Dünya siyasətinin qanadlı qurbanları
11:01 15-12-2015
İQTİSADİYYAT
İlginc dosye: təyyarələr necə vurulub?
Rusiyaya məxsus təyyarənin Sinay yarımadası üzərində vurulması faktı təsdiqlənəndən sonra hər kəsə məlum oldu ki, laynerin günahsız sərnişinləri böyük siyasətə qurban gediblər. Amma bu, tarixdə ilk belə hal deyil. azvision.az böyük siyasətin təyyarələrin vurulması ilə nəticələndiyi iki ən məşhur hadisəni oxucularına xatırladır.
"Boinq"in yarımçıq reysi
31 avqust 1983-cü ildə Cənubi Koreyanın "Korean Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York-Seul reysini həyata keçirirdi. Təyyarədə 269 sərnişin və ekipaj üzvləri var idi. Təyyarə üç saatdan sonra mənzil başına çatmalıydı. Əlbəttə ki, təyyarənin təyin edilmiş marşrutdan yayınaraq Sovet İttifaqının hava məkanına daxil olmasından, onun rusların pulemyot və "hava-hava" tipli raketləri ilə təchiz olunmuş qırıcısı tərəfindən təqib olunmasından sərnişin-lərin xəbəri yox idi.
Mayor Gennadi Osipoviçin idarə etdiyi "Su-15" qırıcısı Koreya laynerinin tanınma siqnalları verməsi üçün bir neçə manevr həyata keçirir. Lakin laynerdən cavab siqnalı gəlmir. Sovet stansiyalarında güman edirdilər ki, bu, Amerikanın kəşfiyyat təyyarəsidir.
Qeyd etmək lazımdır ki, həmin an "Boinq-747" sovetlərin gizli obyektlərinin üzərindən uçurdu. Koreya avialayneri Kamçatka yarımadasındakı böyük məsafəli raketlərin sınaq poliqonu və Oxot dənizindəki atom sualtı qayıqlarının təlim keçdiyi ərazinin üzərindən uçaraq Sovet İttifaqının Saxalindəki əsas hərbi bazası istiqamətində hərəkət edirdi. Təyyarə-nin marşrutdan yayınması həmin an 600 kilometrə bərabər idi.
Vaşinqton vaxtilə saat 14.26-da mayor Osipoviç Koreya "Boinq"ini raketlə vurur. Bu dəm isə Amerika hərbi kəşfiyyatının gizli stansiyaları Osipoviçin qırıcısını radarlarla müşahidə edirdilər.
Ertəsi gün baş verənlər barədə ABŞ-ın dövlət katibi Corc Şults məlumatlandırılır. Bir qədər sonra məlum olur ki, ABŞ və Yaponiyanın xüsusi xidmət orqanları sovet təyyarəsinin yerdəki postlarla danışıqlarını aşkar edib. Həmin danışıqlarda "Boinq-747"nin vurulması barədə əmr verilmişdi.
ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi insidentlə bağlı söyləmişdi: "Bu, ruslar üçün əsl zərbə olacaq. Təkzibolunmaz faktlardır! Biz də bundan istifadə etməyə bilmərik".
Bu minvalla da Reyqan administrasiyasının təbliğat maşını var gücü ilə işə düşür. Prosesə ABŞ-ın YUSİA informasiya agentliyi də qoşulur. Agentliyin şefi Çarlz Uik işçiləri qarşısında belə bir tapşırıq qoyur: rusları bacardıqca nüfuzdan salmalı. Amerikalılar dünya ictimaiyyətini SSRİ-yə qarşı qoymağa və onun hərəkətlərini antihumanistlik kimi qələmə verməyə çalışırdılar.
"Amerikanın səsi" proqramının hər buraxılışı "Boinq-747"nin faciəsi barədə məlumatlarla başlayırdı. Proqrama həlak olanların ailə üzvlərinin müsahibəsi də daxil edilirdi.
Oxşar bəyanatlarla prezident Reyqan da çıxış edir: "Bu zorakılıq aktına qarşı öz münasibətimizi bildirməyə sözümüz qalmayıb. ABŞ beynəlxalq ictimaiyyətin digər üzvlərilə birlikdə SSRİ-dən ətraflı açıqlamalar tələb edir".
Kreml çətin vəziyyətə düşmüşdü. Bu qalmaqalla əlaqədar SSRİ-nin kütləvi informasiya vasitələrində SİTA-nın məlumatı yayımlanır. Məlumatda deyilirdi ki, sovet qırıcısı ölkənin hava sərhədlərini pozmuş Cənubi Koreya təyyarəsini vurub, sovet ərazisindən qanunsuz uçuş isə yaxşı hazırlanmış antisovet aksiyası kimi xarakterizə etmişdi.
Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının iclasında sovet təyyarəsinin yerlə danışıqlarının audioyazısının tez bir zamanda əldə edilməsi barədə qərar qəbul olunur. YUSİA-nın şefi Çarlz Uikin fikrincə, həmin audioyazını BMT-nin Təhlükəsizlik Şurasının sessiyasında açıqlamaq lazım idi. Sözsüz ki, "əl gəzdirildikdən" sonra tezliklə audioyazı dövlət departamentinə gətirilərək, ingilis dilinə tərcümə edilir. Bu işin öhdəsindən YUSİA-nın mütəxəssiləri tez bir zamanda gəlirlər. İşlərə isə Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları nəzarət edirdilər.
Tədbir iştirakçılarından biri Elvin Snayderin söylədiklərindən: "Hazırladığımız versiya heç bir şübhə yaratmırdı. Sovetlər Koreya avialaynerini soyuqqanlıqla və xəbərdarlıq olmadan vurmuşlar. Özü də hədəfin vurulması əmrini verən zaman ruslar onun sərnişin təyyarəsi olduğunu bilirdilər".
BMT-nin fövqəladə sessiyasının açılışı ərəfəsində Reyqan televiziya ilə çıxış edərək bildirir ki, sessiyada sovet təyyarəçilərinin danışıqları təqdim olunacaq. Əsas monitorların SSRİ-nin BMT-dəki nümayəndəsi Oleq Troyanovskinin yanında quraşdırılması qərara alınır. Audiosənəd dinlənildikdən sonra Cin Krikpatrik yekun sözlə çıxış edərək bildirir: "Lent yazısı onu göstərir ki, sovetlər sərnişin təyyarəsini vurmağı qərarlaşdırıb. Onu vurub, 269 insanı qətlə yetirib və bu barədə yalan məlumatlar yayıblar".
Lakin tez bir zamanda məlum olur ki, ABŞ faciənin real faktlarını gizlətməyə çalışıb. Artıq beş gündən sonra Dövlət Departamenti təkrar təhqiqatın aparıldığı barədə xəbər verir və buradan da aydın olur ki, sovet təyyarəçisi təyyarəni məhv etməzdən 6 dəqiqə əvvəl xəbərdarlıq atəşi açmışdır. O da təsdiq olunur ki, nə Osipoviç, nə də sovet HHQ-nin komandanlığı sərhədi pozanın sərnişin təyyarəsi olmasından xəbərdar deyildilər.
Bu yeni informasiya lazımi şəkildə kütləvi informasiya vasitələrində dərc olunsa da, artıq gec idi. Kreml təbliğatçıları məğlub olmuşdular.
Elvin Snayderin 1995-ci ildə Nyu-Yorkda nəşr etdirdiyi "Dezinformasiya əsgərləri" kitabından: "Koreyanın "Boinq-747" təyyarəsi "soyuq müharibənin" qurbanı oldu. Bu qəza onu göstərirdi ki, həmin müharibə real idi və insan təlafatı ilə nəticələnib".
"U-2"nin sonuncu uçuşu
1960-cı il mayın 1-nə keçən gecə "U-2" təyyarəsi Pişəvəridəki hərbi bazada uçuşa hazırlaşırdı. Pilot Frensis Harri Pauers bir zamanlar ABŞ-ın Hərbi Hava Qüvvələrində xidmət etmiş, indi isə MKİ-nin muzdlu təyyarəçisi idi. Onu gecə saat 2-də yuxudan oyadaraq uçuş əmri verirlər. Pauers cəld kabinəyə əyləşərək, tez bir zamanda 20 kilometr hündürlüyə qalxır. Bir saatdan sonra isə SSRİ-nin sərhəddini keçir. Uçuşun məqsədi yeni zavod, aerodrom və raket qurğularının aşkar olunması idi.
Pauers Aral dənizi və Tyura-Tam kosmodromu üzərində uçaraq Çelyabinskə doğru istiqamət götürmüşdü. Gözlənilmədən təyyarənin avtopilotu sıradan çıxır. Yolun üçdə bir hissəsi artıq arxada qaldığından Pauers uçuşu davam etdirmək qərarına gəlir. O, İrtyaş gölünün sahilindəki mühüm bir obyektin fotoşəklini çəkir. Həmin obyektin `Çelyabinsk-40` gizli atom şəhərciyi olmasın-dan Pauersin xəbəri yox idi. Sonra pilot Sverdlovska üz tutur.
...Bu zaman Xruşşovun yataq otağında telefon zəng çalır. Bu, hökumət rabitəsinin xüsusi aparatı idi və onunla yalnız mühüm şəxslər mühüm işlərə görə zəng vura bilərdilər. Xruşşov dəstəyi qaldırır və xəttin o başından xırıltılı səs eşidilir:
- Müdafiə naziri, Sovet İttifaqı Marşalı Malinovski məlumat verir. Amerikanın kəşfiyyat təyyarəsi bizim Əfqanıstanla olan sərhədimizi keçərək, sovetlərin hava məkanına daxil olub, hazırda Sverdlovsk istiqamətində uçur.
