Etibar

Büdcə pullarının göyə sovurulması "Azərenerji" prezidentinə təhlükə yaradıb

Hesablama Palatası "Azərenerji" ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb. Belə ki, palatanın rəsmi saytında auditin "Azərenerji"yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxardığı vurğulanır.

Aparılmış yoxlamalar üzə çıxarıb ki, "Azərenerji" ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.
Yoxlamalar nəticəsində müəyyən olunub ki, "Azərenerji" ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.
Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.
Bütün bu ciddi pozuntulara baxmayaraq Hesablama Palatası "Azərenerji"də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərməyib. Palata "Azərenerji"də aparılmış yoxlamaların nəticələrinin müzakirə olunmasına həsr edilmiş kollegiya iclasında ASC-yə tövsiyə edilib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.
Hərçənd ki, ortaya çıxarılmış pozuntulardan ciddi korrupsiya iyi gəldiyi tamamilə aydındır. Əgər "Azərenerji" heç bir texnki-iqtisadi əsaslandırma aparmadan, ekspertiza keçirmədən, müvafiq şəhərsalma normalarına məhəl qoymadan tikinti layihələrinə büdcə vəsaitlərini xərcləyibsə, bəyəm burada korrupsiya əlamətləri yoxdur?
Yaxud layihə-smeta xərclərinin podratçı tərəfindən hazırlanması, podratçıya əlavə pul ödənilməsi və ya podratçının tender yolu ilə deyil, birbaşa seçilməsi korrupsiyadan xəbər vermir?
Hansı ki, "Azərenerji" ASC-nin podratçısı əksər hallarda elə bu strukturun rəhbəri Etibar Pirverdiyevin nəzarətindəki şirkətlər olur.
Bu ilin əvvəllərində "Deloitte" şirkəti tərəfindən aparılan audit də "Azərenerji"nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarmışdı. "Deloitte" şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib.
Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə "Azərenerji"nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb.
"Azərenerji" həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, "Azərenerji"nin vergi borcu 700 milyon manat təşkil edirdi.
Hərçənd ki, "Azərenerji" ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.
Dövlət büdcəsindən və xarici kreditlər hesabına milyardlarla dolları investisiya layihələrinə xərcləyən ASC-də maliyyə göstəricilərinin pisləşməsinin və vəsaitlərin düzgün xərclənməməsinin səbəbini korrupsiya və pis menecmentdə axtarmayıb başqa harada axtarmaq olar ki?
Məhz bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, "Azərenerji"nin və digər dövlət səhmdar cəmiyyətlərinin borclarının bir hissəsinin 2016-cı il büdcəsi hesabına ödənilməsi məcburiyyəti yaranıb.
İstisna olunmur ki, ortaya çıxan mənimsəmə və korrupsiya halları bu qurumun prezidenti Etibar Pirverdiyevin də adının oxşar səbəblərlə cəzalandırılan yüksək vəzifəli şəxslərin siyahısına salsın. Bu arada söhbət Pirverdiyevin vəzifəsindən azad edilməsindən tutmuş onun barəsində həbs qərarı çıxarılmasınadək bir sıra variantlardan gedir.
Xatırladaq ki, prezident İlham Əliyev bölgələrdə və Sumqayıt şəhərində elektrik enerjisinin satışı və paylanması funksiyasını "Azərenerji"dən alaraq "Bakıelektrikşəbəkə" ASC-nin bazasında yaradılmış "Azərişıq" ASC-yə verib. Şübhə doğurmur ki, belə bir addım bölgələrdə elektrik enerjisi ilə təchizatın yarıtmaz olması, Etibar Pirverdiyev və onun rəhbərlik etdiyi qurumun qeyri-qənaətbəxş, xüsusilə maliyyə məsələlərində kifayət qədər şübhəli və qaranlıq fəaliyyəti üzündən baş verib.
Sənan Mirzə