Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
13:09 17-12-2015
CƏMİYYƏT
Səlim Müslümov: "Nazirlikdə şuranın təşkili məsələləri ilə bağlı müvafiq komissiya yaradılıb"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şura ilk iclasını keçirib.
Nazirliyini ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: "Hazırda əmək və sosial müdafiə sisteminin bütün sektorlarında aparılan işlərdə biz vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığa, görülən işlərdə ictimai nəzarətin təmin olunmasına xüsusi önəm veririk. Sosial cəhətdən həssas əhali qruplarını əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilində onların rəy və təklifləri diqqətlə öyrənilərək nəzərə alınır".
S. Müslümov həmçinin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 20-dən çox ixtisaslaşmış QHT, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün nazirlikdə akkreditasiya olunmuş 10 qeyri-dövlət qurumu ilə əməkdaşlıq həyata keçirildiyini bildirib: "Ötən ilin sentyabrında isə nazirliklə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Birgə Əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb ki, bu da dövlət qurumları ilə həmin şura arasında əməkdaşlığa dair imzalanan ilk əməkdaşlıq sənədi olub".
Hazırda nazirliyin ümumilikdə 50-yə yaxın QHT ilə əməkdaşlıq əlaqələrində olduğunu qeyd edən S.Müslümov nazirlik yanında İctimai Şuranın yaradılmasının bu sahədə mühüm addımlardan biri olduğunu vurğulayıb: "Məlum olduğu kimi, "İctimai iştirakçılıq haqqında" qanunda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, qərarların qəbulu və fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar nazirlikdə vətəndaş cəmiyyəti institutlarından ibarət İctimai Şuranın yaradılması qərara alınıb və şuranın təşkili məsələləri ilə bağlı müvafiq komissiya yaradılıb".
Nazir qeyd edib ki, aidiyyəti sahələr üzrə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin komissiyaya müraciət etmələri üçün məlumatlandırma işi aparılıb. Həmçinin bununla əlaqədar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "İctimai Şura" bölməsində ətraflı məlumat yerləşdirilib: "Beləliklə, çoxsaylı QHT-lərin iştirakı ilə keçən toplantıda tam şəffaf və demokratik şəraitdə İctimai Şuranın 15 vətəndaş cəmiyyəti institutundan ibarət tərkibi seçilib. Şurada təmsil olunan vətəndaş cəmiyyətləri barədə məlumatlar da nazirliyin rəsmi internet saytında yerləşdirilib".
S. Müslümov İctimai Şuranın formal bir qurum kimi mövcud olmayacağına və daim işgüzar ruhda fəaliyyət göstərəcəyinə, müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, əmək, məşğulluq, sosial müdafiə sahələrində qərarların qəbulunda, sosial müdafiə işinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib, şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00