Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) verdiyi fətvaya əsasən, Ramazan bayramı iyulun 6-na təsadüf edəcək.
Müsəlman aləmi həmin gün eyni zamanda Ramazan ayının bitməsini bildirən Fitr bayramını qeyd edəcək. Müsəlmanlar bu günü fitrə zəkatı çıxaraq ehtiyacı olanlara yardım edirlər. Fitrə zəkatını kimlər və nə qədər ödəməlidir?
Unikal.org xəbər verir ki,Modern.azsaytının bu qəbildən olan suallarını "Məşədi Dadaş" məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli cavablandırıb.
İlahiyyatçı deyib ki, adambaşına orta hesabla 10-15 manat fitrə zəkatı çıxarılmalıdır:
"Fitrə zəkatı ailənin hər bir üzvü adından 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü, xurma və s. bu növ ərzaq məmulatlarının dəyəri qədər çıxarılmalıdır.
Orta hesabla adambaşına 10-15 manat fitə zəkatı düşür. Qafqaz Müsəlmanları İdarəsi ailənin hər bir üzvü adından 10-15 manat məbləğ müəyyən edib. Amma bazarda qiymətlərə baxıb daha aşağı məbləğ müəyyən etmək olar. Rəqəmin hesablanması insanların öz ixtiyarındadır. Məsələn, 3 kiloqram arpanın dəyəri çox ucuz ola bilər. Yəni, hər kəs öz büdcəsinə uyğun zəkat verə bilər.
Fitrə zəkatının mahiyyəti budur ki, verilən zəkat hesabına yoxsul öz evində bayram keçirə bilsin.
O bildirib ki, imkanı olub fitrə zəkatı çıxarmayan insan günaha batır:
"Öz ehtiyacını ödəyə bilən insanlar fitrə zəkatı ödəməlidir. Amma imkanı olub fitrə zəkatı ödəməmək günahdır. Eyni zamanda orucun qəbul olunmasının vacib şərtlərindəndir. Yəni, oruc tutan şəxs fitrə zəkatı verməzsə, onun orucu qəbul olunmaz.
Amma insan gündəlik olaraq minimal ehtiyaclarını ödəyə bilirsə, fitrə zəkatı verməlidir. Gündəlik ehtiyaclarını təmin edə bilməyən insanlar fitrə zəkatından azaddırlar.
Hacı Şahin fitrə zəkatının qohumda, qonşuda imkanı olmayan, yoxsul insanlara verilməsini məqbul hesab edir:
"Yaxşı olar ki, insanlar zəkat onlardan istənilmədən verilsin. Dilənçilik dində bəyənilən əməl deyil. Yəni əgər bir şəxsin ehtiyac içində olduğunu bilirsinizsə, fitrə zəkatını ona verin.
Amma kimsə dilənən insana fitrə zəkatı verirsə, bu o demək deyil ki, o, düz etmir. Daha yaxşı olar ki, bizə ağız açmayan, abır-həyasına sığınan, qohum, qonşuya verilsin.