Üzən məzənnəyə keçid: Zərurət yoxsa məcburi gediş...
11:31 16-12-2015
İQTİSADİYYAT
Valyuta ehtiyyatlarının azalması nə vəd edir, çıxış yolları nədir?
Mərkəzi Bankın statistik məlumatlarına əsasən, rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş verib. Belə ki, 2015-ci il 30 noyabr üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 6 milyard 245.6 min dollar təşkil edib ki, bu da oktyabr ayının sonu ilə müqayisədə 589 milyon dollar azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8750,7 mln. manat azalıb.
30 oktyabrda valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollar olub. Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib. Ölkəmizin valyuta ehtiyatlarının azalmasının təbii səbəbləri əslində məlumdur. Dünyada, qonşu ölkələrdə gedən iqtisadi proseslər, neftin qiymətinin kəskin düşməsi, devalvasiya burada səbəb olaraq götürülür.
Son vaxtlar ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün davamlı tədbirlər görülür, müxtəlif işlər həyata keçirilir. Bu qədər işlər görülməsinə rəğmən, niyə biz valyuta ehtiyatımızı qoruya bilmirik? Qonşu ölkələrlə müqayisədə bizdə bu sahədə davamlı olaraq azalmanın getməsinə səbəb nədir? Bu azalmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Hazırda müharibə şəraitində olan Azərbaycan üçün valyuta ehtiyatlarının çox olması vacib amillərdəndir. Uzun müddət idi ki, Azərbaycan valyuta ehtiyatlarını hardasa, 53-54 milyard səviyyəsində qoruyub saxlayıb. Amma son vaxtlar dünyada və qonşu ölkələrdə baş verən hadisələr, milli valyutanın kəskin dəyərdən düşməsi ehtiyatlara ciddi təsir göstərib. Fevral devalvasiyasından sonra Mərkəzi Bankın valyuta ehtiyatı 16 milyard manata yaxın olduğu halda, bu gün artıq 6 milyarddan bir az çoxdur.
Bəzi ekspertlər hesab edir ki, Mərkəzi Bankın ehtiyatının kəskin azalmasının əsas səbəbi manatın kursunun qorunub saxlanması olub. Uzun illərdir biz manatın məzənnəsini qoruyurduq. Neftdən xeyli gəlir əldə etdiyimiz üçün indiyə qədər bunu o qədər də hiss etmirdik. Ona görə də bu, mümkün qədər qorunub saxlanılırdı. Bu da düzgün addım idi və çünki əhalinin həyat şəraitini nəzərə almaq lazım idi. Sosial vəziyyəti dövlət başçısı daha çox nəzərə aldığı üçün həmişə manatı qoruyub saxlamaq barədə göstəriş verirdi. Amma son vaxtlar neftin qiymətinin kəskin aşağı düşməsi, dünya bazarında neftin qiymətinə ciddi olan təsirlər, iqtisadi vəziyyətin pisləşməsi, əlbəttə, müəyyən qədər manata olan təzyiqləri də artırdı.
Hələlik manatı həmin səviyyədə qoruyub saxlamaq üçün müəyyən qədər vəsait ayrılır. Amma mütəxəssislər hesab edir ki, gec-tez manat öz həqiqi qiymətini, bazar dəyərini almalıdır. Belə ki, yumşaq devalvasiyaya getmək lazımdır. Mərkəzi Bank indi buna start verib. Fikir verirsinizsə, artıq dollar manata nisbətən müəyyən qədər qalxıb. Manat yavaş-yavaş öz bazar qiymətinə yaxınlaşmaq ərəfəsindədir. Yəni, insanların birdən-birə şok olmaması üçün yumşaq devalvasiya aparılması lazımdır. Çünki Mərkəzi Bankın ehtiyatları kəskin azalıb. Hər ay 500-600 milyon ayırıb manatı qoruyub saxlaya bilməz. Bu vacib məsələdir. Düzdür, imkanımız olsa, qoruyub saxlayardıq. Amma dünyada gedən proseslər buna dəlalət edir ki, manatı qoruyub saxlamaq o qədər asan məsələ deyil.
Bildirək ki, qonşu ölkələrdə üzən məzənnə siyasəti çoxdan həyata keçirilir. Mərkəzi Bank birbaşa məzənnəni müəyyənləşdirmir. Azərbaycanda isə məzənnə birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Buna görə də o artıq dollara olan tələbin ödənilməsi üçün daimi olaraq bazara intervensiya edir. Məsələn, bazarda gün ərzində 1 milyon dollara tələbat var və alınıb. Onun 800 mini bazar tərəfindən təmin olunursa, qalan 200 mini Mərkəzi Bank özü ödəyir. Mərkəzi Bank müdaxilə edərək 200 min dolları bazara çıxarır. Bu da onun intervensiya xərclərinin artmasına və valyuta ehtiyatlarının həcminin aşağı düşməsinə gətirib çıxarır. Mərkəzi Bank daimi olaraq bazara müdaxilə etməklə valyuta ehtiyatlarını istifadə edir. Xüsusilə nəzərə alsaq ki, son bir ayda dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə edildi, bu eyni zamanda manatın da dollara nisbətən müqayisəli zəifləməsinə səbəb oldu. Nəticə etibarilə bu da Mərkəzi Bankın xərclərini artırdı.
Odur ki, valyuta ehtiyatlarının azalmaması üçün birmənalı şəkildə Mərkəzi Bank məzənnə siyasətinə dəyişikliklər etməlidir. Tənzimlənən, üzən məzənnə siyasətinə keçid labüddür. Bu sahədə fəaliyyət genişləndirilməlidir. Burada məqsəd tənzimlənən, üzən valyuta rejiminin milli valyutanın məzənnəsinin kəskin azalmasına səbəb olmamasından ibarətdir. Tənzimlənən, üzən məzənnə siyasətinə keçid həm milli valyutanın məzənnəsini aşağı salmayacaq, həm də artıq bu, Mərkəzi Bankın daimi olaraq bazara müdaxiləsinin qarşısını alacaq.
Valyuta ehtiyatlarının azalmasının səbəblərdən biri də Neft Fondundan gələn gəlirlərin kəskin azalmasıdır. Bu da neftdən gələn gəlirlərin, neftin qiymətinin azalması fonunda baş verib. Məsələn, Rusiyada da gəlirlər kəskin azalıb. Azalma ehtiyatları olan dövlətlərdə baş verir. Ehtiyatı olmayan dövlətlərdə nə azalma baş verəcək? Yəni, neftə bağlı büdcəsi, iqtisadiyyatı olan ölkələrdə azalma olur.
Bunu kompensasiya etmək üçün isə ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün işlər görülür. Elə sahələri inkişaf etdirməliyik ki, oradan dövlət büdcəsinə çox vəsait daxil olsun. Kənd təsərrüfatından vergi alınmır. Yalnız torpaq vergisi verirlər, digərlərindən azaddırlar. Yeni yaradılan texnoparklar da 7 illik vergidən azaddırlar. Bu müddət hələ bitməyib. Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək üçün müəyyən qədər vergi sistemində güzəştə gedib. Kənd təssərrüfatı da qeyri-neft sektorudur. Daha çox gəlir əldə etmək üçün bu sturuktura baxmaq lazımdır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53