Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu il keçirilən buraxılış imtahanlarında IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2 qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2 qiyməti alıb. Bu ildən etibarən dərs ilinin iyunun 14-dək uzadılmasına, təhsil sahəsində islahatların həyata keçirilməsinə baxmayaraq, bu qədər şagirdin "2 qiymət alması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Unikal.org-un məlumatına görə, təhsil eksperti Şahlar Əsgərov AzVision.az-a bildirib ki, buraxılış imtahanlarında 36 min şagirdin Ana dilindən, 43 minə yaxın şagirdin Riyaziyyatdan "2 alması təhsildə olan qüsurların nəticəsidir.

"Deməli, biz gənclərə Ana dilin öyrədə bilmirik, onlara yaxşı təhsil verə bilmirik. Bu rəqəmlər nəticədir. Müəllimlərin və dərsliklərin yaxşı olmaması bu nəticələrə gətirib çıxarır. Şagirdlərdə oxumağa həvəs yoxdur. Bundan əlavə məktəblərdə idarəetmədə qüsurlar var. Bunların qarşısı alınmasa, daha ciddi fəsadlar yarana bilər.

Təhsil eksperti vurğulayıb ki, dərs ilinin uzadılması, təhsilə yönəlik tədbirlər müəyyən mənada müsbət nəticəsini verib. "Statistikada bu qeyd edilib. 9 və 11-ci siniflərin nəticələrində keçən illə müqayisədə irəliləyişlər var. Amma təhsili 20 ilə pozub, bir ilə düzəltmək mümkün deyil. Bunun üçün uzun illərin qayğısına ehtiyac var. Təhsil istənilən dövlətin prioritet məsələsidir. Təhsili orta məktəblərdə keyfiyyətli, uşaqları gələcəyə hazırlamaq üçün verməliyik. Motivisiyasının böyük əhəmiyyəti var və bunu cəmiyyət etməlidir. Yaxşı oxuyan gəncləri təbliğ etməklə cəmiyyətə nümunə göstərməliyik, -deyə Ş.Əsgərov vurğulayıb.