Fazil Məmmədov "toy oliqarxlarına" "toy tutmağa" başlayır
11:30 16-12-2015
İQTİSADİYYAT
Vergilər Nazirliyi əksəriyyəti məmurlara aid olan şadlıq evlərindəki korrupsiyanın üzərinə gedir
Azərbaycanda fəaliyyət göstərən şadlıq evlərinin sahiblərini çətin günlər gözləyir. Onların indiyədək müxtəlif qanunsuz yollara əl ataraq, "qaz vurub qazan doldurması" artıq keçmişdə qalacaq.
Dünən müğənnilərin vergi ödənişlərini jurnalistlərə şərh edərkən vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib ki, "biz hazırda şou-biznes əhlindən xahiş etmişik ki, onlar gəlirlərini və xərclərini şəffaf şəkildə nazirliyə təqdim etsinlər. Əgər onlar bizim təklifimizə müsbət cavab verməsələr, onlar üçün də bir mexanizm tətbiq edəcəyik".
Onun sözlərinə görə, dünyada ən böyük vergiqoyma mexanizmi əldə edilmiş gəlirlərə qoyulan vergidir: "Hazırda şou əhlinin əldə etdiyi gəlirlərin və xərclərin kökü yoxdur. Onların çoxu bizə gəlirlərini göstərməkdə maraqlı deyillər. Biz isə onların gəlirlərini getdikləri toylar əsasında əldə edə bilərik. Vergilər nazirliyinin imkanı var ki, konkret bir müğənninin fəaliyyətini nəzarətə götürüb onu izləsin və qazandıqları məbləği müəyyən etsin. Xərclər olmadığı üçün biz əhəmiyyətli olaraq bu vergilərin gəlirlər üzərindən hesablanmasına gedə bilmirik".
Natiq Əmirov bildirib ki, həmin mexanizmin tətbiq edilməsi hər bir müğənni üçün ədalətli olmaya bilər, ancaq bundan sonra hər kəs vergini şəffaf şəkildə ödəyəcək. Ancaq bunun 2017-ci, yaxud 2018-ci ildə baş verəcəyini zaman göstərəcək.
Xatırladaq ki, noyabr ayının 11-də Vergilər Nazirliyinin mətbu orqanı olan "Vergilər" qəzetində müğənnilərin gəlirlərinə uyğun vergi ödəmədikləri barədə məqalə dərc edilmişdi.
Məqalədə bildirilirdi ki, Azərbaycanda da vergidən yayınan incəsənət xadimlərinin, şou-biznes nümayəndələrinin olması heç kəsə sirr deyil. Mediada vaxtaşırı olaraq müğənnilərin xidmət qiymətləri elan edilir və "qiymət siyahılarından" reklam vasitəsi kimi istifadə olunur. Siyahılara nəzər yetirdikdə məlum olur ki, müğənnilər toy şənliklərində yüksək qonorar alırlar.
Görülən tədbirlərə baxmayaraq, şou-biznesi təmsil edən vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi arzuolunan səviyyədə deyil. Cari ilin ötən doqquz ayının nəticələri təhlil olunarkən tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub.
Əsas problem isə bu təbəqədən olan vergi ödəyicilərinin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda "Qeydiyyat kitabı"nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi "kitaba" salınır.
Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, hazırda Vergilər Nazirliyi tərəfindən vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunur. Vergilər Nazirliyi bir daha xatırladır ki, kimliyindən asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir və heç kəs öz üzərinə düşən öhdəliyə görə məsuliyyətdən azad edilmir.
Nazirlik bəyan etmişdi ki, vergi öhdəliklərini yerinə yetirməyən şou-biznes nümayəndələrinin adları ictimaiyyətə açıqlanacaq.
Bir sözlə, Fazil Məmmədovun nazirliyi müğənnilərin vergidən yayınmasına savaş açmaqla, həm də "toy oliqarxlarını" pis vəziyyətdə qoyur. Ölkədəki şadlıq evlərinin əksəriyyətinin nüfuzlu məmurların nəzarəti altında olduğunu nəzərə alsaq, Vergilər Nazirliyinin həyata keçirməyə hazırlaşdığı addımlardan həm də bəzi vəzifəli şəxslərin əziyyət çəkəcəklərini demək olar.
Şadlıq evlərindəki "Qeydiyyat kitabı"nın şəffaflığından itirən məmurlar və onların himayəsindəki obyekt sahibləri olsalar da, şübhəsiz ki, bundan dövlət xəzinəsi qazanacaq. Ümumiyyətlə, kimlərinsə müftə və qanunsuz qazanc, çirkli gəlir əldə etməsi dövrünün Azərbaycanda tarixin arxivinə göndərilməsinin vaxtı çatıb. Bunu həm neft hasilatımızın, həm dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşdüyü, beləliklə, ölkənin gəlirlərinin görünməmiş şəkildə azaldığı indiki böhran şəraiti diqtə edir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52