"Banklar tərəfindən kreditlərin ötən illərdə olduğu kimi aktiv şəkildə verilməməsi likvidlik problemi ilə bağlı deyil. Bu gün Azərbaycan banklarının müxbir hesablarında tələb olunandan 4 dəfə artıq vəsait, likvidlik var. Əgər banklar kredit vermirsə, öz mənfəətindən imtina etmiş olur. Heç bir biznes bunu etməz. Sadəcə bank təhlilçiləri kredit müraciətlərinə baxarkən ödəmə qabiliyyətli müştərilərə, dayanıqlı, mənfəətli ola biləcək layihələrə müsbət cavab verməlidir.
Unikal.org xəbər verir ki, bunu ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanın bank sektorunda kreditləşmənin hələ də zəif olmasına münasibət bildirərkən deyib.
Palata rəhbəri bank filiallarından kənar valyuta-dəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi imkanları barədə sualı da cavablandırıb: "Burada həll olunmalı məsələ yoxdur. Əgər bu bazar günü 1 filialı işləyən 2 bank istirahət günləri bütün filiallarını işlətməklə mənfəət əldə edə biləcəklərini görsəydi, yəgin ki bunu edərdilər. Bu, xidmətin təklif tərəfidir. Məsələnin tələb tərəfinə gəlincə isə, bütün dünyada bayramlara bank bayramı kimi baxırlar. İnsanlar bilirlər ki, bayram günləri banklar işləmir. Buna görə də, şənbə-bazar günləri üçün hər kəs işini planlaşdırır, ən geci 5-ci gün valyuta mübadiləsi edir. Əgər kimsə bunu edə bilməyibsə, yaxud təcili mübadiləyə ehtiyacı yaranıbsa, artıq bunu "növbətçi banklarda edir.