Fürsətçi işbazlar iş başında: süni bahalaşma dalğası
12:52 24-12-2015
CƏMİYYƏT
Dükanlar mal satışından qeyri rəsmi olaraq imtina edib, nəzarət yetərincə deyil
Dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra paytaxtın bir çox ticarət nöqtələri qapılarını müştəriləri üçün bağlayıb. Yalnız bəzi supermarket şəbəkələri bir neçə gün əvvəl aldıqları malları köhnə qiymətlərlə satıb, digər mağazalarda isə qiymətlər artırılıb.
Baş verənlər isə istehlakçı hüquqlarının pozulması ilə yanaşı sosial narazılığı artıran faktora çevrilib. İndi reallıq bundan ibarətdir ki, bəzi dükanlar faktiki olaraq satışı dondurub, onlar hesab edirlər ki, yaxın günlərdə bahalaşma olacaq və köhnə malları da bu məqsədlə anbarlarda gizlədirlər. Bu isə haqlı olaraq narazılıqların artmasına səbəb olur. Vəziyyət isə müvafiq dövlət qurumlarından dərhal hərəkətə keçməyi və bu fürsətçi işbazları cəzalandırmağı tələb edir. Düzdür, bu istiqamətdə müəyyən addımların atıldığını etiraf etmək lazımdır, lakin fakt bundan ibarətdir ki, görülən tədbirləri yetərli saymaq da olmaz.
Bəzi iri olmayan dükanlarda isə hətta yerli istehsal olan şəkər tozu, düyü və çay satışdan yığışdırılıb. Müşahidələr göstərir ki, paytaxt mağazalarında əsasən ərzaq, məişət və elektrotexnika, telefon mağazaları satışdan imtina edib. Mağazaların sahibləri satışı dayandırmalarına səbəb kimi, dolların kursunun hər gün yüksəlməsini göstərirlər. Bir çox apteklərdə də satış dayandırılıb.
İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcəyinin anonsu da verilib. Bu barədə isə açıqlamasında Tehranda rəsmi səfərdə olan İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib: "Təbii ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq".
Şayiələr isə bir ucdan istehsal olunur. Təbii ki, bu işdə maraqlı olan siyasi qüvvələr də var və onlar əhali arasında panikanın yaranmasını istəyirlər. Həmin qüvvələrin yaydığı şayiələrdən biri isə guya yaxın günlərdə benzinin qiymətində də bahalaşmanın olacağı ilə bağlıdır. Halbuki verilən rəsmi açıqlamalar bu şayiələri dəfələrlə təkzib edib.
"SOCAR Petroleum" şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Bunu isə ötən günkü açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib. Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: "Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk".
Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala "Azpetrol"dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: "Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib".
Bununla belə bəzi məhsulların qiymətində kəskin bahalaşma danılmazdır. Məsələn, bir neçə günlük tərəddüdlərdən sonra Azərbaycanda siqaretlərin yeni topdan və pərakəndə satış qiymətləri müəyyənləşib. Bu barədə məlumatı siqaret satışı ilə məşğul olan şəxslər veriblər. Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50% bahalaşıb. Son devalvasiya daha çox siqaretin qiymətlərinə təsir edib.
Qeyd edək ki, bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdiu. "European Tobacco Baku" şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.
Ötən gün isə paytaxtdakı bəzi mağazalarda çörəyin bahalaşması müşahidə olunub ki, bu da sırf özbaşınalığın göstəricisi sayılmalıdır. Belə ki, Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər. Belə ki, artıq paytaxt və digər bölgələrdəki bəzi marketlərdə çörəyin qiyməti qaldırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.
Mağazada alış-veriş edən xanımlardan biri əməkdaşımıza deyib ki, qiymətləri süni şəkildə qaldırırlar: "Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar, sonra isə bahalaşma baş verir".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 09:46:15
2024-11-27 09:45:39
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10