Şirzad Abdullayevə bəd xəbər
14:01 19-12-2015
CƏMİYYƏT
Sahibkarlığa Kömək Milli Fondu ilə bağlı şikayətlər araşdırıla bilər
Son vaxtlar Azərbaycanda sahibkarlara qarşı özbaşınalıqlara yol verən məmurlar barədə sərt tədbirlər görülür. Ölkədə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı istiqamətində mənfi meyllərin aradan qaldırılmasına hesablanan belə addımlar təqdirəlayiqdir.
Əldə etdiyimiz məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) şikayətlərin artması hökumət dairələrində narahatlıq yaradıb. Elə ona görə də həmin şikayətlərin araşdırılması planlaşdırılır.
Xatırladaq ki, 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkənin müstəqillik əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən biri kimi qarşıya çıxdığı bir zamanda-12 oktyabr 1992-ci ildə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulmuş və bu qurumun fəaliyyəti ilə bağlı lazımi tədbirlər görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il dekabr 504 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsait istifadəsi Qaydaları" ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət mexanizmi dəyişdirilərək regionlarda Fondun nümayəndəliklərinin yaranması və sahibkarlıq subyektlərinin bir başa Fonda və regionalarda yaranmış nümayəndəliklərinə müraciət etməsi reallaşdı, Fondun idarəetmə orqanı olan Müşahidə Şurası yarandı və güzəştli kreditlərin verilməsi kimi dəyişikliklər baş verdi.
Amma Şirzad Abdullayevin rəhbərlik etdiyi qurumun qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsində obyektiv və şəffaf davrandığına dair son vaxtlar xeyli şübhələr yaranıb. Fonddan sahibkarların şikayətlərinin artması da belə şübhələrin güclənməsinə rəvac verir.
Uzağa getməyək, elə bu günlərdə iş adamı Ramil Hüseynov ölkə rəhbərliyinə müraciət edərək, SKMF-nun sədri Şirzad Abdullayevdən gileylənib. Sahibkar yazır ki, adıçəkilən məmur onu intihar həddinə çatdırıb: "2015-ci ilin mart ayında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün 50 min manat kredit almışam. Əslində isə mənim biznes-planıma və qoyduğum girova əsasən 120 min manat kredit almalı idim. Lakin məni aldadaraq 50 min manat verdilər… Məndən rüşvət istəyirlər, vermirəm deyə bu sayaq işimə maneə törədirlər. Mən artıq bu süründürməçilikdən bezib, bir sahibkar, bir şəhid ailəsi kimi özümü öldürmək istəyirəm…".
Qeyd edək ki, SKMF-nin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Fondun vəsaitləri hesabına ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək; fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək; fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək; fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək; sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və s. kimi vəzifələr qurumun əsasnaməsində əksini tapıb. Fondun əsas vəzifələrindən biri də ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərməkdir. Amma ölkədə qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin real durumu Fondun hazırkı rəhbərliyinin öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyini şübhə altına alır. Ötən ilki rəsmi statistikaya inansaq, SKMF hər il sahibkarlara orta hesabla 150 milyon manata yaxın güzəştli kredit verib. Ancaq həmin vəsaitlərin qarşılığında ölkədə yerli istehsalın göstəriciləri, məhsul bolluğunun yaranmaması, ixracat rəqəmlərində ciddi artımın müşaiyət edilməməsi və s. əndişə doğurur. Bu güzəştli kreditlərin verilməsində şəffaflıq prinsiplərinin gözlənildiyinə dair şübhələri artırır. .
Elə həmin şübhələrə aydınlıq gətirilməsi üçün də Sahibkarlığa Kömək Milli Fondu ilə bağlı şikayətlərin araşdırılması gözlənilir. Araşdırmalar baş tutar və sahibkarların bu qurumdan şikayətlərinin haqsız olmadığı ortaya çıxarsa, bunun SKMF rəhbərliyinə ciddi başağrısı yarada biləcəyi istisna deyil.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18