Pensiya və müavinətlərin vaxtında verilməsində heç bir problem olmayacaq
08:18 25-12-2015
CƏMİYYƏT
Nazir Səlim Müslümov: "Mütəxəssislərimiz istehlak səbətinin dəyərindəki dəyişikliyi öyrənir"
"İqtisadi proseslərin hansı istiqamətdə getməsi təbii ki, sosial sahəyə hər zaman təsir edir. Çünki, əsas olan iqtisadiyyatdır, sosial sahəsi onun törəməsi kimi çıxış edir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, son 12-13 ildə iqtisadiyyatın sürətli inkişafı hesabına Azərbaycan əhalisinin sosial rifahının yüksəldilməsi ilə bağlı çox böyük addımlar atılıb: "Bu ölkədə yoxsulluğun səviyyəsini kəskin şəkildə, 5%-ə qədər aşağı salmağa imkan verib. Çoxlu sayda iş yerləri açılıb, əmək haqqının insanın gəlirlərində rolu, gəlirlərin pul çəkisi artıb. Bütün bunlar təbii ki, davam edən proseslərdir. Burada söhbət əsasən gəlirlərin müxtəlif valyutalara nisbətdə dəyərliliyinin dəyişməsindən gedir. Manatın ABŞ dolları və avroya qarşı düşməsinin şahidi olmuşuq, biz bu prosesin içindəyik. Əsas olan odur ki, mövcud olan manat kütləsinə insanlarımız nəyi əldə edə biləcək. Biz çoxdandır ölkə iqtisadiyyatımızı dollardan xilas etməyə çalışırıq. Ölkə daxilində bütün proseslər uzun müddətdir ki, manatla həyata keçirilir. O cümlədən, istehlak səbətinə daxil olan malların ümumi dəyəri, müəyyənləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu günə əsas olan odur ki, sakitləşmə baş verməlidir və bundan sonra bu proses bazardakı qiymətlərdə müşahidə olunmalıdır. Bunun nəticəsinə əsasən istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir. Bu proseslər hazırda tərəfimizdən nəzarətdə saxlanılır, bizim mütəxəssislər bazarlarda müşahidə aparılırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, devalvasiyadan sonra Yeni il bayramının yaxınlaşması üst-üstə düşüb. Buna görə, Yeni il öncəsi bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək".
S.Müslümov deyib ki, müşahidələr növbəti ilin ilk ayında davam edəcək: "Bundan sonra əldə olunan nəticələr əsasında insanların gəlirləri, xüsusilə, aztəminatlı təbəqənin dövlət hesabına əldə etdiyi gəlirlərin pensiya və müavinətlər, ünvanlı sosial yardım və müxtəlif kompensasiyalar şəklində əldə etdiyi gəlirlərin nə qədər dəyərdən düşə bilmə ehtimalının, yaxud, faktiki olaraq, nə qədər dəyərdən düşdüyünü dəqiq mənzərəsini ortaya qoyacaq. Yalnız bunun əsasında növbəti addımların nədən ibarət olduğu barədə fikir söyləmək mümkün olacaq".
Nazir onu da bildirib ki, məzənnə siyasətinin dəyişməsi əhaliyə ödəniləcək pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə heç bir problem yaratmayacaq. S.Müslümovun sözlərinə görə, bunu ölkə başçısı İlham Əliyev bu gün gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın açılışında iştirakı zamanı da təsdiqləyib: "Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda bu gün mövcud olan iqtisadi potensial hökumətin öz üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında icra etməsinə imkan verir. Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq. Tam şəkildə icra olunacaq".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18