Sabiq nazirə qarşı təhlükə
11:00 15-12-2015
İQTİSADİYYAT
Misir Mərdanovun sensasion açıqlamasının pərdəarxası
Sabiq təhsil naziri Misir Mərdanov uzun fasilədən sonra olduqca maraqlı açıqlamalar verib. "4 ilə yaxndır ki, Novxanıda bağ evində yaşayıram, qışı da, yayı da. Hər cür şərati var. Əvvəl Bakıda 9-cu mikrorayonda yaşayırdım. Bundan əlavə "Sovetski"də yaşamışam, dəniz kənarında da evim var, ancaq orda yaşamıram", - deyə Mərdanov "İnteraz" telekanalında yayımlanan proqramda deyib.
Şəxsi həyatı ilə bağlı geniş danışan keçmiş nazir deyib ki, şəxsi avtomobilini həmişə özü idarə edir: "Şənbə-bazar günləri həmişə şəxsi avtomobilimi özüm idarə edirəm. Sürücüyə deyirəm, get, ailə-uşağının yanına".
Radara düşüb-düşməməsinə gəldikdə, M.Mərdanov maraqlı etiraf edib: "Nazir vəzifəsində çalışmasam da, hər kəs mənə hörmət edir, xüsusilə də yol polisi əməkdaşları. Hansısa səbəbdən avtomobili saxlayanda görürlər və "Misir müəlim, sizsiniz, sağ-salamat gedin", deyib yola salırlar. Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiym vaxt və BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. Nə etmişəmsə, onun cavabını alıram".
İdmana münasibətindən bəhs edən M.Mərdanov deyib ki, 30 ilə yaxındır, hər gün 3 saat, səhər və axşam üst-üstə 13 km piyada gəzir: "Nə qədər ki, ayağım və başım çalışır, bu, qrafikə əməl edəcəyəm. Çünki məni gümrah saxlayır".
"Həyatda həmişə ehtiyatlı adam olmuşam, ona görə də qeyri-adi hadisə ilə qarşılaşmamışam" - deyən M.Mərdanov özünün mənfi xüsusiyyətləri barədə bunları deyib: "İnsanlara tez inanıram. Təəssüf ki, insanlara çox tez inanmışam, etibar emişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm.
Rəsmi dövlət adamları gərək inanmaq məsələsində bir az ehtiyatlı olsunlar. Bu gün ayağımın altını qazanlar var, amma gərək adamın amalı saf olsun. Nə qədər qazsalar da, heç vaxt yıxılmamışam".
Mərdanovun açıqlamalarının ən ilginc məqamı da məhz budur. O da maraqlıdır ki, söhbət əsnasında verilişin bir müddət əvvəl çəkildiyi ortaya çıxıb. Belə ki, M.Mərdanov ailə üzvləri barədə danışarkən qardaşının nazirlikdə çalışdığını vurğulayıb.
Ancaq fakt budur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Mərdanov bir həftə öncə tutduğu vəzifədən azad edilib. Hər halda kifayət qədər maraqlı epizodlarla zəngin olan söhbətin tam həcmdə yalnız indi efirə verilməsi diqqət çəkir.
Başqa bir ilginc detal Misir Mərdanovun "hələ də ayağının altını qazanların" varlığından bəhs etdiyi bir vaxtda onun "sağ əli" kimi tanınan İlham Pirməmmədovun da Təhsil Nazirliyindəki postundan kənarlaşdırılmasıdır. Pirməmmədov Mərdanov nazir ikən aparat rəhbəri vəzifəsini tuturdu. O, Misir müəllimin ən inanılmış, yaxın adamı sayılırdı.
Mərdanov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Pirməmmədov da postundan çıxarılmış, amma qısa müddət sonra təhsil nazirinin müşaviri təyin edilmişdi.
İndi həm onun, həm Mərdanovun qardaşının Təhsil Nazirliyindəki görəvlərindən kənarlaşdırılması, belə bir vaxtda isə sabiq təhsil nazirinin "hələ də ayağının altını qazananların" varlığından danışması ilgincdir. Mümkündürmü ki, hakimiyyət daxilindəki bəzi çevrələr nazir postunu itirdikdən sonra belə Misir Mərdanovla intriqa aparır və onunla hansısa köhnə "haqq-hesabı çürütmək" istəyirlər?
Mümkündür ki, Mərdanovun müsahibəsi ilə ona yaxın olan iki şəxsin "vurulmasının" üst-üstə düşməsi tam təsadüfdür. Amma nəzərə alsaq ki, eks-nazir görəvindən kənarlaşdırıldıqdan sonra uzun müddət müxtəlif KİV-lər intensiv şəkildə onun daha sərt formada cəzalandırıla biləcəyi ehtimalından yazırdılar, onda təsadüfdən bəhs etmək də çətinləşir.
Hər halda Təhsil Nazirliyinə rəhbərliyi dövründə rüşvət və korrupsiya məsələlərinə görə ağır ittihamların hədəfinə çevrilən Misir Mərdanovla bağlı son gəlişmələr diqqətçəkicidir. Deyəsən, kimlərsə artıq sönmüş ocağın külləri ilə oynamaq istəyirlər.
Hər şeyin doğrusunu isə zaman bilir. Odur ki, yaranan suallara ən dəqiq cavab vermək üçün zamanı qabaqlamayaq , hər şeyi vaxtın axışına buraxmaq lazımdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-02 14:45:42
2024-11-02 11:36:52
2024-11-01 17:27:07
2024-11-01 16:49:44
2024-11-01 12:25:00
2024-11-01 11:46:52
2024-11-01 10:37:55
2024-11-01 10:11:56
2024-11-01 10:01:35
2024-11-01 09:46:47
2024-11-01 09:17:40
2024-11-01 09:11:32
2024-11-01 09:02:38
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38