Azərbaycan üçün gələn il nə vəd edir?
11:35 16-12-2015
CƏMİYYƏT
Neftin qiyməti "öldükcə" fəlakət də yaxınlaşır
Hazırda neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün "qırmızı xətt"i keçərək 37 dollaradək düşüb. Neftin indiki qiyməti nəinki Azərbaycan üçün, bütün neft hasilatı ilə məşğul olan ölkələr üçün böyük fəlakət sayılır. Məsələnin qəliz tərəfi budur ki, neftin qiyməti üzrə nəinki illik, rüblük, aylıq, artıq heç günlük proqnozlar da irəli sürmək mümkün deyil. Bunu iqtisadçı-ekspert Pərviz Heydərov neftin dünya bazarlarındakı qiymətinin düşməsi tendensiyasını və onun Azərbaycan iqtisadiyyatına təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı məsələdə Azərbaycan hökumətini qınamaq düzgün deyil: "Çünki növbəti il üçün hansı strategiyanı götürməyin lazım gəldiyini müəyyən etmək olmur. Söhbət iqtidarın bu məsələdəki siyasətini bəyənib-bəyənməməkdən getmir. Sadəcə obyektiv olmaq lazımdır. Dünyanın ən böyük neft şirkətləri ilin əvvəlindən böyük maddi itkilərə məruz qalıblar. Artıq neft sənayesinə investisiya qoyulmur. Bu isə o deməkdir ki, hazırda neft bazarında artıq məhsul olsa da, bir müddətdən sonra bunun ardı gəlməyəcək. Yeni quyuların qazılması, işlənən quyuların amortizasiya xərclərinin ödənilməsi və s. işləri yerinə yetirmək olmur. Bəzən də deyirlər ki, qorxulu heç nə yoxdur, çünki filan ildə neftin qiyməti 20, hətta 10 dollar da olub. Bunlar əsassız və məntiqsiz fikirlərdir. Axı həmin illərdə 10, 20 dolların alıcılıq qabiliyyəti indikindən qat-qat yüksək olub. Digər tərəfdən, indi neftə olan tələbat 30-40 il bundan əvvəlki səviyyədə deyil, daha çoxdur. Ona görə də neftin indiki real qiyməti nəinki Azərbaycan kimi büdcəsi neftdən asılı olan ölkələr, ümumiyyətlə neft hasilatı ilə məşğul olan bütün şirkətlər üçün də fəlakət həddi sayılır və bu, heç bir iqtisadi qanunlarla izah olunmur".
İqtisadçının fikrincə, neftin qiymətinin düşməsi Dövlət Neft Şirkəti üçün o qədər də qorxulu deyil. Təşviş doğuran başqa məsələdir: "SOCAR üçün 40-30-25 dollar olmasının elə də əhəmiyyəti yoxdur. Çünki dünya üzrə ən ucuz neft çıxardan ölkələrdən biri də Azərbaycandır. SOCAR-a neftin 1 barelinin maya dəyəri maksimum 15 dollara başa gəlir. Yəni sabah qiymət 25-20 dollar da olsa, SOCAR maya dəyərini ödəyə biləcək. Problem və təşviş isə ondan doğur ki, dövlət büdcəsinin yükünün əsas daşıyıcısı SOCAR, neft müqavilələri, neft gəlirləridir. Ölkə ixracının təxminən 77 faizini xam neft təşkil edir. Yəni büdcə, demək olar ki, neftdən asılıdır. Sadə dillə desək, SOCAR dövlət büdcəsini belinə alıb aparır. Məhz bu səbəbdən neftin qiymətinin düşməsi böyük təşviş doğurur. Yəni uzun müddət belə davam edərsə, neftin qiymətinin düşməsini adi vətəndaş da hiss edəcək. Dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin iclaslarının birində qeyd etmişdi ki, dövlətin əsas hədəfi ondan ibarət olmalıdır ki, əmək haqqı və pensiyaları dövlət büdcəsinə DNF-dən transfertlər olmadan, real gəlirlər hesabına ödəyə bilək. Buna nail olsaq, ciddi narahatlığa və təşvişə də səbəb olmayacaq".
Bununla belə ekspert neftin qiyməti ilə bağlı proqnoz verməkdən çəkinməyib: "Neftin qiyməti uzun müddət bu səviyyədə qala bilməz. Bu vəziyyət ən uzağı 2016-cı ilin sonunadək davam edə bilər. 2016-cı ilin sonundan etibarən isə neftin qiymətində dönüş yaranacaq. Düzdür, qiymət yenidən 100 dollar səviyyəsinə çatmayacaq, amma kritik həddən yuxarı qalxacaq. Ona görə də növbəti il bütün dünya iqtisadiyyatı, eləcə də Azərbaycan üçün olduqca çətin il olacaq..."
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18