Banqladeşdə 22 nəfərin ölümünə səbəb olan İŞİD terror hücumunu həyata keçirən döyüşçülərin tanınmış siyasətçi və iş adamlarının uşaqları olduğu ortaya çıxıb.
Xarici KİV xəbər verir ki, Dəkkədə ötən həftə əcnəbilərin getdiyi kafeyə olunan hücumla bağlı aparılan araşdırma ölkədə şok effekti yaradıb. Terroru planlaşdıran 6 gəncin məşhur ailənin oğlanları olduğu məlum olub. Xarici universitetlərdə təhsil alan gənclərin də bu təşkilata üzv olması İŞİD-ə sadəcə yoxsul gənclərin qoşulması ilə bağlı düşüncələri alt-üst edib.
Banqladeş rəsmiləri terrorçuların adlarını açıqlamaqdan imtina edib. Baş nazir hücumun İŞİD-lə əlaqəsi olmadığını desə də, terror təşkilatı baş verənlərin məsuliyyətini öz üzərinə götürüb və həmin gənclərin İŞİD bayrağı ilə çəkilən fotolarını paylaşıb.