Oqtay Şirəliyev dərman bazarına nəzarəti itirib
13:01 24-12-2015
CƏMİYYƏT
Səhiyyə Nazirliyi qiymət tüğyanına niyə müdaxilə etmir?
Dolların bahalaşması dərman bazarına da mənfi planda ciddi təsir etdi. Son iki gündə dərmanların qiyməti 20 faizədək artıb. Hətta Tarif Şurası tərəfindən qiyməti tənzimlənən dərmanlar da bahalaşıb.
Amma bu da son deyil. Dərmanların yenidən bahalaşacağı proqnozlaşdırılır. Tarif Şurasının və səhiyyə nazirinin müavini Elsevər Ağayevin dolların bahalaşmasından sonra qiymətlərə yenidən baxılacağı barədəki açıqlamaları da qiymət artımının davam edəcəyini söyləməyə ciddi əsas verir.
Metronun "Əhmədli" stansiyasının yaxınlığında az qala bir-birinin qonşuluğunda 4 aptek fəaliyyət göstərir. Amma dərmanların qiyməti hər birində fərqlidir. Məsələn, mədə xəstələri üçün təyin edilən "Nexium" (40 mg) həbləri apteklərin birində 20, digərində 22 manata satılır.
Aptekin əczaçısı Emin Məmmədov deyir ki, ilin əvvəlində bu həbləri 14 manat 80 qəpiyə satıblar. Sentyabrda qiymət 18 manata yüksəlib. İndi isə 22 manata satılır: "Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərmanlar elə də bahalaşmayıb. Bəzi dərmanlar 1-2 manat bahalaşıb. Amma qiyməti tənzimlənməyən dərmanlar 20-30 faiz bahalaşıb. Məsələn, "Betaserc" həblərinin qiyməti 8 manatdan 14 manata, "Coenza QL" həbləri 5 manatdan 7 manatadək bahalaşıb".
Əczaçı deyir ki, balıq yağları, vitaminlər, ağrıkəsicilər də bahalaşan dərmanlar sırasındadır.
"Zəfəran" apteklər şəbəkəsində bahalaşma ilə bağlı sualları cavablandırmayıblar. Amma bu ayın əvvəlinədək 40 qəpiyə satılan "Nimesil" ağrıkəsicilərinin bir paketinin qiyməti 60 qəpik olub. Müşahidələrə görə, alıcıların təqdim etdiyi reseptlərdə göstərilən dərmanların bəziləri satışda yoxdur.
Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığındakı apteklərdən birinin əczaçısı Nərminə Vəliyeva bir alıcısının reseptində yazılmış dərmanlardan nümunə göstərib: "Biz "Nazoneks" burun damcısını ötən il 17 manata satırdıq. İndi qiyməti 50 faiz artıb. "Oksiprogesteron" iynəsini 13 manata satırdıq. İndi bu iynələrdən gətirilmir, tək-tək satan apteklər isə "qiymət oxuyur". "Benevron", "Ferrum Lek" və digər B qrupundan olan vitaminlərin qiymətində də 2-5 manat bahalaşma var".
Metronun "Nərimanov" stansiyasının yaxınlığındakı apteklərdə də bahalaşma müşahidə edilib. Məsələn, ötən ay 70 qəpiyə satılan "Taufon" göz damcısının qiyməti 2 manat olub.
"Avis" aptekinin əczaçısı bu barədə jurnalistin sualına əsəbi cavab verib: "Bu gün bütün alıcılar narazılıq edir. Bahalaşmanın günahkarı biz deyilik. Hansı qiymətə deyirlər, elə də satırıq".
Amma müşahidələr göstərir ki, adi spirt, pambıq, şpris də bahalaşıb.
"Zeytun" aptekinin adını açıqlamaq istəməyən əczaçısı isə Tarif Şurasının qərarını gözləməyi məsləhət görüb: "Tarif Şurasının qərarını gözləyirik. İndi qeyri-müəyyənlikdir. Yəqin ki, tez bir zamanda qərar veriləcək".
Əczaçı deyib ki, dolların bahalaşmasından sonra qiymətlərin artacağı gözlənilirdi: "Dərmanlar xaricdən dollarla alınıb gətirilir. Buna görə də bahalaşma normaldır".
Qeyd edək ki, əsasən firma dərmanlarının qiymətində ciddi artım müşahidə edilir.
"Nərimanov" metrosunun yaxınlığındakı aptekin sahibi Nazim Məmmədov deyib ki, Hindistan istehsallı dərmanlara nisbətən Türkiyə, Almaniya və digər ölkələrdən gətirilən dərmanların qiyməti artıb: "Biz nisbətən ucuz olan əvəzləyicilərdən təklif edirik. Məsələn, "Ampicillin" tərkibli dərmanların qiyməti fərqlidir. Bəzən alıcı məhz həkimin yazdığını tələb edir. Həkim isə daha tez və yaxşı nəticə üçün bahalı dərman təyin edir".
N.Məmmədov dolların bahalaşmasından sonra satışın zəiflədiyini də qeyd etdir: "Aptek sahiblərinə bahalaşma niyə sərf etsin ki?! Tarif Şurası bəlli dərmanların qiymətini müəyyənləşdirib. Yüzlərlə dərman preparatının qiyməti isə hələ də tənzimlənməyib. Qiymətləri biz müəyyənləşdirmirik. Firmalar hansı qiyməti deyirsə, biz də o qiymətə satırıq".
Qeyd edək ki, qiymətlərin artırılması ilə bağlı iş adamları tərəfindən Tarif Şurasına müraciət olunub. Yaxın günlərdə dərmanların qiymətinə yenidən baxılacaq.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev də qiymətlərə yenidən baxılmasını təklif edib: "Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar bu qiymətə məhsul gətirə bilməyəcək".
Onu da qeyd edək ki, dollar bahalaşandan sonra 3540 adda dərman yeni qiymətlə satışa çıxarılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liliya Bayramova isə deyib ki, dərmanların qiymətinin artması ilə bağlı nazirliyə şikayət daxil olmayıb.
Oqtay Şirəliyevin nazirliyinin bu reaksiyası təəccüb doğurur. Vətəndaşların dərmanların qiyməti ilə bağlı kütləvi narazılıqlarını dilə gətirdiyi, aptektlərdən isə bahalaşmanın inkar edilmədiyi bir vaxtda Səhiyyə Nazirliyi problemə müdaxilə etmək üçün təşəbbüs göstərmək əvəzinə quruma şikayət daxil olmasını gözləyirsə, buna hər hansı məntiqli izah vermək çətindir.
Görünür, Şirəliyevin nazirliyinə öz səlahiyyətlərini xatırlatmağa əşhədü-ehtiyac var.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18