- Sizin vəzifəniz həmin təyyarəni istənilən yolla vurmaqdır, - deyə Xruşşov tapşırıq verir.
Radarlar Pauersi düz əfqan sərhəddindən müşahidə edirdilər. Havadan Müdafiə Qüvvələri tam döyüş hazırlığında idi. Bu an zenit-raket divizionuna əmr daxil olur: "Tumblerləri açmaq, aparatı döyüş rejiminə gətirmək!"
Tyura-Tam kosmodromunu qoruyan üç diviziyadan biri 1 May bayramı münasibətilə döyüş növbəsindən çıxarıldığına görə əsgərlər kazarmalarda oturmuş, zabitlər isə evlərinə yollanmışdılar. Digər iki diviziya isə döyüş hazırlığı ilə düşməni gözləyirdi.
Lakin "U-2" sükanı vaxtında döndərir və raketlərə ehtiyac qalmır. İndi işə təyyarəçilər qarışmalı idilər. Sübh tezdən kapitan İqor Mentyukov gözlənilməz əmr alır: "Mən şahinəm. 732-ci, məni necə eşidirsən? Diqqətlə qulaq as. Hədəf real və hündürdür. Taranla məhv etməli. Moskvanın əmridir. Çatdırdı "əjdaha".
Hər bir təyyarəçi bilirdi ki, "əjdaha" ölkənin HHQ aviasiyasının komandanı general Yevgeni Sovetskinin cəbhə çağırışı (pozıvnoy) siqnalıdır. Deməli, bu tapşırıq da olduqca ciddidir.
Mentyukov öz növbəsində məlumat verir: "Tarana hazıram. Yeganə xahişim: "Ailəmi və anamı unutmayın".
Qeyd edək ki, Mentyukov Sverdlovsk ərazisində təsadüfən peyda olmuşdu. Əslində "Su-9" təyyarəsini Belarusiyaya sürməli idi və təyyarəsində nə pulemyot, nə də ki, raket vardı. Tarandan sonra onun sağ qalmaq şansı qalmırdı.
Bu an Pauers Sverdlovsk üzərindən keçərək kapitan Voronovun diviziyasının zonasına daxil olur. Yerdən buraxılan raket havaya qalxaraq hədəfin yxınlığında partlayır. Partlayış dalğasının zərbəsindən Pauersin təyyarəsi dağılır və "U-2" yerə düşür.
Voronin öz uğuruna inanmadığına görə raport verməyə tələsmir. HMQ-nin komanda məntəqəsində hədəfin məhv edildiyi barədə heç bir məlumatın olmadığına görə dərhal havaya iki "MiQ-19" qalxır.
Tezliklə bu qırıcılar mayor Şuqayevin rəhbərlik etdiyi diviziyanın ərazisinə daxil olurlar. İlk raketlə baş leytenant Sergey Safronovun "MiQ-19"-u vurulur. İkinci təyyarəçi cəld tərpəndiyindən raket ondan yan keçir.
Bu zaman Moskvada 1 May nümayişi keçirilirdi. Gözlənilmədən Mavzoleyin tribunasında marşal Biryuzov peyda olur. Onun parad geyimində olmaması çoxlarını heyrətləndirir. O, Xruşşova yaxınlaşaraq qulağına pıçıldayır:
- Təyyarə vurulub, təyyarəçi əsir götürülüb və hazırda dindirilir.
Xruşşov gülümsəyərək şlyapasını çıxarıb yelləməyə başlayır. Sonra marşalın əlini sıxaraq şad xəbərə görə minnətdarlığını bildirir.
Bir neçə gündən sonra SSRİ Ali Sovetinin sessiyasında Nikita Sergeyeviç Xruşşov bildirir ki, 1 May tarixində naməlum təyyarə bizim ölkənin ərazisinə soxulub və elə HMQ-nin birinci raketi ilə Sverdlovsk rayonunda vurulub.
Kəşfiyyat təyyarəsinin bazaya qayıtmaması barədə ABŞ-ın prezidenti Duayt Eyzenhauerə məlumat çatdırıldıqda dəridən nəfəs alaraq deyir:
- Əgər həmin təyyarə Rusiyada partlayıbsa, onda biz fırtına gözləməliyik.
O, haqlı idi. Belə ki, Xruşşova öz xarakterini göstərmək imkanı yaranmışdı. Və bu xarakteri hökumət başçılarının Paris görüşündə büruzə verir.
Harri Pauersi məhkum etsələr də, tezliklə onu sovet agenti Rudolf Abellə dəyişdirirlər.
Bəhram Çələbi
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52