Son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşı hələ də qoyulmayıb.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Məlumata görə, şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirib. Lakin sonradan onların ailələrinə məlumat verilib ki, baş daşlarını Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti düzətməlidir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, şəhidlərin valideynlərinin müraciətində bir az yubanma olub.

Əməkdaşımızın "Şəhidin baş daşının qoyulması üçün ailəsi müraciət etməlidirmi? sualına isə cavab belə oldu: "Biz heç bir valideynin müraciət etməsini gözləmirik. Məsələ həll olunacaq. Hər 3 şəhidin də qəbir üstü tərəfimizdən düzəldiləcək. Baxmayaraq ki, valideynlər bizə müraciət etmirlər, amma biz o məsələni nəzarətdə saxlayacağıq. Şəhidlərin ailələrinə diqqət olmur dedikdə nəyi nəzərdə tuturlar? İstər yas mərasimləri, istərsə də digər məsələlərdə tərəfimizdən mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlanılır.