbdən otel və yeməkxanalar, valyutadəyişmə məntəqələri tikilərək yüksək xidmətlə onların ixtiyarına verilməlidir. Servisin ödənişli olması isə Azərbaycana əlavə pul kütləsinin daxil olması deməkdir".
A.Mustafayevin sözlərinə görə, Ələt limanında yaradılan şəraitlə yanaşı qonşu dövlətlərdə dəniz limanlarında müvafiq işlər görülməlidir: "Bəzi hallarda Ələtdən hərəkət edən bərələr Qazaxıstanın Aktau limanında problemlə üzləşir. Çünki orada bərələr üçün bir yanalma körpüsü var. Azərbaycanın müvafiq nəqliyyat strukturları qonşu ölkələrin qurumları ilə daimi əlaqələr qurub, onların qarşısında yanalma körpülərinin çoxaldılması ilə bağlı tələblər qoymalıdırlar. Bu məsələlər ikitərəfli danışıqlar predmetidir".
Hava şəraitinin kəskinləşməsi ilə bağlı bərələrin hərəkətinə gəldikdə Akif Mustafayev bildirib ki, dünyanın hər yerində güclü külək və digər pis hava şəraitlərində bərələrin hərəkəti dayandırılır.
Srağagün dənizdə pis hava şəraiti üzündən 175 TIR Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi. Bu vəziyyət ötən həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdan bərə əlaqəsinin dayandırılması ilə bağlıdır.
Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir ( hər bərə 28 tır tutumuna malikdir - red.)"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən verilən məlumata görə, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafik ilə hərəkət etməsi təmin olunur.
Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsünün olması və bu körpünün qasırğa və yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib. Buna görə də AXDG-nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyib.
Yaranan problemlərin həlli üçün müvafiq sərəncamlar imzalanıb. Bundan sonra məsuliyyət müvafiq dövlət qurumlarının üzərinə düşür. Çünki onlar yaradılan şəraitdən istifadə edib, bu sektoru daha da inkişaf etdirməlidirlər. Yəqin ki, görüləcək işlər və ayrılan investisiyalar Azərbaycanın enerji layihələrində qazandığı uğurları bu sahədə də təkrarlanmasına imkan yaradacaq.
Elvin Məmmədov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52