"Bu yerlərdə ilanı zəncirləsən də qalmaz
Havalar istiləşəndən sonra ilan sancması ilə bağlı xəbərlər də artmaqdadır.
Baş toksikoloq Azər Maqsudovun açıqlamasına görə, təkcə iyun ayında 14 nəfər ilan sancması ilə xəstəxanalara müraciət edib.
Bəs ilanların olduğu yeri necə müəyyən edək, onlardan necə qorunaq?
İlanlar niyə yayda fəallaşır?
Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya elmləri namizədi, Təvəkkül İsgəndərov Modern.az saytına deyib ki, havalar istiləşəndə ilan sancma hallarının artması normaldır:
"Artımı görənlər fikirləşirlər ki, səbəbkar, günahkar ilanlar, onların həddindən artıq fəallaşmasıdır. Əslində isə belə deyil. Doğrudur, ilanlar yay aylarında fəallaşır. Çünki, soyuq aylarda qış yuxusunda olurlar. Aprel ayından oktyabr ayına qədər onların aktivləşməsi müşahidə edilməyə başlayır. May ayında hava tam qızmadığı üçün torpağın üstü soyuq olur. Ona görə də mayda ilanlara daha çox gündüz rast gəlinir. İsti aylarda isə ilanlar axşam saat 19:00-dan sonra səhər saat 10:00-a qədər görünməyə başlayırlar. Bu müddətdə ilanlar yerdəyişmə edir, fəallaşır, özlərinə yem axtarmağa başlayırlar.
Sizi ilan sancıbsa, günahkar sizsiniz...
Direktorun sözlərinə görə, bütün sancmalara səbəb ilanlar deyil, onların gəzdiyi ərazilərdə fəallaşan insanlardır:
"Adamlar bağ-bostanla, meyvə-tərəvəz, təsərrüfat işlərilə bağlı olaraq əvvəllər getmədikləri yerlərə getməyə başlayır. Əvvəllər ilan olan yerlərdə insan olmazdısa, yay aylarında həmin ərazilərdə görünməyə başlayır.
Hazırda təsərrüfatla məşğul olanlar, gəzintiyə çıxanlar, ilan yaşayan təbii ərazilərə ekskursiya edənlər var.
İlanlar yem-kərtənkələ, müxtəlif siçanabənzər məməliləri, quş balalarını axtarmaq üçün onların arxasınca düşmürlər. Onlar kolun dibində, daşın altında pusqu qururlar. Bundan başqa iyulun 20-ə qədər ilanların yumurta qoymaq vaxtlarıdır.
İlanlar yem axtarmaq, sərinlənmək, yumurta qoymaq, səs-küylü yerlərdən uzaq olmaq üçün gizlənc yerləri axtarır. Bu yerlərin axtarışında ilanlar həmin ərazilərə bitişik kənd yerlərinə də gəlib çıxırlar. Əgər ilanın axtardığı yem, sərinlənmək üçün axtardığı gizlin yer bizim həyətimizdə varsa, o, mütləq gələcək.
Siçan, kərtənkələ, quş varsa, ilan, yemini axtara-axtara gəlib ora çıxacaq.
Bu yerdə yaşayan insanlar ilanlar barədə məlumatlı olmalı və ehtiyatlı davranmalıdır.
Bilməlidirlər ki, onların fəaliyyət göstərdiyi ərazi ilan üçün sığınacaq ola bilər. Ona görə də, yerə düşmüş bir şeyi qaldıranda əvvəlcə altını yoxlamaq lazımdır. Kolun-kosun, tərəvəz tağının dibinə əl uzatmazdan əvvəl ehtiyatlı davranmalıdır. Ola bilər ki, ilan sərinlənmək üçün ora girər və əl uzatdığımız zaman bizi sancar.
Bütün bu hallarda ilan ora insanı sancmaq üçün gəlmir. İlan sadaladığım səbəblərə görə ora gəlir. Səliqəli, abad, ovuc içi kimi təmiz yerdə ilanı zəncirləsən də, orda qalmayacaq. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül tökə, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz
Bu ərazilərdə gürzə daha çoxdur
T.Dadaşov bildirib ki, Azərbaycanın aran-düzənlik, dağətəyi ərazilərində, yarımsəhralarında gürzələr var:
"Ən çox yayıldığı yerlər Abşeron, Qobustan, Mil-Muğan, Şirvan, Qarabağ düzənlikləri, Dağüstü Qobustan, Altıağac yaylası, Samur-Dəvəçi ərazisi kimi isti, quraq iqlimli zonalardır.
Gürzə ən geniş yayılmış ilan növüdür. Ona görə də, sancmaların da çoxu gürzə ilanı tərəfindən baş verir. Gürzə Azərbaycanda olan 29 növ ilandan yalnız biri və zəhərli olanıdır. Qalanların hamısı zəhərsizdir, insan həyatı üçün təhlükə törətmir.
Gürzələrin olmadığı yer meşənin içi və Talış zonasıdır.