Manatın dəyərini qorumaq istəyiriksə...
14:02 19-12-2015
CƏMİYYƏT
Neftin qiyməti nə qədər ki aşağıdır, dollar möhkəmlənməkdə davam edəcək. Bunu iqtisadçı ekspert Pərviz Heydərov neftin dünya bazarlarındakı qiymətinin düşməsi tendensiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini 0,25 % artırması ABŞ-ın özündən çox kənarında rezonans yaradıb. Bu da təbiidir, o mənada ki, dolların daha da bahalaşağı ehtimalı ortaya çıxıb ki, bu da digər ölkələrin valyutaları üçün gərginlik vəd edir: "Xatırladaq ki, FES tərəfindən qəbul edilən qərar 2006-cı ildən sonra qəbul elmiş ilk analoji qərardır. Əvvəlki qərardan sonra ABŞ-da başlanan ipoteka böhranı nəticəsində qlobal iqtisadi və maliyyə böhranı (2008-2009) ortaya çıxdığından sözügedən faiz dərəcəsi minimumadək - 0-0,25 %-dək azaldılmışdı. Lakin qeyd olunan böhran artıq arxada qalxdığından, üstəlik ABŞ iqtisadiyyatında əhəmiyyətli irəliləyişlər əldə olunmağa başlandığından FES-in uçot dərəcəsinə yenidən baxması üçün zərurət yaranmışdı.
Yeri gəlmişkən, ABŞ kimi bir ölkədə işsizlik noyabr ayı ərzində minimuma enib. İnflyasiya amili qənaətbəxş səviyyədə inkişaf etməyə başlayıb. O cümlədən iqtisadi artım tempi də 3 %-dən az təşkil etməyib. Qısası, ABŞ mərkəzi bankı tərəfindən baza faiz dərəcəsinin artırılmaması üçün ortada heç bir əsas qalmamışdı. Üstəlik, artıq neçənci dəfə idi ki, adıçəkilən qurumun hər iclası ərəfəsində baza faiz dərəcəsinin artırılacağı haqda anons da verilmişdi. Bu isə onun real olaraq həyata keçirilməsindən daha çox mənfi təsirlər yaratmasına gətirib çıxarırdı. Odur ki, FES, nəhayət ki, bu addımı atacaqdı".
Ekspert bunun mənfi təsirlərinə də aydınlıq gətirib: "ABŞ valyutası, onsuz da, möhkəm idi və daha da möhkəmlənməkdə davam edirdi. İkincisi, artım cəmi 0,25 faizdir. Üçüncüsü də ki, dünya neft bazarlarında neftin qiyməti nə qədər ki aşağıdır, dollar, onsuz da, bir o qədər möhkəmlənməkdə davam edəcəkdir".
Lakin P.Heydərov hesab edir ki, bütün bu söylənilənlər nöqteyi-nəzərindən FES-in qərarını əslində, alqışlamaq lazımdır: "Belə ki, bir var ki, atılacaq addımın "xofu" və psixoloji təsiri ola, bir də var ki, ortada artıq, konkret olaraq atılmış addım ola. Bu mənada, bazarlara psixoloji təsir cəhdləri aradan qalxdı. Odur ki, bunun müqabilində ciddi nəsə baş verəcəyini gözləməyə dəyməz. Əksinə, hesab edirəm ki, bu, neftin qiyməti ilə bağlı tendensiyalar üçün də zəruri və vacib təsir əhəmiyyəti daşıyacaq".
İqtisadçının fikrincə, Azərbaycan manatın dəyərini qoruyub saxlamaq istəyirsə, onun neftə bağlılığından yaxa qutarmasına nail olmalıdır: "Ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xiidmətlərin satışından da xarici valyutaların axışına müvəffəq olmalıyıq. Dollar bütün dünyada möhkəmlənir - bu, özünü təkcə, bizim bazara daxil olduqdan sonra göstərmir. Ona görə də çalışmalıyıq ki, daha çox qazanaq - ölkəyə gələn gəlirlərin həcmini artıraq. Hansı ölkənin ki, dünya bazarlarına çıxartmağa çox növ məhsulu var, FES-in qərarı, əslində, həmin ölkələr üçün geniş meydan açacaq..."
İlkin İzzət
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18