Xaricdə ali təhsil alanların bəziləri biliyə yox, sadəcə karton diploma sahibdirlər.

Unikal.org bildirir ki, bunu Milli.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.



Millət vəkilinin sözlərinə görə, ötən ay Milli Məclisdə xaricdə oxuyan tələbələrə möhlət hüququnun verilməsi ilə bağlı "Hərbi xidmət və hərbi vəzifə haqqında" Qanunda dəyişiklik edilib. Cəmi 8-9 ay öncə edilmiş dəyişiklik qanundan yenidən çıxarılıb: "Həmin vaxt belə bir fikir səslənmişdi ki, Azərbaycandan çoxlu sayda gənc Rusiya da daxil olmaqla, müxtəlif ölkələrə gedir və nəinki bizim tanımadığımız, hətta o ölkələrin özündə belə hüquqi status əldə etməmiş universitet və institutlara qəbul olunurlar. Bu isə əvvəla, 4 il sonra ölkənin hüquqi müstəvisi üçün onların diplomalarının tanınıb-tanınmaması ilə bağlı problem ortaya çıxarır. İkincisi, bu, Azərbaycandan külli miqdarda pulun kənara çıxması deməkdir. Üçüncüsü, həmin şəxslər 4 il hərbi xidmətdən kənarda qalırlar ki, bu da ölkənin ordu qüvvələrinin formalaşmasına mənfi təsir göstərir".



Z.Orucun fikrincə, bu məsələnin həll yolu dünyada qəbul olunmuş qaydada, hüquqi çərçivədə tapılmalıdır. Yəni bu məsələni fərdi seçimlərin öhdəsinə buraxmaq olmaz: "Əvvəllər Təhsil Nazirliyi qarşısında vəzifə qoyulmuşdu ki, dünyada mövcud olan və Azərbaycanın qəbul etdiyi ali məktəblərin siyahısını hazırlasın. Vətəndaşlarımız da seçim edərkən həmin siyahını nəzərə alırdılar. Dövlət tərəfindən maliyyələşmə 553 universitet üzərindən aparılırdı, şəxslərin öz vəsaitləri hesabına fərdi qaydada seçdikləri ali məktəblərin sayı isə minlərlədir. Həmin universitetlər TN tərəfindən tanınan ali təhsil müəssisələri olsaydı, bu heç kimə mane olmayacaqdı və deyilən problemlər də aradan qalxacaqdı.

Lakin qanuna edilən dəyişiklilklərdən sonra bu vəzifə nazirlikdən alındı və qanundan "təhsil nazirliyi" ifadəsi çıxarıldı. Yəni bundan sonra xaricdə təhsilə görə hərbi xidmətdən möhlət hüququ müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada həll olunur. İndi xaricdəki istənilən ali təhsil müəssisəsində oxumaq hərbi xidmətdən heç bir möhlət problemi doğurmur. Sadəcə həmin müəssisədən arayış və ya hansısa sənədin təqdim olunması yetər. Bunun üçün Təhsil Nazirliyindən hansısa rəyin alınması da artıq lazım deyil".



Ancaq millət vəkili hesab edir ki, dövlət tərəfindən tanınmayan ali məktəblərdən məzun olanların bilik səviyyəsi çox zaman qənaətbəxş olmur. Ona görə də əlində kağız parçası olan həs kəsə hərbi xidmətdən möhlət hüququ verilməməlidir: "İndi reallıqda vəziyyət ondan ibarətdir ki, indi hər kəsin fərdi seçiminə "yaşıl işıq" yandırılıb. Ancaq ümidvaram ki, bu məsələyə bir daha qayıdılacaq. Mən bu məsələnin qanunvericilik subyekti ilə bir daha müzakirə olunmasına çağırış etmişəm. Çünki biz istəyirik ki, savadlı, qabiliyyətli övladlar formalaşsın, onlar dövlət və ya özəl sektorda irəli çəkilə bilsinlər. Mənim fikrimcə, bir sıra saxta ali təhlsil müəssisələrindən, yaxud da təhsil turizmindən keçən şəxslər yalnız karton diplom daşıyıcısıdırlar.

Əgər imtahanlarda dövlət qulluğundan kənarda qalanların faiz nisbətinə baxsaq, görərik ki, xaricdə təhsil alanlar burada üstünlük təşkil edirlər. Təbii ki, burada söhbət dövlət hesabına oxuyanlardan getmir. Ona görə düşünürəm ki, bu məsələyə Azərbaycanın mənafeləri baxımından bir daha qayıdılmalıdır".