Hökumət ciddi struktur dəyişikliyinə qərar verdi
14:03 18-12-2015
İQTİSADİYYAT
Regional Maliyyə İdarələri yaradılır, bunun ardınca isə təxirə düşmüş Regional Təhsil İdarələri formalaşdırılacaq
Təhsilə ayrılan pulları qazanc mənbəyinə çevirənlər üçün "ölüm ssenarisi"...
"Maliyyə Nazirliyinin regional idarələri yaradılır və həmin idarələr rayonlarda Təhsil Şöbələrinə ayrılmış maliyyə vəsaitinin xərclənməsindəki şəffaflıq məsələlərini araşdıracaq". Bu sözləri "Unikal" qəzetinin əməkdaşına hökumət içindəki mənbə söyləyib.
Mənbənin sözlərinə görə Maliyyə Nazirliyinin 15 regional idarəsinin yaradılması nəzərdə tutulub və həmin idarələr bütövlükdə respublikanı əhatə edəcək. Regional maliyyə idarələrinin yaranma zərurəti haqda danışan mənbəmiz bildirir ki, bu yerlərdə təhsilə ayrılan milyonlarla manatın təyinatı üzrə xərclənməsinə effektiv nəzarət mexanizmlərinin işlənməsinə hesablanıb. Belə ki, regional maliyyə idarələri ilə yanaşı hər bir rayon və şəhərdə Maliyyə İdarələri də fəaliyyət göstərəcək. Sadəcə olaraq mövcud Maliyyə İdarələri əvvəlki kimi yerli Təhsil Şöbələrinə ayrılan vəsaitə nəzarət edə bilməyəcək, nəzərdə tutulan dəyişikliklərdən sonra bu işlə yaradılacaq 15 regional maliyyə idarəsi məşğul olacaq.
Bu dəyişiklik isə hər şeydən öncə yerlərdə təhsilə ayrılan pulların təyinatı üzrə xərclənməsini təmin etməkdir. Məlumdur ki, hazırda yeyintilərlə bağlı ən çox şikayət olunan struktur məhz Təhsil Şöbələridir. Belə ki, ayrı-ayrı yerlərdə Maliyyə İdarələrinin rəhbərləri RTŞ müdirləri ilə əlbir olaraq çox ciddi maliyyə maxinasiyalarına imza atır. Bu dəyişikliklərdən sonra isə onlara belə bir fürsət tanınmayacaq.
Regional Maliyyə İdarələrinin yaradılmasının aktuallaşması isə müvəqqəti olaraq təxirə düşmüş daha bir struktur dəyişməsini gündəmə gətirib. Söhbət Regional Təhsil İdarələrinin yaradılması haqda prezident sərəncamından gedir. Bildirək ki, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncamına əsasən Təhsil Nazirliyinin regional idarələri yaradılıb və təhsil şöbələri ləğv olunub. Regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması nəzərdə tutulurdu. Ancaq dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi müvəqqəti olaraq təxirə salınmışdı.
Mənbənin bildirdiyinə görə, artıq bu prosesə də start veriləcək və Regional Maliyyə İdarələrinin formalaşdırılması Regional Təhsil İdarələrinin yaradılması ilə paralel şəkildə aparılacaq. Nəzərdə tutulan bu ciddi struktur dəyişkliyinin zərbəsi isə təhsili qazanc mənbəyinə çevirmiş yerli məmurlara dəyəcək. Heç kimə sirr deyil ki, yerli təhsil şöbələrinin rəhbərləri təmsil etdikləri nazirlikdən çox icra başçılarının sözü ilə oturub-durur, onların "kassalarından" biri kimi çıxış edirdilər.
Nəzərdə tutulan dəyişiklikdən sonra isə icra başçılarının Regional Təhsil İdarələrinin işinə müdaxiləsi faktiki olaraq mümkün olmayacaq. Çünki onlar arasında hansısa tabeçilik münasibətləri qalmayacaq və bu da özlüyündə ölkə təhsilinin lüzumsuz məmur müdaxiləsindən azad olunması anlamına gələ bilər. Eyni zamanda Regional Maliyyə İdarələrinin fəaliyyətə başlaması təhsilə ayrılmış vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin yoxlanmasını mərkəzləşdirəcək ki, bu da əvvəllər müşahidə olunan neqativ halların tamamilə olmasa da əsaslı şəkildə aradan qalxacağını düşünmək üçün əsaslar yaradır.
Başqa sözlə, hökumət nəzərdə tutulan dəyişiklikləri həyata keçirməklə təhsilə ayrılan pulları qazanc mənbəyinə çevirənlər üçün "ölüm ssenarisi" cızmış oldu.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52