Klinton müxalifətlə niyə “yox” dedi?
12:24 08-06-2012
İQTİSADİYYAT
Klinton müxalifətlə niyə “yox” dedi?
Dövlət katibi bununla Gürcüstandan fərqli olaraq, Azərbaycanda hakimiyyət dəyişikliyi olmayacağı mesajını çatdırıb
ABŞ dövlət katibi Hillari Klintonun Qafqaza səfəri başa çatdı. Azərbaycanda da bir sıra mühüm görüşlər keçirən xanım Klinton səfərdən razı qaldığını dilə gətirib. Bu səfər öncəsi bir sıra gözləntiləri olan müxalifət düşərgəsi isə həddindən artıq çətin vəziyyətə düşüb. Çünki onlar Klintonun Bakıda "hakimiyyət dəyişikliyi" və "demokratiya" mesajları verəcəyini öncədən bəyan edirdilər. Amma bunların heç biri baş vermədi.
Bildirək ki, ABŞ-ın dövlət katibi Gürcüstanda olarkən yerli müxalifət liderləri ilə görüş keçirdi. Həmin görüşdə müxalifətin fikirləri və gələcəklə baxışlarını öyrənməyə çalışan sözügedən şəxs bununla ölkəsinin hakimiyyətinə tutarlı bir dosye təqdim edəcək. Tiflisdə belə bir addımın atılmasının səbəbləri o idi ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin hakimiyyət dövrü gələn il başa çatır. Növbəti dəfə prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan edən Saakaşvilidən sonra Gürcüstanın gələcəyinin kimlərə etibar etmək ABŞ üçün çox vacibdir. Qafqazda nümunə dövlət yaradan Vaşinqton Tiflisin idarəçiliyinin kimlərin əlinə keçəcəyini indidən müəyyən etməklə, gələn kimə dəstək verəcəyini də indidən müəyyənləşdirmək istəyib.
Bəs, Azərbaycanda niyə müxalifət liderləri ilə görüş olmadı? Əslində, Klintonun atdığı bu addım ciddi bir mesaj idi. Yəni, o, Gürcüstandan fərqli olaraq, Azərbaycanda hakimiyyət dəyişikliyi olacağı mesajını vermiş oldu. Belə ki, yerli müxalifət bir ildən çoxdur ki, ölkəmizdə "ərəb baharı"nın olacağını bəyan edir. Ərəb ölkələrində baş verənlərin Bakıda da təkrarlanması üçün ötən ilin aprelindən başlayan proseslər isə nəticəsiz qalmaqdadır. Keçirilən aksiyalar, mitinqlər və piketlərə qatılanların azlığı onu göstərdi ki, bu gün Azərbaycanda cəmiyyət müxalifətə o qədər də etibar etmir və inanmır. Üstəlik, dəstək vermək kimi bir niyyəti də yoxdur.
Digər tərəfdən, Qərbin siyasi dairələri Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməkdə çox maraqlıdır. Bunu Avropa ölkələrinin rəhbərləri də açıq şəkildə bəyan edirlər. ABŞ isə faktiki olaraq yaxşı münasibətdə olduğu Azərbaycan iqtidarı ilə əlaqələrini korlamaq fikrində deyil. Elə bu səbəbdəndir ki, rəsmi Bakı ilə yaxşı münasibətlər quran Vaşinqton müxalifəti dəstəkləmək fikrindən uzaqdır. Klintonun səfərində də bunu aydın görmək olardı. Daha doğrusu, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə bir araya gələn Hillari Klinton orada da dolayısı ilə vurğulayıb ki, Azərbaycanda hakimiyyət dəyişikliyi gözləyənlər yanılırlar və Amerika bu məsələdə onlarla birlikdə deyil.
Müxalifət düşərgəsi isə böyük ümid bəslədiyi bu səfərdən yetərli nəticəni ala bilmədiyindən narahatdır. Bir tərəfdən, cəmiyyəti inandırmaq üçün bu görüşdən səmərəli istifadə edəcəkdi. Digər tərəfdən isə Klintonla görüşdən ətrafına yığdığı qüvvələri sabit saxlamaq üçün istifadə edəcəkdi. Amma faktiki olaraq narahatlıq yaranıb ki, kiçik elektoratı necə saxlaya biləcəklər. Halbuki onları əsasən "Qərb bizə dəstək verir" nağılları ilə sakitləşdirə bilirdilər.
Bundan sonrakı mərhələdə şübhəsiz, müxalifət düşərgəsi vəziyyəti dəyişmək üçün yeni addımlar atmağa çalışacaq. Əks təqdirdə, cəmiyyətin kiçik parçasını belə ətrafından itirə bilər. Həmin addımların nələrdən ibarət olacağı isə tam dəqiq deyil. Amma bu sırada mitinqlərin yenidən gündəmə gələcəyi istisna deyil. Çünki aksiyalara başlamaqla yenidən vəziyyəti gərginləşdirmək istəyən müxalifət, həm də diqqəti özünə cəlb etməyə çalışacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00