Prezident İlham Əliyev və xanımı açılış mərasimində
08:20 25-12-2015
CƏMİYYƏT
Ölkə başçısı xalqa mesaj verdi: "Sosial sahədə ixtisar olmayacaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.
Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. Qeyd edilib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb. Sonra dövlət başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi, xatirə şəkli çəkdirilib. Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış oldular. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak etdilər. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış oldular.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimi zamanı çıxış edib. O bildirib ki, Azərbaycanda yaşayan bütün əlillərin cəmiyyətdə fəal rol oynasınını çox istəyir. "Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin", – deyə ölkə başçısı əlavə edib.
Bu sahədə dövlətin öz üzərinə düşən vəzifəni icra etdiyini deyən İ. Əliyev bütün cəmiyyətin bu kimi təşəbbüslərə qoşulmasının vacibliyini vurğulayıb. "Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq".
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına 10 milyon manat əlavə vəsait ayrılıb: "Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıb".
İ. Əliyevin sözlərinə görə, neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək. "Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var", - deyə o qeyd edib.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:10:22
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22