"Övladınızın istedadının nəticəsidir ki, o, regionun ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir"
Unikal.org-un məlumatına görə, bu sözləri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il Jurnalistika fakültəsinin fərqlənmə ilə bitirən gənc jurnalist Rəşid Mustafazadənin valideynlərinə yazdığı məktubda qeyd edib.
Məktubda daha sonra deyilir:
"Hörmətli valideyn!
Bakı Dövlət Universitetinin rektorluğu, bütün professor-müəllim heyəti adından və şəxsən öz adımdan Sizə - ləyaqətli övlad yetirmiş bir insana dərin minnətdarlığımı bildirirəm.
Sizin övladınız Mustafazadə Rəşid Həsən oğlu təhsil aldığı müddətdə özünü çox yetkin, vətənpərvər, bütün xüsusiyyətlərinə görə əsl Universitet tələbəsi kimi göstərmişdir. Sizin ailədə yaratdığınız sağlam mühitin və verdiyiniz yüksək tərbiyənin, övladınızın istedadının nəticəsidir ki, o, regionun ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
Bu münasibətlə Sizi təbrik edir, Sizə yüksək intellektual səviyyəli və müasir dünyagörüşlü övladı boya-başa çatdırdığınıza görə təşəkkürümü bildirir, gündən-günə çiçəklənən Respublikamızın daha xoşbəxt gələcəyi naminə övladınızla bağlı yeni sevinclər arzulayıram".
Bundan əlavə, R. Mustafazadə universitet rəhbərliyi adından oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə və ictimai fəallığına görə Məzun günü münasibətilə "Fəxri fərman"la təltif olunub.
Qeyd edək ki, Mustafazadə 2012-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub, 2014-cü ilin sentyabrında universitetin Tələbə Həmkarlar Təşkilatının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin edilib, 2014 və 2015-ci illərdə BDU-da "İlin ən yaxşı tələbəsi" fəxri adına layiq görülüb.
O, jurnalistlərə həsr olunan "Media kamp, "Gənc Əkinçi, "Online Media və s. layihələrdə aktiv iştirakına görə sertifikatlarla təltif olunub. Bundan əlavə, "Ağır Dəryası, "Parlaq Zəka, "Nə? Harada? Nə zaman?, "Zəka Savaşı,"Brain Ring kimi intellektual oyunlarda nailiyyətlər əldə edib.
R. Mustafazadə hazırda yerli və xarici KİV-lərlə sıx əməkdaşlıq edir. O, "BDU On/Off, "Mənim İmzam, "Dilimizə dəstək, "Rəsulzadənin Gəncliyə Xitabı, "BDU ÜÇÜN OXU və s. yaradıcı layihələrə rəhbərlik edib.