Deputatlar yeni qaydalarla bağlı qanun layihəsini qəbul etdilər
14:05 19-12-2015
CƏMİYYƏT
"Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi"nə dəyişiklik edilib
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov məlumat verib.
Z. Əsgərov deyib ki, layihənin məqsədi hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, "Şöhrət" ordeni və "Şah İsmayıl" ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.
Milli Məclisdəki hərbi qulluqçuların dəfn mərasimlərinin təşkilini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Səyavuş Novruzov dedi ki, əsgər, gizir və çavuşların dəfn qaydası ümumi olmalıdır: "Biz bir yeni qanun layihəsi hazırlayırıq, onu parlamentə təqdim edəcəyik. Orda göstərilir ki, insanlar eyni qaydada dəfn olunmalıdır, məzarların ölçüsü də eyni olmalıdır. Ancaq bu, bizim hərbçilərimizə aid edilmir".
Deputat Əli Hüseynli isə dedi ki, son illər orduda nizam-intizam qaydalarına əməl edilməsi gücləndirilib, bu da təqdir olunmalıdır. Deputat Aqil Abbas təklif verdi: "Türkiyədə belə bir adət var, şəhid əsgərin harda dəfn olunmasından asılı olmayaraq şəhid məzarlarının üzərinə bayraq qoyulur, hamı bilir ki, həmin məzarlıqda şəhid dəfn olunub. Bəlkə biz də dəfn olunan şəhidin məzarının üzərinə bayrağımızı asaq. Bu da bir ehtiramdır, hörmətdir".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov "Maraqlı təklifdir, gələcəkdə ona da baxmaq olar, niyə də olmasın. Biz hələlik qanunu qəbul edək, sonra dəyişikliklər kontekstində ona da baxmaq olar"-dedi.
Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb. Layihə səsə qoyularaq qəbul olunub.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18