Bəzi məmurlar vətəndaşları pis vəziyyətdə qoydular
12:27 23-12-2015
CƏMİYYƏT
Onların supermarketləri böyük soyğuna başladılar
Srağagün elan olunan devalvasiya ölkədə az qala bütün məhsulların, ilk növbədə isə ərzaq və gündəlik tələbat mallarının satışına elə ilk saatlardanca təsir göstərdi.
Paytaxtın alış-veriş mərkəzləri görünməmiş ajiotajla üzləşdi. Hamı "daha böyük bahalaşma olacaq" təlaşı ilə əlindəki ucuz manatdan qurtulmağa, gündəlik tələbat mallarını həftəlik, aylıq tələbatından da artıq almağa çalışdı. Vəziyyəti daha da dramatikləşdirən ən əsas məqamlardan biri də o idi ki, iri firmalar mağazalara, supermarketlərə mal verməyi dayandırdı.
Oxşar vəziyyət dünən də davam edib. Belə ki, mağazalara yeni məhsul gətirilməyib. Bəzi supermarket şəbəkələri bir neçə gün əvvəl aldıqları malları köhnə qiymətlərlə satır.
"Qız qalası" supermarketi əməkdaşının sözlərinə görə, həmişə məhsul aldıqları firmalardan bu gün səhər saatlarında onlara zəng olunaraq xəbərdarlıq edilib ki, hələ yeni mal gətirə bilməyəcəklər: "Yəqin ki, dolların bahalaşmasına görə qiymət müzakirəsi gedir".
"Favorit" supermarketlər şəbəkəsinin Binəqədi qəsəbəsində yerləşən şöbələrinin biri isə səhər saatları olmasına baxmayaraq bağlı idi. Yaxınlıqdakı mağazaların satıcılarının sözlərinə görə, səbəb dolların bahalaşması ilə əlaqədar məhsullarda gözlənilən qiymət artımıdır: "Yəqin kalkulyasiya gedir. Qiymətlərin dəqiqləşməsini gözləyirlər".
Adıçəkilən supermarketin Rəsulzadə qəsəbəsindəki şöbəsi isə saat 10:30-dan etibarən fəaliyyətə başlayıb, özü də yeni qiymətlərlə. "Bəzi məhsulların üstündə köhnə qiymətlər qalıb, hələ çatdırıb dəyişə bilməmişik" - deyə mağaza əməkdaşı məlumatı təsdiqləyib.
İstənilən bir məhsuldakı qiymətlərin dəyişməsinə nəzər salanda ümumi mənzərəni də müəyyən etmək çətin deyil. Məsələn, əvvəllər 1 manat 70 qəpiyə satılan 450 qramlıq "Ariel" yuyucu tozu bu gündən etibarən 2 manat 10 qəpiyə satılır.
"Araz" supermarketində də qiymət yenilənməsi prosesi müşahidə olunub. Belə ki, məhsulların böyük əksəriyyətinin üzərindəki qiymətlər çıxarılıb. Digər yarlıqlar isə mağaza işçiləri tərəfindən yavaş-yavaş çıxarılır. Bir azdan onların yeniləri ilə əvəz olunacağı bildirilir. Bu isə müştərilərin narazılığına səbəb olub.
Alıcı Rəfiqə Seyidova şikayətlənib ki, almaq istədiyi heç bir məhsulun üzərində qiyməti görə bilmir deyə büdcəsinə uyğun olanı seçməkdə də çətinlik çəkir: "Dəqiqəbaşı da soruşmaq olmur ki, o neçəyədir, bu neçəyədir..."
Mağaza əməkdaşları əllərindəki xüsusi aparatın köməyi ilə məhsullara qoyulan yeni qiymətləri öyrənir və müştərilərə deyir.
Maraqlıdır ki, adıçəkilən supermarketlərin hər birində dünən də firmalar tərəfindən yeni məhsul gətirilmədiyini təsdiqləsələr də məhsullar artıq yeni qiymətlə, daha dəqiq desək, baha satılır.
Digər alıcı Adil Qurbanov da qiymət fərqi ilə əlindəki çekdən tanış olur. Deyir ki, əvvəllər 2,17 manata aldığı kərə yağı artıq 2,61 manata satılır.
"İnşaatçılar" metrosunun yaxınlığında yerləşən "Bizim market" supermarketi saat 12:00 radələri olmağına baxmayaraq hələ də fəaliyyətə başlamamışdı. Bu da alış-veriş üçün mağazaya üz tutan müştərilər arasında narazılıq doğurub.
Maraqlıdır ki, bəzi müştərilərdə qiymətlərin artmayacağına dair əminlik olub. Ona görə də onlar marketin bağlı olmasına daha aqressiv yanaşıblar.
Qeyd etmək yerinə düşər ki, Bakıdakı əksər iri supermarketlər və ya supermarketlər şəbəkəsinin arxasında müəyyən məmurlar dayanır. Belə çıxır ki, hazırda paytaxtda vətəndaşların çətin vəziyyətə düşməsini, onların faktiki olaraq soyğuna məruz qalmasının arxasında həm də bəzi vəzifəli şəxslərin fərdi biznes maraqlarını axtarmaq lazımdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00